İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror “Quska”ya ağır cəza tələb etdi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə Hüseyn Abdullayev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsi ilə  qatılıb. Məhkəmədə Hüseyn Abdullayevin Prezident İlham Əliyevə müraciət etdiyi məlum olub. Məhkəmə istintaqı yeniləndiyi üçün müraciət məhkəmədə elan olunub. Hüseyn Abdullayev müraciətində səhhətindəki problemlər, həbsxana divarlarında çəkdiyi əziyyət və yaşlı anasının düşdüyü durumdan bəhs edib.

“Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və 6 il 4 divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən olub. Ötən müddət ərzində anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib. Mən həyatımı şüurlu şəkildə Ulu Öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Ondan sonrakı dönəmlərdə də mən fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, sizə xidmət etmiş olmuşam. Lakin bəzi insanların fitnəkarlığı nəticəsində mənim düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə yaranmış qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları, həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm” - müraciətdə deyilir.

Hüseyn Abdullayev həbsdən azad olunmasını xahiş edib.

Dövlət ittihamçısı müraciətlə bağlı ona suallar verib. Hüseyn Abdullayev ittiham üzrə özünü təqsirli bilməyib:

"Mən özümü təqsirli bilmirəm. Mənim günahım yoxdur. Qanunsuz iş görməmişəm. Başqa nə deyim, axı? Dövlətimizə hər zaman sadiq olmuşam. Əlavə heç nə demək istəmirəm".

Bundan sonra məhkəmə istintaqının yekunlaşıb. Prokuror çıxışında Hüseyn Abdullayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5 milyon 500 min manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.

 Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hakim Abdullayevin nəzərinə çatdırıb ki, təqsirli bilinərsə, 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2024-cü ilin martında həmin müddət sona çatsa da, yeni cinayət işinə görə Hüseyn Abdullayev azadlığa buraxılmayıb.

Proses fevralın 13-də davam edəcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR