İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin partiyadaşından Bakıya “etnik təmizləmə” ittihamı - nəyin mesajıdır...

Politoloq: “Rusiya tərəfi Zatulinlə bağlı, nəhayət ki, tədbir görmək haqda düşünməlidir”

Xəbər verildiyi kimi, İrəvanda yerli sakinlərdən biri (artıq həbs olunub - red.) 2-ci Dünya savaşı zamanı blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılan memoriala qarşı vandallıq edib. Öz əməlini isə o, az öncə Qarabağda ermənilərə qarşı heç bir etnik təmizləmə olmadığı haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə etiraz olaraq törətdiyini söyləyib. 

Olay haqda danışan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin İrəvan sakinini qınayıb və onu “başı xarab” adlandırıb. Amma eyni zamanda, erməniyə dəstək olaraq, “Qarabağda etnik təmizləmənin baş verdiyini” söyləyib. 

“Kim nə deyirsə desin, Qarabağda etnik təmizləmə faktı şübhəsizdir. Ən azı o mənada ki, Dağlıq Qarabağın bütün əhalisi öz vətəni olan torpaqdakı evlərini tərk edib”, - Zatulin sayıqlayıb. Bilə-bilə ki, ermənilər məhz öz xoşu ilə Qarabağı tərk ediblər. 

Zatulinin sıradan biri sayılmaz. Qeyd olunduğu kimi, Rusiya parlamentinin aşağı palatasında komitə sədrinin birinci müavini, Vladimir Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasından deputatı, onun təbliğatçılarından biridir. 

Sual yaranır: Rusiya XİN-in rəsmisi Mariya Zaxarova “Qarabağda etnik təmizləməyə aid heç bir fakt yoxdur” söyləyir, Putinin  partiyadaşı isə əksini deyir, indi bunu necə qəbul edək, Bakıya rəsmi siqnal, mesaj kimimi? 

İrəvanı “vuran” “iki stul” siyasəti - Rusiyada “üçlü format” reallaşmasa...

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Konstantin Zatulin bütün dövrlərdə anti-Azərbaycan mövqeyi ilə, qatı ermənipərəst bəyanatları ilə diqqəti cəlb eləyən, erməni lobbi təşkilatlarının maliyyəsinin təsiri altında olduğu qətiyyən şübhə doğurmayan korrupsiyalaşmış şəxsdir. Konstantin Zatulin 2-ci Dünya savaşı zamanı blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılan memoriala qarşı vandallıq edən ermənini “başı xarab” adlandırsa da əslində dolayısı ilə onun  müdafiəsinə qalxıb: “Çox maraqlıdır ki, Zatulin hətta Rusiyanın rəsmi mövqeyinə zidd, Rusiyanın Cənubi Qafqaz maraqlarına zidd açıqlamalar səsləndirib. Xüsusilə də Qarabağda ermənilərin etnik təmizləməyə məruz qalması ilə bağlı fikirlər səsləndirib və bu fikrini əks arqument qəbul etməyəcəyi ilə əsaslandırmağa çalışıb. Belə ki, çıxışı zamanı Zatulin açıq şəkildə ”kimin nə deməyindən asılı olmayaraq Qarabağda etnik təmizləmə faktı var və müzakirə oluna bilməz" kimi gülüş doğuran fikir səsləndirir. Bu, artıq Zatulinin nə qədər cılız hisslərlə yaşadığını, erməni lobbi təşkilatlarının maliyyəsindən nə qədər asılı olduğunu açıq şəkildə nümayiş etdirir. Biz zatən bu şəxsin erməni maraqlarına, kor-koranə şəkildə aldığı maliyyələrin təsiri ilə erməni maraqlarına xidmət etdiyini 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə dəfələrlə müşahidə etmişik. Ona görə də indiki açıqlaması heç təəccüblə qarşılanmır. Amma Rusiyada hakim partiyanın nümayəndəsi olan, Dövlət Dumasında yüksək vəzifə tutan bir şəxsin Rusiya dövlət siyasətinə əks, Rusiyanın Cənubi Qafqaz maraqları ilə ziddiyyət təşkil eləyən bir mövqe sərgiləməsi hesab edirəm ki, kifayət qədər düşündürücüdür. Rusiya tərəfi bununla bağlı nəhayət ki, tədbir görmək haqda düşünməlidir. Çünki Zatulin kimilərinin belə sərsəm, belə qərəzli, reallıqlara qətiyyən uyğun olmayan fikirlər səsləndirməsi 22 fevarl 2022-ci ildə imzalanmış Rusiya və Azərbaycan arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran və dövlətlər arasındakı münasibətlərə yeni bir mərhələ gətirən müqaviləyə də ziddir. Bu, həm də iki dövlətin lideləri arasındakı dostluq və səmimi  münasibətlərin ruhuna da tamamilə ziddir. Zatulin Rusiya və Azərbaycan arasında əlaqələrə, xoş münasibətlərə mənfi təsir göstərir. Ona görə də Rusiya rəsmi qurumları tərəfindən bu məsələyə ciddi bir münasibət ortaya qoyulmalı və reaksiya verilməlidir".

Politoloq hesab edir ki, Zatulin kimisinin çağırışları Azərbaycan cəmiyyətində proseslərə bir daha xüsusilə ayıq yanaşmağı tələb edir. Zatulin kimilərinin çıxışları Azərbaycanın əldə etdiyi uğurlarla dünyanın bir çox qüvvələrinin, ayrı-ayrı cəbhələri təmsil edən qüvvələrin barışmaq istəmədiyini nümayiş etdirir. Bu eyni zamanda Ermənistan kimi revanşizmə, işğala, terrora meylli cəmiyyətlərdə revanşizm düşüncələrinin inkişaf etməsinə, alovlanmasına xidmət edir: “Belə açıqlamalar həm də Qərb paytaxtlarından da sələndirilir ki, bu da Ermənistan cəmiyyətində yanlış təsəvvürlərin formalaşmasına, revanşist düşüncələrin yenidən alovlanmasına xidmət etmiş olur ki, burada başlıca hədəf bölgənin yenidən qarışdırılması, yenidən münaqişə ocağına çevrilməsi və həmin qüvvələrin özlərinin çirkin maraqlarını həyata keçirməkdir. Buna qarşı Azərbaycan dövlətinin mövqeyi birmənalı və qətiyyətlidir. Xalqımızın da mövqeyi dövlətimizin mövqeyi ilə tamamilə üst-üstə düşür. Bu mənada biz Rusiyanın rəsmi qurumlarından müvafiq izahatın verilməsini tələb etməliyik. İzahatları gözlədiyimizi çatdırmalıyıq ki, Zatulinin məlum mövqeyinə Rusiya dövlətinin münasibəti necədir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR