İnsanlara hürriyət, millətlərə istiqlal!

Piylənmənin qadın reproduktiv sağlamlığına təsiri: Nə vaxt müdaxilə etmək lazımdır?

XXI əsr texnologiya və tibbi nailiyyətlərlə yanaşı, həyat tərzindəki dəyişikliklər səbəbilə qeyri-infeksion xəstəliklərin artdığı dövrdür. Bu xəstəliklər arasında piylənmə lider mövqedədir və xüsusilə qadın sağlamlığına, daha dəqiq desək, reproduktiv sistemə ciddi təsir göstərir.

Artıq çəkili və piylənmiş qadınların sayı təkcə şəhər mühitində deyil, kənd və yarımşəhər ərazilərdə də artır. Bu problem yalnız fərdi məsələ deyil, ictimai səhiyyə çağırışıdır. Çünki qadın reproduktiv sağlamlığı birbaşa ölkənin demoqrafik gələcəyinə, doğum statistikasına və ümumi əhali sağlamlığına təsir edir.

Mütəxəssislər qeyd edir ki, insan bədənindəki adipozit toxuma (yağ toxuması) təkcə enerji deposu deyil, həm də aktiv endokrin orqandır. Yağ hüceyrələri leptin, rezistin, adiponektin kimi hormonlar ifraz edir. Bu hormonlar beyinə siqnallar göndərərək aclıq hissini tənzimləyir, həm də hipotalamus-hipofiz-yumurtalıq oxu üzərində təsir göstərir. Piylənmə zamanı bu siqnallar pozulur. Xüsusilə leptin səviyyəsi yüksək olduqda leptin rezistentliyi yaranır və bu, orqanizmin beyinə “toxam” siqnalını çatdırmamasına səbəb olur. Nəticədə həm insulin rezistentliyi, həm də ovulyasiya pozuntuları baş verir.

Qadın bədənində kişi hormonlarının artması

WhatsApp Image 2025-06-19 at 16.41.36.jpeg (27 KB)

Piylənmə nəticəsində insulinə qarşı müqavimət yaranır. İnsulin qanda şəkərin hüceyrələrə daxil olmasını təmin edir, lakin artıq çəkidə bu proses pozulur və pankreas daha çox insulin ifraz etməyə başlayır. Artan insulin səviyyəsi isə yumurtalıqlarda androgenlərin (testosteron, DHEA-S) artmasına səbəb olur. Bu da qadın bədənində tüklənmə (hirsutizm), sızanaqlar, menstrual tsikldə gecikmə və ya olmama, ovulyasiya əksikliyi, hamilə qalmaqda çətinlik kimi əlamətlərlə özünü göstərir.

Polikistik yumurtalıq sindromu (PCOS) və piylənmənin qarşılıqlı təsiri

Azərbaycanda hər 10 qadından 1-də müşahidə edilən PCOS, piylənmə ilə qidalanır. Bu sindromda folikullar yetişsə də, partlamır və yumurta hüceyrəsi sərbəst buraxılmır. Hər ay belə “boş” menstrual tsikllər sonsuzluğa gətirib çıxarır.

Həmçinin, PCOS zamanı qadınlarda psixoloji gərginlik, özünə inamsızlıq və seksual disfunksiya halları da artır.
Tədqiqatlar göstərir ki, çəkidə 5-10% azalma belə, menstrual tsiklin normallaşmasına və ovulyasiyanın bərpasına kömək edə bilər.

Süni mayalanma və piylənmənin təsiri

İnfertillik hallarında geniş yayılmış üsullardan biri in vitro fertilizasiya (IVF) və ya süni mayalanmadır. Lakin araşdırmalar göstərir ki, BMI (bədən kütlə indeksi) >30 olan qadınlarda IVF uğursuzluq riski 40%-ə qədər artır. Dölün implantasiyası çətinləşir, hormonal stimulyasiyaya cavab zəifləyir, yüksək estrogen səviyyəsi endometrial qişanın normal qalınlaşmasına mane olur. Bu isə süni mayalanma cəhdlərinin sayı artsa belə, uğur faizini aşağı salır.

Piylənmənin hamiləlik dövründə yaratdığı risklər

Əgər piylənmiş qadın hamilə qalarsa belə, qarşıda yeni risklər durur. Gestasion diabet (hamiləlik diabeti), preeklampsiya və eklampsiya (təzyiq və zülal itkisi ilə müşayiət olunan təhlükəli vəziyyətlər), dölün makrozomiyası (çəkisi 4 kq-dan artıq körpə doğulması), sonsuz dölyanı maye və göbək ciyəsinin sıxılması, qeysəriyyə ehtimalının artması.
Bu cür hallar doğuş zamanı və sonra ana və körpənin həyatı üçün təhlükə yaradır.

Menopauzadan əvvəlki dövr və piylənmə

WhatsApp Image 2025-06-19 at 16.41.36 (1).jpeg (23 KB)

Reproduktiv dövrə əlavə olaraq, perimenopauza və menopauza öncəsi dövrdə də piylənmə riski artır. Östrogen səviyyəsinin azalması ilə yanaşı, metabolik sürət də zəifləyir. Bu dövrdə çəkinin sürətli artması, metabolik sindrom, ürək-damar xəstəlikləri, döş və uşaqlıq xərçəngi riski müşahidə olunur. Buna görə piylənmənin qarşısını təkcə doğuşa qədər yox, bütün ömür boyu sağlamlıq strategiyası kimi qəbul etmək lazımdır.

Azərbaycanda vəziyyət: Statistika və gerçəklik

Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda reproduktiv yaşda olan qadınların 30%-dən çoxu artıq çəkidən əziyyət çəkir. Lakin real göstəricilər bəzən qeydiyyata düşmədiyindən, bu faiz daha yüksək ola bilər.
Əyalətlərdə və kənd yerlərində qadınların reproduktiv sağlamlığa dair maarifləndirilməsi zəifdir. Çox vaxt aybaşı pozğunluğu və hormonal problemlər “normal hal”, “nənədən qalma miras” kimi qəbul olunur və mütəxəssisə müraciət edilmir.

Ginekoloqlar və endokrinoloqlar piylənmənin artıq “sonsuzluqla birbaşa əlaqəli” əsas səbəblərdən biri olduğunu bildirirlər. Bu baxımdan aşağıdakı hallarda mütləq ginekoloq-endokrinoloq konsultasiyası tövsiyə olunur:

-Aybaşı gecikməsi və ya 35 gündən uzun tsikllər,
-İki və ya daha artıq il ərzində hamiləliyin baş verməməsi,
-Arıqlama cəhdlərinə baxmayaraq sürətli çəki artımı,
-Sızanaq, tüklənmə və saç tökülməsi,
-Hamiləlik zamanı yüksək təzyiq və şəkər göstəriciləri.

Hansı müalicə yolları var?

Təcrübə göstərir ki, piylənmənin qadın reproduktiv sağlamlığına təsirini aradan qaldırmaq üçün yalnız dərman müalicəsi yetərli deyil. Çünki bu, həm metabolik, həm endokrin, həm də psixososial komponentləri olan kompleks bir problemdir. Buna görə də müalicə də kompleks və fərdiləşdirilmiş olmalıdır.

Piylənmə ilə mübarizədə ilk və əsas addım diyetoloqun nəzarəti ilə fərdi qidalanma planının hazırlanmasıdır. “Az yeyirəm, amma yenə də kökəlirəm” deyən bir çox qadının metabolik surəti fərqlidir və orqanizmi klassik kaloriyə əsaslanan pəhrizlərə cavab vermir.

Fərdi pəhriz qeyd olunanları nəzərə almalıdır: İnsulin rezistentliyini azaldan aşağı qlikemik indeksli qidaların üstünlüyü, hormonal tarazlığı pozmayan bitki mənşəli yağlar və liflə zəngin məhsullar, qanda şəkərin səviyyəsini stabil saxlamaq üçün müntəzəm və kiçik porsiyalar, süni dadlandırıcılardan və qazlı içkilərdən tam uzaq durmaq, yod, D vitamini və maqneziumla zəngin qidaların (balıq, yumurta, yaşıl tərəvəzlər, süd məhsulları) daxil edilməsi. Belə ki, PCOS olan qadınlarda qlüten və süd məhsullarını məhdudlaşdırmaq, aralıq oruc pəhrizi (intermittent fasting), antiinflamatuar qidalanma modeli uğurlu nəticələr verə bilər.

Fiziki aktivlik və idman rejimi bu məsələdə xüsusi amildir. Məşq təkcə kilo vermək üçün deyil, hormon balansını bərpa etmək, stressi azaltmaq, yumurtalıqların funksiyasını aktivləşdirmək üçün vacibdir.

Ümumiyyətlə, idman aşağıdakı məqsədlərə xidmət edir:

Qadinlar-ucun-bədən-formalasdirm.jpg (97 KB)

-Leptin və insulin həssaslığını artırmaq,
-Estrogen-progesteron balansını bərpa etmək,
-Psixoloji gərginliyi azaltmaq və serotonini artırmaq,

-Yumurtalıqlarda qan dövranını yaxşılaşdırmaq.

Tövsiyə olunan idman növləri isə aşağıdakılardır:

Kardio məşqlər – sürətli yeriyiş, qaçış, üzgüçülük (həftədə ən az 150 dəqiqə),

Yüngül güc məşqləri – pilates, resistance bands, ağırlıqla məşqlər (hormonal dözümlülüyü artırmaq üçün),

Yoga və nəfəs terapiyası – kortizol hormonunu azaltmaq və endokrin sistemin sakitləşdirilməsi üçün faydalıdır.

Bundan başqa, mütəxəssislər bildirir ki, piylənmə ilə əlaqəli reproduktiv problemlərin müalicəsində aşağıdakı dərman vasitələri həkim nəzarətində istifadə oluna bilər:

Metformin – insulin rezistentliyini azaldır, yumurtlamanı bərpa edə bilər (xüsusilə PCOS üçün).

Kombinə oral kontraseptivlər – aybaşı tsiklinin tənzimlənməsi və androgenlərin (kişi hormonlarının) səviyyəsinin aşağı salınması üçün.

Klonifen sitrat və ya Letrozol – ovulyasiyanın induksiyası üçün.

Myo-inositol və D-chiro-inositol – yumurtalıq funksiyasını dəstəkləyən təbii əlavələr kimi faydalıdır.

Lakin bu dərmanlar özbaşına və ya uzunmüddətli istifadə üçün nəzərdə tutulmur, həkimlə konsultasiya vacibdir.

Psixoloji dəstək və davranış terapiyası da bu problemin həllində müsbət nəticələrə səbəb olur. Məlum olduğu kimi piylənmə və reproduktiv pozuntular qadınlarda özünüqiymətləndirmə, cinsəl özünə inam və ailədaxili münasibətlərdə gərginlik yaradır. Bu vəziyyətdə psixoloq və ya psixoterapevt dəstəyi duyğusal yeyinti (emotional eating) vərdişinin dəyişdirilməsi, bədənlə barışıq və pozitiv özünə münasibət, sonsuzluqla bağlı emosional travmanın emalı, partnyorla münasibətdə güvən və qarşılıqlı dəstəyin bərpasına müsbət nəticə verə bilər.

Mütəxəssislər bildirir ki, qız uşaqlarını və yeniyetmələrı artıq məktəb yaşlarından öz bədənlərini tanımaq və dəyişiklikləri müşahidə etmək, aybaşı tsikllərini izləmək və pozuntulara laqeyd qalmamaq, sağlam qidalanmanın və fiziki aktivliyin gündəlik həyatın tərkib hissəsinə çevrilməsi, hormonal dəyişikliklərin əlamətlərini tanımaq və utanmadan yardım istəmək, psixoloji sağlamlıq və özünə hörmət hissini inkişaf etdirmək barədə maarifləndirmə vacibdir. Məktəblərdə və qız liseylərində interaktiv seminarlar, video-treninqlər, praktik məşğələlər vasitəsilə bu mövzular aydın və yaşa uyğun şəkildə çatdırılmalıdır. Valideynlər, xüsusilə analar, qız övladlarına dəstək olmalı, onların fiziki və emosional dəyişikliklərini qadağa və qorxu ilə yox, bilik və empatiya ilə izah etməlidirlər.

Yəni, gələcək anaların sağlamlığı bu günün seçimlərindən asılıdır. Və bu seçimlər sadəcə sağlam həyat deyil, sağlam cəmiyyətin və gələcəyin bünövrəsidir.

Qeyd edək ki, yazı Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınlar arasında piylənmənin qarşısının alınması" layihəsi çərçivəsində hazırlanmışdır.

Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR