Onlayn ictimai-siyasi qəzet
Bakının küçələrində hər gün minlərlə insanın həyatını əllərində daşıyan avtobus sürücüləri ilə bağlı narahatedici görüntülər yenidən cəmiyyətin müzakirə mövzusuna çevrilib. Bu dəfə məsələ daha da ciddi və təhlükəlidir - sükan arxasında spirtli içki içdiyi iddia olunan bir sürücü.
İddialara görə, hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş Tacəddin Cəfərov bu anları mobil telefonla lentə alaraq “Xəzər Xəbər”in WhatsApp qaynar xəttinə göndərib. Onun dediyinə görə, sürücü İlham Həbibovun içdiyi maye birbaşa olaraq pivə olub. Hətta içkini sürücüyə təqdim edən şəxs də videoda görünür və sərnişin bu vəziyyətə dərhal reaksiya verir.
Sürücü isə ittihamları qəbul etmir. İlham Həbibov bildirir ki, içdiyi maye sadəcə kvass olub, spirtli içki deyil. Onun sözlərinə görə, görüntülərdən sonra vətəndaş Daxili İşlər Nazirliyinin 102 Xidməti ilə əlaqə saxlayıb, hadisə ilə bağlı 30-cu polis bölməsində ifadə alınıb. Hazırda görüntülərlə bağlı rəsmi araşdırma aparılır.
Əfsus ki, bu, tək bir sürücünün məsuliyyətsizliyi deyil. Bu, sistemli bir problemin daha bir əlamətidir. Son illərdə ictimai nəqliyyatda çalışan sürücülərin davranışı ilə bağlı şikayətlər durmadan artır. Kobud rəftar, telefonla danışmaq, siqaret çəkmək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaq, sərnişinləri təhlükəyə atmaq gündəlik şikayətlər sırasındadır.
Bir müddət əvvəl Bakıda tıxac səbəbilə əsəblərini cilovlaya bilməyən bir sürücü avtobusu əks istiqamətə sürərək, sərnişinlərin həyatını bilavasitə təhlükəyə atmışdı. Bu kimi hadisələr artıq istisna yox, adi hala çevrilib. Elə bil ki, sərnişinlərin həyatı bir neçə qəpik uğruna plan yerinə yetirməyə çalışan sürücülərin insafına qalıb.
Hər bir sürücü qanunla maksimum 8 saat işləməli olduğu halda, onların çoxu 12, bəzən 16 saata qədər işləyir. Səbəb isə sadədir - gündəlik plan və qazanc təzyiqi. Yorğun, əsəbi, bəzən öz sağlamlığından, ailəsindən imtina etmiş sürücü sükan arxasında təmkin və diqqət göstərə bilərmi?
Bütün bunların nəticəsində isə tez-tez marşrut avtobuslarının səbəb olduğu yol-nəqliyyat hadisələrinin şahidi oluruq. İnsanlar işə, məktəbə, xəstəxanaya çatmaq üçün avtobusa minib evlərinə qayıda bilmirlər. Yol-nəqliyyat hadisələrində ölən və yaralananların bir çoxunun iştirakçısı ictimai nəqliyyat vasitələri olur.
Sərnişinlər bu sualı haqlı olaraq verir: “Biz həyatımızı kimə etibar edirik?” Avtobus sürücüləri nəzarətdən kənardadırmı? Gündəlik reydlər, sürücülərin psixoloji və tibbi yoxlanışları niyə sistemli şəkildə aparılmır? İctimai nəqliyyatda çalışan şəxslər necə seçilir, necə təlimatlandırılır?
Elməddin Muradlı
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a danışıb. Ekspert bu sahədəki problemlərə diqqət çəkib və onların aradan qaldırılması yollarını bu cür şərh edib: “Qayda-qanuna görə, hər bir nəqliyyat vasitəsi xəttə çıxmazdan əvvəl texniki vəziyyəti yoxlanılmalıdır. Eyni zamanda sürücülərin reysqabağı tibbi müayinəsi həyata keçirilməlidir. Lakin xəttə çıxdıqdan sonra sürücünün hər hansı bir davranışı artıq başqa bir müzakirə mövzusudur ki, buna necə nəzarət edək? Bu məsələdə bir çox şirkətlər AYNA kameraları vasitəsilə nəzarətə nail olmağa çalışırlar. Lakin bəzi avtobuslar var ki, istismar ili o qədər köhnədir ki, orada fundamental bir dəyişikliyə imkan yoxdur. Ona görə də bu avtobuslar nə vaxtsa istismardan çıxarılacaqsa və tamamilə yeniləri ilə əvəz olunacaqsa, o zaman bu problemlərin həllinə də yaxınlaşa bilərik.
Bu gün doğrudan da ictimai nəqliyyata nəzarət etmək çox çətindir. Çünki avtobus sürücüləri ilə bağlı görülən tədbirlər bir daha onu göstərdi ki, burada tam yüzdə yüz uğurlu nəticəyə nail olmaq o qədər də asan məsələ deyil. Təbii ki, istənilən halda nəzarət vacibdir və bu, mütləq şəkildə olmalıdır. Nəzarətsiz qalarsa, sürücü də ağlına gələn hərəkəti edəcək. Lakin ümumilikdə düşünürəm ki, vəziyyət elə də ağır deyil. Yəni əvvəlki dövrlə müqayisədə yaxşı nəticələr əldə etmişik.
Əgər kimsə iddia edirsə ki, spirtli içki deyil, başqa bir içki qəbul etmişəm, bu zaman konkret olaraq hələlik bir qəbahət görmürəm. Hər halda, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Mən sadəcə onu demək istəyirəm ki, əvvəlki illərlə müqayisədə bu istiqamətdə doğrudan da böyük dəyişikliklər, irəliləyişlər əldə olunub".
Ekspertə görə, nəzarət mexanizmləri nə qədər gücləndirilsə də, sürücülərin məsuliyyətsiz davranışlarının tam qarşısını almaq mümkün olmur: “Bu gün bəzən avtobus sürücüləri yaranmış vəziyyətdən istifadə edirlər. Məsələn, bu gün avtobus sürücüsü tapmaq çox çətindir. Vaxtilə avtobusu icarəyə götürüb plana işləyən sürücülər nağdsız ödəniş sisteminə keçid zamanı maaşla işləməyə razılaşmadılar. Deyirlər ki, vaxtilə ayda 2-3 min manat qazanan adam indi niyə 700-1000 manata işləməlidir? Onların əksəriyyəti digər ölkələrə, xüsusilə də Polşaya üz tutdu. Çox kütləvi şəkildə axın etdi. Yerdə qalanlar isə ya getmək imkanı olmayanlardır, ya da qayda pozmağa meylli olanlar. Belələri işdən çıxarılanda da böyük səs-küy yaranır, çünki yerinə sürücü tapmaq mümkün olmur. Yəni belə bir vəziyyət yaranıb.
Ona görə də düşünürəm ki, avtobus sürücüləri ilə bağlı hər hansı addım atarkən elə bir mövqe seçilməlidir ki, orada həm nizam-intizam ən yüksək səviyyədə qorunsun, həm də həmin təlimlər və görülən addımlar müsbət nəticə versin".
Elməddin Muradlı qeyd edib ki, bəzi sürücülərin 8 saatdan artıq işləməsi həm sürücülərin səhhəti, həm də sərnişinlərin təhlükəsizliyi baxımından çox risklidir: “Bu gün bəzi avtobus sürücülərinin 8 saatdan çox, bəzən 12 və daha artıq müddətdə işləməsi halları var. Çünki qeyd etdiyim kimi, avtobus sürücüləri ilə bağlı ciddi qıtlıq yaşanır. Bu baxımdan düşünürəm ki, sürücülərin iş və istirahət məsələsi çox ciddi şəkildə diqqətdə saxlanılmalıdır. Bu məsələ yüngül bir məsələ kimi görülməməlidir - əksinə, onların iş rejimi bu sahədə ən ciddi məsələdir. Bildiyim qədər, bəzi şirkətlər artıq 3 növbəli iş rejiminə keçiblər ki, sürücülər daha az işləsin. Lakin bəzi şirkətlər də var ki, öz mənafelərini güdərək sürücünü iki növbəli yox, bir növbəli işlədirlər ki, ondan daha çox istifadə etsinlər və daha çox pul qazansınlar. Bu isə çox ciddi fəsadlara yol açır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ