İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin iqtisadi ittifaqı” təhdid altında - yenə ermənilər...

Nikol Paşinyan Sankt-Peterburqa getməmək üçün “baza” yaradır; Rusiya prezidenti onu həbs etdirmək istəyən baş naziri bağrına basacaqmı?

Son aylar İrəvanla Moskva arasında soyuq küləklər əsməkdədir. Baş nazir Nikol Paşinyanın, nəhayət, Rusiyanın qatılacağı tədbirdə iştirak edəcəyi barədə anonsdan dərhal sonra iki ölkə arasında münasibətləri tormozlaya biləcək daha bir məlumat yayıldı.

Məlumata görə, Ermənistan Rusiya tərəfdən Yuxarı Lars nəzarət buraxılış məntəqəsindən yükləri qəbul edilmədiyi üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbədənkənar toplantısını çağırıb. TASS xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib. “Biz Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən dərc edilmiş materialları götürmüşük. Onları ararşdırırıq", nazir qeyd edib. Onun sözlərinə görə, Ermənistan məhsullarının Rusiya Federasiyasında mövcud standartlara nə qədər uyğun gəlmədiyini araşdırır: “Qəribədir ki, bütün il ərzində cəmi 35 avtomobil, sonra isə iki gündə 35 avtomobil geri qaytarılır”. O qeyd edib ki, bu müddət ərzində məhsulun keyfiyyəti dəyişməyib: “Bu məsələlərə aydınlıq gətirilməsi üçün 2 gün ərzində Aİİ-nin təcili müşavirəsini çağırırıq”.

Son məlumata görə, Yuxarı Lars keçid məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar 3 400-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir. “Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb. Qeyd olunur ki, “yaşıl zona”da 250 avtomobil dayanıb və onların Yuxarı Larsdan keçmək üçün 12 saat vaxtı var. Bu gün Rusiya tərəfdən Gürcüstana ümumilikdə 3380 yük maşınının daxil olacağı gözlənilir. Xatırladaq ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və temperaturun aşağı olması səbəbindən Gürcüstan-Rusiya sərhədi, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan edilib. Eyni zamanda Rusiya Ermənistandan göndərilən malların, hətta güllərin fitosanitar qaydalara cavab vermədiyini əsas gətirib geri qaytarır. Rusiya və Ermənistan arasında cari il ərzində nota “mübadiləsi”nin baş verməsindən sonra növbəti “ilk”lər müşahidə olunmaqdadır.

Yeri gəlmişkən, iki gün öncə Kremlin sözçüsü Dmitri Peskov Paşinyanın Rusiya səfəri ilə bağlı maraqlı açıqlama vermişdi. Bildirmişdi ki, hazırda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas planı yoxdur. Ancaq onun sözlərinə görə, Paşinyan dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə gəlsə, bu, iki lider arasında dialoq üçün əla fürsət olacaq. Belə bir görüşün Putinin planlarında olub-olmaması sualına cavabında isə Peskov “Hazırda, yox” cavabını vermişdi.

Kremlin sözçüsünün dediklərindən belə aydın olur ki, Putinin Paşinyanla görüşməkdən ötrü “ürəyi getmir”. Əslində başqa necə olmalı idi? Paşinyan Roma Statutunu təsdiqləməklə Rusiya prezidentini həbs etmək üçün ölkəsində əsaslar yaradıb. Bunun ardınca Putin onu necə bağrına bassın? Lap Məşədi İbadın “mənə meymun deməyin bəs deyil, hələ bir əl də verirsən” sözlərini xatırladır. Üstəlik, Ermənistanın Yuxarı Larsla bağlı Rusiyanı Aİİ çərçivəsində də mühakimə etmək cəhdi Kremldə əlavə qıcıq yarada bilər.

Qeyd edək ki, KTMT-də fəaliyyətini faktiki dondurmasına da Ermənistan bu cür həmlələrlə başlamışdı. İndi Ermənistan “Putinin iqtisadi ittifaqı”nı bəhanə ilə hədəfə alır. Proses nəyə doğru gedir? Ermənistanın bu dəfə Aİİ-ni hədəf almaqda məqsədi nədir?

Sahib Alıyev: Bayrağımızın yandırılması Azərbaycana qarşı dövlət  səviyyəsində yürüdülən nifrət siyasətinin təsdiqidir

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, burada Avrasiya İqtisadi İttifaqını (Aİİ) hədəfə almaqdan söhbət getmir: “Bu qurumda təmsil olunmaqdan faydalanmaqla Ermənistan Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin əl-qolunu bağlamağa çalışır. Yəni bu, Yuxarı Lars nəzarət buraxılış məntəqəsində yaranmış vəziyyətə verilən situativ reaksiyadır. Yəni bu, Rusiya ilə institutsional əlaqələrin qırılmasına yönəlik növbəti addım deyil. Aİİ-yə yanaşmada bu addım o zaman atılacaq ki, Rusiya kapitalının Ermənistandan çıxarılmasında mühüm nəticələr əldə edilsin. Hələlik orada bu prosesə təzə-təzə başlanır. Burada mühüm addımlar isə məhz gələn ilin yaz-yayına planlaşdırılan parlament seçkisindən sonra reallaşdırıla bilər. Xatırladım ki, belə bir seçkinin keçirilməsi ideyasının arxasında Qərb durur ki, bunda da məqsəd indi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsindən faydalanaraq Moskvaya bağlı qüvvələri tamamilə siyasi səhnədən silməkdir. Bax, məhz bundan sonra həm KTMT və Ermənistandakı Rusiya hərbi bazasının oradan çıxarılması ilə bağlı açıq tələblər səslənə, həm də Aİİ üzvlüyünə son qoyula bilər ki, bu da həlli elə də asan olmayan, Nikol Paşiyan üçün böyük təhlükə vəd edən planlardır. Yeri gəlmişkən, ötən axşamdan Ermənistandan gedən yüklər artıq Rusyaya buraxılmağa başlanıb".

Proseslər nə vəd edir? Bu gedişlə Paşinyan Rusiyaya gedəcəkmi və Putinlə görüşə biləcəkmi? S.Alıyev: “Bəli, gedəcək. Paşinyan, hər halda, bilməmiş deyil ki, Ermənistanın son iki ildə sərgilədiyi "iqtisadi möcüzə"nin arxasında Qərbin Rusiyaya satışına qadağa qoyduğu malların onun ölkəsinin həmin Qərbdən alaraq, üstünə də öz faizini qoyub satması durur. Ümumiyyətlə, Ermənistanın Rusiya ilə iqtisadi bağları qırması hazırda nə Ermənistana, nə də qərbdəkilərə əl verir".

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirdi ki, Rusiya ilə Ermənistan arasında kifayət qədər gərginlik var və Rusiya Ermənistan vasitəsilə Qərbin ona basqılarını önləmək tədbirləri görməkdədir: “Rusiya Ermənistanı öz təsir dairəsindən çıxmağa imkan verməyən həm iqtisadi, həm də hərbi rıçaqları hələ də əlində saxlamaqdadır. Avrasiya İqtisadi İttifaqının toplantısına qatılmamaq kimi cəsarət nümayiş etdirən Ermənistan vəziyyəti daha da gərginləşdirmək yolu tutub. Gürcüstanın Avropa İttifaqına namizəd kimi qeydə alınmasından sonra Ermənistan rəhbərliyi düşünür ki, Rusiyadan qopmağın yolu iqtisadi ittifaqlarda iştirakının dəyişdirilməsi ola bilər. Amma Rusiya istəməsə, Ermənistanın Rusiyadan qopmaq tədbirlərinin heç biri həyata keçə bilməz. Ermənistan iqtisadi olaraq Rusiyadan asılı durumdadır. Ermənistanın dəmir yolu sistemi, enerji və qaz sahələri Rusiyanın əlindədir, bir çox sahələr hətta Rusiyanın mülkiyyətidir. Məsələn, Ermənistan Rusiyadan icazə almadan ərazisindəki dəmir yollarında bir rels belə, dəyişdirə bilməz”. Q.Çaxmaqlı qeyd etdi ki, Yuxarı Larsdan Rusiyaya Ermənistanın yüklərinin daşınması da bu təsir rıçaqlarından biridir: “Qış aylarında bu yol tamamilə bağlı olur. Hələ qış gəlməmiş Ermənistan mallarının bu yolda ləngidilməsi və buraxılmaması özü Ermənistana təzyiqlərdən biridir. Ermənistan belə bir ”havaya girib" ki, Rusiyaya qarşı bəzi addımları atmaqla Qərbin daha çox dəstəyini ala biləcək. Kremlin başını çəkdiyi KTMT ilə bağlı atdığı addımlar və bu təşkilatın işində nümayişkaranə iştirak etməməsinin Rusiya tərəfindən xoş qarşılanmadığı görünməkdədir. KTMT-dən Ermənistanın çıxması məsələsi bu təşkilatın imicinə ağır zərbə olacağını anlayan Rusiya Ermənistanı digər üsullarla özünə tabe etmək istəyir. Ötən gün belə bir məlumat da müzakirə edilmişdi ki, Metsamor Atom Elektrik Stansiyasının da işlədilməsi ilə bağlı Rusiyanın planları var və onun bağlanması məsələsi gündəmə gətirilməkdədir. Metsamoru Rusiya qapatmağa doğru addımlar atarsa, Ermənistanın enerji sistemi ağır duruma gələ bilər, Rusiya Ermənistana verilən qazın qiymətinə baxmağı düşünür və bütün bunlar Rusiyadan asılı iqtisadiyyata sahib ölkə üçün yeni bir krizisi ortaya qoyacaq". Ekspert Ermənistandakı təşvişin bir səbəbini də açıqladı: “Ermənistanda deyirlər ki, Rusiyanın bu addımlarının, məsələn, Yuxarı Larsdan yüklərin daşınmasını əngəlləmək kimi tədbirlərin səbəbi Ermənistanın Zəngəzur koridoru ilə bağlı planlarıdır və Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya üçün Zəngəzur daha çox önəm kəsb edir. Ermənistanın Rusiyanın hərbi ittifaqını və iqtisadi sistemini hədəf alan siyasi addımları şübhəsiz ki, Rusiyanı tədbirlər görməyə sövq edəcək. Ermənistanda bəzi siyasilər qorxurlar ki, Rusiyanın hazırlayacağı cəza tədbirləri bu dövlətin sonunu gətirə bilər. Paşinyanın dekabrda Rusiyaya səfəri zamanı Rusiya ilə Ermənistan arasındakı gərginliyin azaldılmasına çalışılacaq. Amma inanmıram ki, Ermənistan əfv olunsun”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılovun fikrincə, Ermənistan hiyləgər Qərb planının aləti olmağa davam edir: “Əslində məsələ bəlli və aydındır: Ermənistan Qərbin təkidi ilə Rusiya patronajlığındakı layihələri sabotaj edir. Guya Ermənistan bilmirdi  ki, Rusiyaya qarşı bu demarşlar Ermənistanın iqtisadi baxımdan zəifləməsi ilə nəticələnəcək? İndi Ermənistan bir daşla iki quş vurmaq istəyir. Həm KTMT-ni gözdən salır, həm də Aİİ ilə əlaqələrini şübhələndirməyə çalışır. Proses tam ziddiyyətlərə doğru gedir, Ermənistan Qərbə mesaj verəcək ki, o, KTMT və Aİİ ilə yollarını ayırıb, Gümrüdəki bazanı bağlamaq istəyir, amma Rusiyaya gücü çatmır. Ermənistan ərazilərində təhlükəli oyunlar gedir və Rusiya bunu soyuqqanlı müşahidə etməyəcək”.

T.İsmayılov hesab edir ki, Paşinyan qarşıdakı günlərdə Rusiyaya səfər çərçivəsində prezident Putinlə görüşə bilər: “Ermənistanın baş naziri müstəqil şəxs deyil. Ona görə də nə qədər Sorosun agenti olsa da, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyanın əlindədir. Rusiya Yuxarı Lars yolu ilə bağlı balaca bir təzyiq edən kimi Ermənistan geri addım atıb, Aİİ-dən çıxmaqla bağlı şantaj edir. Putin və Paşinyan görüşsə belə, bu görüş gərgin notlarla müşayiət olunacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR