İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın ağzından “skoç”u, qollarından qandalı açın, “Zəngəzur dəhlizi” desin!

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində “Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil, belə ki, oxşar təşəbbüsləri İranla da hazırlamaq olar” deyəndən sonra Ermənistana əməlli-başlı “isti keçib”. Baş nazir Nikol Paşinyan çox narahatdır. Anlayır ki, günün birində qatarın dalınca baxa bilərlər...

Xüsusilə də Bakı və Tehran arasında əldə olunmuş razılaşmanın icraya yönəldilməsi İrəvanda isterikaya səbəb olub. Bundan əvvəl bildirilmişdi ki, Bakı Tehranla Ermənistandan yan keçməklə İrandan ərazisindən Naxçıvana avtomobil və dəmir yollarının çəkilməsi barədə razılığa gəlib. Bu razılıq əvvəldən var idi, hətta pandemiya dönəmində onlayn müqavilə də imzalanmışdı. Amma artıq işlər sürətlənib. Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrılması barədə Sərəncam imzalayıb.

serencam.jpg (60 KB)

Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, o halda keçən karvanın dalınca baxanı xatırladacaq, dalan dövlət olaraq qalacaq(mı?) Şübhə etmirəm ki, Paşinyan bu reallığı anlayır, sadəcə Ermənistanın başına “ip salıb gəzdirən” paytaxtların qorxusundan ağlına uyğun qətiyyət nümayiş etdirə bilmir.

DEHLİZ EN SON.jpg (84 KB)

Vəziyyətdən çıxmaq üçün “orta yol” tapıb. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Bir neçə ay əvvəl Nikol Paşinyan dar çevrəsinə və öz partiyadaşlarına 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndi ləğv edəcəklərini bəyan edib” - qəzet yayıb. Bildirilir ki, Paşinyan 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hətta yollara nəzarətlə bağlı yerli Milli Təhlükəsizlik Xidmətinə xüsusi bölmə yaradılacağını bildirib. Paşinyan deyib: “Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalar vasitəsilə keçidi daxildir”.

Ermənistanın hökumət başçısı bununla Qərbdəki ağalarına demək istəyir ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət etməyəcək, mənim ağzımdan “skoç”u, qolumdan qandalı açın, bu layihəyə “hə” deyim. Amma inanacaqlarmı? Aqoniya vəziyyətində olan Paşinyan çıxış yolu üçün vurnuxur, amma “böyük bacısı” Fransa başda olmaqla, çoxları yaxşı anlayır ki, Ermənistanın hər şeyinə, o cümlədən dəmir yollarına nəzarət edən Rusiyanı buradan çıxartmaq Paşinyanın hünəri deyil. Nikol anlayır ki, sonda Azərbaycan Zəngəzurla bağlı istəyinə də nail olacaq, bu dəhliz açılacaq, amma gərginliyin artması Ermənistan üçün arzuolunmaz nəticələrə apara, sonda İrəvandan Zəngəzura həsrət-həsrət baxa bilərlər, Xankəndiyə baxdıqları kimi... Terror təhdidi ilə üz-üzə qalmış baş nazir baş sındırır nə etsin, necə etsin, nə şiş yansın, nə kabab.

2020-ci ilin 9 noyabr gecəsində imzaladığı üçtərəfli Bəyannamənin 9-cu bəndindən imtina etmək Nikol Paşinyanın ata biləcəyi addım deyil. Paşinyandan olsa, Qarabağdakı ordusunu da çıxartmayacaqdı, 24 saat bəs etdi Azərbaycana.

ANTİTERROR SON.jpg (60 KB)

Həmin maddəyə əsasən, Ermənistan Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verib. Həmçinin nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirməlidir. Nikol Paşinyan hələ daşını daş üstə qoymadığı dəmir yolu və avtomobil yolunda Ermənistan qüvvələrinin təhlükəsizliyi qorumasına baş vurub. Ancaq unudub ki, birdən başı daşa dəyər. Paşinyanın bu qərarı “at almamış axurunu çəkən” adamı xatırladır. Hələ sən bir 30 il ərzində darmadağın edilmiş, Azərbaycanın dəmir yolu təsərrüfatına vurulmuş zərəri ödə, dəmir yolu və avtomobil yolunu çək, sonra onu qorumaq üçün tədbir tök! Bu adam həm həyəcanlıdır, nəsə əldə etməyə çalışır, həm də vaxtı uzatmaq üçün cilddən-cildə girir.

Budur, İrəvanda “Marriott” hotelində Qarabağ separaçılarının liderlərindən Samvel Şahramanyan, qondarma qurumun oyuncaq “parlament”inin bəzi “deputatları” və “Demokratik Birlik Partiyası”nın sədri Suren Petrosyan arasında qapalı görüş keçirildiyi xəbəri yayılıb.

Əslində gözlənilən idi. Şahramanyanın son sərsəmləmələri, xunta rejiminin ləğv edilmədiyi barədə iddialar, separatçıların 7 oyuncaq “deputat”ının yığışıb dirəniş elan etməklə bağlı çağırışları olmuşdu. Bir gün əvvəl də Suren Petrosyan Şahramanyanı və “deputatları” görüşə çağıraraq, zibilliyə atılmış qondarma qurumun Ermənistan Respublikasında fəaliyyətini istənilən şəkildə davam etdirməsini təklif etmişdi.

Demək belə: Paşinyan nağıllar uydurur, sülhdən danışır, İrəvanın göbəyində cinayətkarlar toplantı keçirib, Azərbaycana qarşı revanşa hazırlıq görürlər. Hesab edirəm ki, Ermənistan hakimiyyətinə qəti xəbərdarlıq edilməlidir: Azərbaycan əleyhinə fəaliyyətə ən sərt şəkildə cavab veriləcək! Paşinyan ya Şahramanyan başda olmaqla, xunta tör-töküntülərini susdurmalı, onların fəaliyyətini yasaqlamalıdır, ya da onları Bakıya təhvil verməlidir. Əks təqdirdə, Azərbaycan əleyhinə təhdidlərin cavabı daha kəskin ola bilər xəbərdarlığı edilməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR