İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin ittifaqı”na üzvlük yenə gündəmdə - tərəddüdün səbəbi...  

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə indilikdə qoşulmaq planı yoxdur, lakin gələcəkdə nəzərdən keçirilə bilər - bu platformada iştirak bizə nə qazandıracaq?

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi zaman-zaman gündəmə gəlir. Ekspertlər səviyyəsində müxtəlif fikirlər səsləndirilsə də, Rusiyanın siyasi dairələrinin bununla bağlı rəsmi mövqeyi bəllidir: Azərbaycanı birlikdə görmək... Dəfələrlə istər Rusiya xarici işlər naziri, istərsə də parlament səviyyəsində Moskvanın Bakını Avrasiya İttifaqında görmək istəyi dilə gətirilib. 

“Bəli, biz həqiqətən də həm Prezident, həm də baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Mən bir dəfə fəxri qonaq qismində belə tədbirdə iştirak etmişəm və əslində Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var. Yəni bizim üçün bu ölkələr qrupu qeyri-adi deyil, biz onları çox yaxşı tanıyırıq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən  beynəlxalq forumda Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Alman İnstitutunun dosenti Daria İsaçenkonun sualını cavablandırarkən deyib.

Prezident  Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planları haqda danışıb: “Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik”.

İlham Əliyev Avrasiya İqtisadi İttifaqının üzvləri arasında yaşanan fikir ayrılıqlarına da toxunub: “Bizdə olan məlumata görə, üzv dövlətlər arasında vaxtaşırı iqtisadi fikir ayrılıqları meydana gəlir və dediyim kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə bizim çox yaxşı münasibətlərimiz, o cümlədən iqtisadi əlaqələrimiz var. Biz çəkişmə vəziyyətində olmaq və ya iqtisadi tərəfdaşlarımıza xələl gətirə biləcək addımlar atmaq məcburiyyətində qalmaq istəmirik. Bir daha təkrar edirəm ki, beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığımız bütün addımlar hər zaman praqmatizmə əsaslanıb. Bunu Qoşulmama Hərəkatına üzvlüyümüzlə bağlı da söyləyə bilərəm. Biz 10 ildən bir az artıqdır ki, Qoşulmama Hərəkatına üzv olmuşuq. Bu, düşünülmüş və düzgün təhlil edilmiş addım idi. Bundan sonra biz bu təsisatda sədrliyi öz üzərimizə götürdük, imkanlarımızı nümayiş etdirdik və çoxsaylı dostlar qazandıq”.

Prezident deyib ki, Azərbaycanın hazırda Avrasiya İqtisadi İttifaqına üzv olmaq planları yoxdur: “Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanı verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir”.

Şübhə yoxdur ki, Azərbaycan Aİİ üçün cəlbedicidir və ölkəmizin uğurları ilə yanaşı, bu marağın artması təbiidir. Ümumiyyətlə, Rusiya hər zaman Azərbaycanın iqtisadi potensialını nəzərə alaraq, onun Avrasiya İqtisadi İttifaqına üzv olmasına çalışıb. Eyni zamanda Azərbaycan Rusiya və bu ittifaqa üzv olan bəzi ölkələrlə iqtisadi sahədə əməkdaşlıq edir. Rus strateqləri Avrasiya İqtisadi İttifaqının potensialının güclənməsində Azərbaycanı əhəmiyyətli ölkə hesab edirlər. Bununla belə, bunun ölkəmiz üçün nə dərəcədə faydalı olması ilə bağlı şübhələr də var. Hər hansı iqtisadi bloka qoşularkən, onun səmərəliliyi və effektivliyi, ən əsası onun iqtisadi inkişafa və sabitliyə verəcək təsir imkanları nəzərə alınmalıdır. Bəzi ekspertlərə görə, Avrasiya İqtisadi İttifaqı geniş potensiala malik olan, iqtisadi perspektivlik vəd edən bir blok deyil. Belə olan halda, Azərbaycanın bu ittifaqa qoşulması da arzuolunan deyil. Azərbaycan bu ittifaqla yalnız hər hansı formada əməkdaşlıq edə bilər". Bundan əlavə, Azərbaycan Avropa İttifaqı ilə iqtisadi əlaqələrini yaxşılaşdırmaqdadır. 

Natiq Cəfərli: "İnsanlar təkcə Prezidentə yox, Ali Baş Komandana səs  verdilər, o, bunu haqq edirdi..." Pravda.az

 Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın idxal-ixrac əməliyyatlarına baxanda Aİİ-yə üzv ölkələr 13-14 faiz təşkil edir, amma Avropa Birliyi ilə bu rəqəm 51 faizdir: “Bura İsveçrə, İsraili də əlavə etsək, ixrac-idxal əməliyyatları 75 faiz edir. İdxala baxanda isə Rusiyadan alınan məhsulların çox olduğunu görməkdəyik ki, bu da cəmi 17-18 faiz təşkil edir. Məsələn, bizim Çindən ümumi idxalın faizi 20 faiz olub. Bu mənada Avrasiya İqtisadi Birliyinə üzv olmaq bizə əlavə divident qazandırmır”. N.Cəfərlinin fikrincə, onu da nəzərə almaq lazımdır ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin, o cümlədən Gömrük İttifaqının üzvüdür: “Bizim isə İrəvanla sülh müqaviləmiz yoxdur deyə ticarət dövriyyəsi mümkün deyil. Üstəlik, bu bloka qoşulmaq Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycana da problem yarada bilər. Bu gün Qazaxıstan və digər ölkələr çalışırlar ki, sanksiyalarla üzləşməsinlər. Təşkilata gələcəkdə qoşulmağa baxılmasına gəlincə, bu, dünyada siyasi konyukturanın dəyişməsindən, Ermənistanla sülh sənədinin imzalanmasından, Rusiyaya qoyulan sanksiyaların ləğv edilməsindən asılıdır. O da uzun zaman tələb edən məsələlərdir”. 

Avrasiya İqtisadi Birliyi 29 may, 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. MDB azad ticarət zonası (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna) iştirakçı dövlətlər arasında, bir neçə istisnalar olmaqla, azad ticarət təklif edir. İnteqrasiyanın əvvəlki mərhələlərindən fərqli olaraq, Aİİ mümkün ən güclü iqtisadi inteqrasiya olan ümumi ticarət, pul və büdcə siyasəti yaratmaq məqsədi daşıyır. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR