Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda maraqlı geopolitik proseslərə start verildiyi müşahidə olunur. Üstəlik, mövcud regional situasiya tamamilə Azərbaycanın nəzarəti altına keçmiş kimi görünür. Çünki hazırda Cənubi Qafqazda geopolitik şərtləri məhz rəsmi Bakı müəyyən edir. Bina paralel olaraq da kənar güclərin, xüsusilə də, ermənipərəst beynəlxalq siyasi dairələrin regiona müdaxilə cəhdlərini qətiyyətlə bloklayır. Və bu situasiya rəsmi Bakıya bütövlükdə Cənubi Qafqazın gələcək taleyini müəyyən etmək imkanları açır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin ənənəvi dəstəyini tədricən itirməkdə olan Ermənistanın nəhayət ki, rəsmi Bakının israrla üzərində durduğu bütün tələbləri qəbul etməsi məhz Azərbaycanın regional hegemonluğunun etirafıdır. Rəsmi İrəvan Azərbaycanla hərbi-siyasi qarşıdurmanın Ermənistan üçün geopolitik kataklizmlər vəd etdiyini nəzərə almaq məcburiyyətində qalıb. Və bu səbəbdən də yekun sülh sazişinin tam mətninin razılaşdırılması reallığa çevrilib.
Paşinyan hakimiyyəti ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana təhlükəsizlik təminatı vermək imkanından və həvəsindən uzaq olduğunun artıq fərqindədir. Ona görə də, indi rəsmi İrəvan üçün yekun sülh sazişi Ermənistan üçün yeganə təhlükəsizlik təminatı qaynağına çevrilmiş kimi görünür. Halbuki, Rusiyaya bağlı erməni radikal-revanşist müxalifəti Paşinyan hakimiyyətinə sərbəst siyasi iradə imkanı tanımaq istəmir. Və növbəti parlament seçkiləri ərəfəsində Rusiyanın dəstəyi ilə Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlaşır.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti seçki ərəfəsində yekun sülh sazişinin mətnini razılaşdırmaqla və rəsmi Bakının digər iki şərtini də qəbul etdiyini sevdirməklə, müəyyən mənada, Azərbaycanın Ermənistan daxilində baş verə biləcək siyasi böhrana neytrallığını təmin etmiş oldu. İndi rəsmi İrəvan üçün əsas Rusiyanın seçki prosesinə kobud müdaxiləsinə qarşı müqavimət mexanizmləri yaratmaqdır. Və bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti artıq bu istiqamətdə müəyyən planlar qurmağa başlayıb.
Ermənistan baş naziri Nikol Paşinyanın yaxın ətrafınızdan sızan məlumatlara görə, rəsmi İrəvan genişmiqyaslı informasiya əməliyyatı hazırlayır. Yaxın günlərdə erməni baş nazirin yenidən Ermənistanın hərbi məğlubiyyətinin bütün məsuliyyətini məhz Rusiyanın üzərinə qoymağa çalışacağı bildirilir. Ermənistan cəmiyyətinə müraciət hazırlayan baş nazir Nikol Paşinyanın Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyanın ona tabe olmadığını, yalnız Rusiyanın maraqları görə hərəkət etdiyini, Kremlin əmrlərini yerinə yetirdiyini iddia edilir.
Yəni, Paşinyan hakimiyyəti 44 günlük müharibədəki məğlubiyyətə və Ermənistan ordusunun, Gəncə və Bərdədə dinc əhalini hədəf alan amansız hücumları da daxil olmaqla, törətdiyi hərbi cinayətlərə görə məsuliyyətdən yayınmağa çalışacaq. Məsuliyyəti başqasının üzərinə atmaq cəhdi, xüsusilə də, keçmiş Qarabağ separatçılarının lideri Araik Arutyunyanın məhkəmədə Ermənistan rəhbərliyinin müharibə dövründəki cinayətkar davranışlarını ifşa etməsindən sonra rəsmi İrəvan üçün taleyüklü məsələyə çevrilib. Və Paşinyan hakimiyyəti üçün real hüquqi təhlükə yaranmağa başlayıb.
Ona görə də, indi baş nazir Nikol Paşinyan bu vəziyyətdən Onik Qasparyanı "Rusiyanın agenti" kimi təqdim etməklə çıxmaq barədə düşünür. Üstəlik, Paşinyan hakimiyyətinin hazırladığı plan son illərdə rəsmi İrəvanın Rusiyadan uzaqlaşma və öz uğursuz siyasətinin bütün günahlarını Kremlin üzərinə atma strategiyasına da tamamilə uyğundur. Və bu plan reallaşdırılarsa, Paşinyan hakimiyyəti həm də seçki prosesi üçün siyasi rəqiblərinə qarşı yeni təzyiq bəhanələri də qazana bilər.
Məsələ ondadır ki, əgər, əvvəllər Paşinyan hakimiyyəti 2020-ci ildə Kremlin rəsmi İrəvana "kömək etmədiyini" iddia edirdisə, indi isə hadisələrin daha radikal yeni versiyası irəli sürüləcək. Yəni, iddia olunacaq ki, "Rusiyanın hərbi kəşfiyyat qurumları Onik Qasparyan vasitəsilə Ermənistan ordusunu gizli şəkildə idarə ediblər və rəsmi İrəvanı çətin vəziyyətə salıblar". Əslində, bu o deməkdir ki, rəsmi İrəvan indi Kremlin Ermənistan ordusunu Azərbaycan dinc əhalisinə qarşı hücumlara və digər hərbi cinayətlərə təhrik etdiyini iddia etməyə hazırlaşır. Və bu, Paşinyan siyasi-hüquqi məsuliyyətdən yayınmaq cəhdini biruzə verir.
Təbii ki, bu yeni narrativ yalnız baş nazir Nikol Paşinyanın siyasi karyerasını xilas etmək nəzərdə tutulmayıb. Rəsmi İrəvan bununla həm də uzun müddətdir ki, bölgədə Rusiya əleyhinə ritorikaya dəstək vermiş Qərbin Ermənistana himayəsini yenidən bərpa etmək məqsədi güdür. Üstəlik, bu hiyləgər planın hazırlanmasında Fransa xüsusi xidmət servislərinin birbaşa iştirak etdiyi də iddia olunur. Və Ukrayna savaşı ətrafında yaranmış yeni situasiya fonunda Fransanın Rusiya-Ermənistan münasibətlərində daha böhranlı yeni gərginliyin yaranmasında maraqlı olduğu bildirilir.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti hazırda ciddi hazırlıq içərisindədir. Ancaq Kremlin verəcəyi reaksiya tam təhlil olunmadığından rəsmi İrəvanın müəyyən tərəddüdlərinin olduğu bildirilir. Çünki baş qərargah rəisi Onik Qasparyanın Rusiya agenti elan edilərək, Ermənistan ordusunun Paşinyan hakimiyyəti deyil, məhz Kreml tərəfindən idarə olunduğunun iddia edilməsi, törədilmiş hərbi cinayətlər nəzərə alındıqda, çox ağır ittihamdır. Və bu, Kremlin olduqca sərt reaksiyasına səbəb ola bilər.
Göründüyü kimi, ciddi seçim qarşısındadır. Əgər, seçki qələbəsi, eləcə də, hərbi cinayətlərin məsuliyyətindən yayınmaq məcburiyyəti üstün gələrsə, Paşinyan hakimiyyəti ciddi risk etməli olacaq. Rusiyanı və Kremlin dəstəklədiyi radikal-revanşist düşərgəni seçki ərəfəsində hədəfə çıxartmağa çalışacaq və səslərin özünə doğru yönəlməsinə cəhd göstərəcək. Halbuki, ABŞ, Avropa Birliyi və Fransanın ortaq dəstəyinə təminat alınmadan belə avantürist planlar Ermənistana çox baha başa gələ bilər. Və bu baxımdan, Rusiyanın qıcıqlandırılacağı təqdirdə, Paşinyan hakimiyyətini olduqca ciddi geopolitik sınağın gözləyə biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ