Onlayn ictimai-siyasi qəzet
Sosial medianın Azərbaycan seqmenti Qazaxın (anklav olmayan) 4 kəndinin Azərbaycanın qutsal bayrağı altına qaytarılması - işğaldan qurtuluşunun qətiləşməsi barədə xoş xəbərlərlə aşıb-daşır.
Gözün aydın, Qazax!
Gözün aydın, Azərbaycan!
Gözün aydın, Türk dünyası!
Gözünüz aydın, ey, haqq deyənlər, haqqa inananlar!
Qürurluyuq!
Uğur uğur gətirir,
zəfər zəfərə calanır,
ümidlər inama çevrilir,
çaylar ümmana dönür!
Gəlin bu yerdə apreldən - fevrala, Qazaxdan - Xocalıya keçid edək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 26 fevralda Xocalıda Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən belə deyirdi:
“Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik”.
Bax, bu formulu Qazaxın kəndlərinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının) qaytarılmasına, ümumən son illərdəki möcüzəvi uğurlarımızın hər birinə şamil edə bilərik. - Dövlət baba ölçür-biçirdi, öncədən bilirdi, görürdü… amma ictimaiyyətə açıqlamırdı. Niyə? - Cavab bəllidir: hər sözün öz vaxtı, hər vaxtın öz sözü vardır.
Biz cırtdan Ermənistanla mübarizə aparmırdıq, o cırtdanın arxasında böyük güclər durduğu heç kəsə sirr deyil. Heç kəsə sirr deyil ki, onillər boyu ikili standartlarla üz-üzə qalmışıq; işğalçı ilə işğala uğrayanın eyni tutulduğunun şahidi olmuşuq…
Örnəyi, XXl yüzilin azsaylı müstəmləkəçi dövlətlərindən biri olan Fransanın öz kiçik bacısının ifrat qayğısına qaldığını görməyən varmı?
Guya ATƏT-in keçmiş Minsk Qrupunun digər həmsədrləri Ermənistana Fransadan azmı dəstək durub? Hətta, ABŞ işğalçı Ermənistan dura-dura, işğala uğrayan Azərbaycanı “Azadlığı müdafiə aktı”na bədnam “907-ci düzəliş” ilə üz-üzə qoymadımı? Rusiya isə Ermənistanı zatən öz forpostu kimi qullanırdı.
(Bu cümlələrdəki keçmiş zaman şəkilçilərini çağdaş zamanlama ilə də dəyişmək olar)…
Onu da xatırlayırıq ki, ayrı-ayrı vaxtlarda ayrı-ayrı dövlətlərin, beynəlxalq qurumların rəsmiləri çox qəbuledilməz sözlər söyləyirdi. Rusiyanın Xarici işlər naziri Lavrov “Qarabağ Azərbaycanın daxili işi deyil” şəklində bir uyğunsuz cümlə qurmuşdu; Rumıniya parlamentinin vitse-spikeri “Siz Qarabağı qaytarmağa qalxışsanız, bu, hərbi təcavüz sayılacaq” kimi bir yöndəmsiz bəyanda bulunmuşdu. Uzun sözün qısası, bizi “müharibənin nəticəsində yaranmış reallıqlar”la barışmağa, “status-kvo”nu qəbul etməyə, Ermənistanın davamlı pozduğu “atəşkəs”ə əbədi əməl etməyə və s. sövq edirdilər (öz ağıllarınca).
Bəs biz xarici təzyiqlərdən, əlverişsiz beynəlxalq “çağırış”lardan necə sıyrıldıq çıxdıq? Necə oldu ki, biz işğalın acı nəticələri ilə barışmadıq və haqqımız olanı aldıq, hüququmuz olanı etdik?!.
Bu uğurlar Prezident Əliyevin prinsipiallığının, uzaqgörənliyinin, qətiyyətinin təntənəsidir!
Bu, İlham Əliyevin uğur formuludur!
İlham Əliyev Dövlət-Xalq birliyinin - Dəmir Yumruğun memarıdır!
Dövlət başçısı alovlu vətənpərvər olanda belə olur!
Xalqa arxalanan, haqqa güvənən liderin Zəfər qazanması mütləqdir!
Bəli, Dövlət-Xalq birliyi xarüqələr yaradır!
“Bu işlər necə oldu?” deyə baş-beyinlərini tökənlər, bəlkə (Allah bilir) kədərə bürünənlər dəxi vardır - onlar ona görə çalvurmadadırlar ki, Zəfəri, uğur ardınca uğuru, qələbəni Prezident Əliyevə (öz ağıllarınca) yaraşdırmırdılar; inanmırdılar yaxud inamı yaxın buraxmırdılar - budur, onların siyasi ambissiyalarının, yaramaz iddialarının çürüklüyü bir daha tam gün üzünə çıxdı.
Siyasi-mənəvi iflasın tam içinə düşən kəslər Prezidentin uğurlarını sinirə bilmir. Yazıqlar olsun!
Bəli, rus sülhməramsızlarının Qarabağdan çıxışının başlanmasının ardınca Qazaxın 4 kəndi qaytarılır.
Özü də qəti minnət götürmürük - çün, qaytarmaya bilməzdilər (qaytarmaya bilmədilər)! Dəmir Yumruq yerindədir! - Bəzi dövlətlərin ərazisi boyda olan 9 şəhər, 300 kəndimizi 44 günə, yerdə qalan şəhər və kəndlərimizi isə 24 saatdan qısa müddətə azad edən siyasi iradə, hərbi güc 4 kəndi bir göz qırpımında azad edə bilməzdimi? Bal kimi edərdi!
Yəni uhulət-suhulət, toxtaqlıq öz nəticəsini verdi!
4 qeyri-anklav kəndimizin bir güllə atılmadan, qan tökülmədən öz bayrağımız altına qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin növbəti parlaq uğuru - qələbəsidir! - Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğalda olan hissələrinin 44 günlük müharibədə qazandığımız Zəfərdən dərhal sonra (Ermənistanın öz üzərinə götürmək zorunda qaldığı öhdəliklərə uyğun şəkildə) qaytarıldığı kimi!
Nə zamanki öhdəliklərdən boyun qaçırdılar, nə vaxtki əvəzçıxma azarına tutuldular Dəmir Yumruq öz kəramətini bir daha göstərdi və sahədə səliqə-sahman yarandı.
Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezident Əliyevin son illər qazandığı parlaq uğurlardan daha biri - növbətisidir.
İlham Əliyev deyir və edir!
İlham Əliyev demədiklərini də edir - Lider var - dediyini edə bilmir; lider var - demədiyini də edir!
İlham Əliyev nəyi nə zaman necə etmək gərək olduğunu əla bilir! - Bunu bir daha gördük!
İlham Əliyev uğuru uğura caladı, xalqın bükülü belini dikəltdi!
Artıq xalq öz liderindən növbəti müjdələr gözləməyə öyrəncəlidir. Belə mübarək öyrəncəliyə ellikcə varıq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ