İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin mesajları – “Tariximizi unutmamalıyıq, qayıdışa hazırlaşmalıyıq”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iki gün öncə, dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşüb.

Son illərdə öz doğum gününü qaçqınlar və köçünlərlər, əsgərlərlə keçirən dövlət başçısının bu dəfə vaxtilə Ermənistan ərazisində doğulub-böyümüş ziyalılarla görüşməsi simvolik məna daşıyırdı.
Sözügedən görüşdə Prezident ətraflı çıxış edib və bir sıra mesajlar verib. Onun çıxışının əsas qayəsi belə olub ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Xalqın tarixi yaddaşının doğma torpaqlarımıza olan sevgini hər zaman qoruduğunu qeyd edən Prezident bildirib ki, bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməyiblər: “Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil”.

Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu, bunun bir çox tarixi sənədlərlə, tarixi xəritələrlə təsdiqləndiyini bildirən dövlət başçısı bildirib ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır, hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir: “Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər”.

Ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan etdiklərini, azərbaycanlıların tarixi irsini silmək istədiklərini, ancaq buna nail ola bilmədiklərini qeyd edən Prezident Qərbi Azərbaycan İcmasının binasında nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritəyə istinad edərək deyib: “Bu bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzurun da Ermənistana birləşdirilməsini, bunun xalqımıza qarşı növbəti cinayət olduğunu deyən prezident əlavə edib ki, bu, həm də Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.

777.jpg (314 KB)

Prezident İlham Əliyev 1948-1953-cü illərdə xalqımızın növbəti deportasiyaya məruz qalması məsələsinə də toxunub: “Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi”
Dövlət başçısı müvafiq fikirlərini davam etdirərək deyib: “1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Sovet hökumətinin gözünün önündə baş vermiş cinayətlər. Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı”.

Dövlət başçısı Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsinin tarixi hadisə olmasından və Azərbaycan durduqca bunun Azərbaycan tarixində qalacağından bəhs edərək deyib ki, bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır: “Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz”.

Prezident bu gün Laçın yolunda baş verən hadisələrin növbəti anti-Azərbaycan isterikasına səbəb olması məsələsinə də toxunub və deyib: “Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır”.

Azərbaycan lideri Qərbi Azərbaycan İcmasının mötəbər bir rəqəmsal platforması yaradılmalı olduğunu qarşıya vəzifə kimi qoyaraq deyib: “Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.

Bundan başqa, Prezident vurğulayıb ki, Qayıdış Konsepsiyası hazırlanmalıdır: “Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR