İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən son və qəti söz - “Xankəndiyə geri dönmək istəyənlər...”

Onlar “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər - şərtlər bəlli, seçim özlərinin...; partiya sədri: “Əksəriyyəti Avropaya, Rusiyaya köç edir”

“Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri - red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər”. 

“Yeni Müsavat” xatırladır ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına son müsahibəsində deyib. Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlət başçısı bildirib: “Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar "dağlıq qarabağ respublikasında" yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər". 

Bəs bu açıqlamalardan sonra ermənilər qayıdacaqlarımı, yoxsa tədricən Avropaya, Rusiyaya çıxıb getməyi üstün tutacaqlar? 

“Dağlıq qarabağ”ın ləğvi qaçılmaz idi". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Deyirlər ki, o vaxt "Dağlıq qarabağ"ın indiki hakimiyyəti (2023-cü ilin payızında) Dağlıq Qarabağı ləğv edib. Amma əslində proses 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu", - deyə Ermənistanın baş naziri vurğulayıb. Paşinyan bildirib ki, indiki hakimiyyətin təqsiri odur ki, onlar xalqla bu barədə danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib: “Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistana və xalqına 30 il əvvəl həll olunmayan bir problemə, sadəcə, vaxt itirmək, resurs sərf etdiyimizi bildirmək demək idi”.

Elşad Musayev: Siyasi partiyaların fəaliyyəti yalnız bir istiqamətə -  Azərbaycan dövlətinə, ordusuna dəstəyə yönəlməlidir

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Prezident ölkənin mövqeyini aydın surətdə ermənilərin diqqətinə çatdırdı: “Onlara elə gəlirdi ki, Qarabağda "artsax" adlı qondarma respublikada yaşayacaqlar. Belə uydurma respublika mövcud ola bilməzdi. Ölkənin digər bölgələrində insanlar necə yaşayırlar, Xankəndidə, Ağdərədə də elə yaşamalıdırlar. Sadəcə, ermənilərin 30 il beynini zəhərlədilər, indi isə yuxudan oyanıblar. Bu adamlar Azərbaycan ərazisində dövlət içində dövlət qurmaq xəyalına qapılmışdılar. Amma beynəlxalq hüquq və ölkə qanunları bunu qadağan edir". Partiya sədri əlavə etdi ki, onların Qarabağa qayıdacağına inanmır: “Əksəriyyəti Avropaya, Rusiyaya köç edir. Qərbi azərbaycanlılar da öz tarixi torpaqlarına qayıtmaq istəyirlər”. Siyasi ekspert Asif Nərimanlının sözlərinə görə, ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir: “Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın erməni əhalisini kütləvi şəkildə bölgəni tərk etməyə sövq etməsinin arxasındakı hədəflərdən biri də budur. Erməni əhalisi Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşayacaqdı, onların hüquqları təmin olunacaqdı və bu, İrəvanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməsinin vacibliyini aktuallaşdıracaqdı. İrəvan erməniləri Qarabağdan çıxarmaqla bu məsələdən yayınır, eyni zamanda artıq Ermənistanda olan "Qarabağın erməni əhalisindən" Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə edəcək. Hərçənd azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə belə, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Çünki “Qarabağın erməni əhalisi”ndən fərqli olaraq, qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun olaraq, qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR