Onlayn ictimai-siyasi qəzet
“Hakim iqtidarın Ermənistanın gerbinin dəyişdirilməsi ilə bağlı hər hansı qərarı yoxdur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.
Deputatın sözlərinə görə, baş nazir yalnız bu mövzu ilə bağlı müzakirələrin mümkünlüyünü açıqlayıb.
“Paşinyan sadəcə fikirlərini bölüşdü, biz hamımız bu müzakirəyə qoşula bilərik. Mənim öz baxışım var, lakin hakimiyyətin bu məsələdə təşəbbüs göstərmək qərarı yoxdur”, - deyə Ovannisyan bildirib.
Qeyd edək ki, hakim partiyanın digər deputatı Babken Tunyan gerbin dəyişdirilməsi ilə bağlı məsələyə müəmmalı cavab verib: “Məişət suallarını cavablandırmaq çox çətindir. “Bəli, mümkündür” desəm, məlum olacaq ki, biz bu məsələni müzakirə etmişik və həll yolu da var. “Yox” desəm, mövzu bağlanıb. Lakin bunların heç biri doğru olmayacaq. Dünən xüsusi qeyd olundu ki, Paşinyanın dedikləri sadəcə fikir bölüşmək cəhdidir”.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan dünən parlamentdəki çıxışında öz ölkəsinin gerbini, atributlarını, hətta himnini belə tənqid edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ