İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı iqtidardan salmaq mümkün olacaqmı - iki rəy

Ermənistanın baş naziri Nikol Paşinyanın başı dərddən açılmır. Son illərdə ard-arda məğlubiyyətlər yaşayan, Azərbaycan tərəfin işğal altındakı ərazilərini azad etməsinə mane ola bilməyən, son olaraq da, antiterror tədbirləri ilə Xankəndidəki qondarma rejimi “gorbagor” etməyimizdən sonra erməni baş nazirin bu gedişlə hakimiyyət çevrilişi təhlükəsi çox yaxında hiss etdiyi deyilir. Artıq bu barədə xəbərlərə tez-tez rast gəlinir.

Bəllidir ki, Nikolun müxalifəti daha da çox revanşist qüvvələrdir. Onlar müharibə istəyirlər. Bu da bəzi suallara ol açmamış deyil.

Çevriliş olarsa, Paşik devrilərsə, bölgədə nələr dəyişə bilər? Ermənistanın gələcəyi necə görünər? Yeni müharibə baş verə bilərmi?

Fikrət Yusifov: Turizm bizə nə vəd edir? » Qlobal.Az

Fikrət Yusifov: “Sülh müqaviləsindən sonra Ermənistanda kimin hakimiyyətə gəlməsinin önəmi yoxdur”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov düşünür ki, bu gün Ermənistanda hər hansı bir hakimiyyət çevrilişinin tərəfdarı ola bilmərik: “Ermənistanda hakimiyyət çevrilişi olacaqsa belə, onun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasından və Zəngəzur dəhlizinin açılmasından sonra baş verməsini daha uyğun sayırıq. Hakimiyyətə gəldiyi ilk vaxtlarda Paşinyan özünü elə aparırdı ki, sanki Qarabağ məsələsində Sərkisyan və Köçəryan kursunun davamçısıdır. Lakin zaman keçdikcə Paşinyanın Qarabağ probleminin həlli üçün yeganə çıxış yolunun nədən ibarət olduğunu bildiyi anlaşıldı. O, haqlı olaraq Ermənistanın boynundan Qarabağ yükünü atmağı hədəflədi. Qarabağ ətrafında son dövrdə baş vermis bütün hadisələri dərindən təhlil etdikdə, Paşinyanın ilk vaxtlar bu məsələdə başqa bir mövqe tutduğu və sonradan onu dəyişdiyi görünsə də əslində belə deyil. Hesab edirəm ki, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Qarabağ probleminin çözülməsini istəyirdi, lakin daxildə və xaricdəki erməni çoxluğunun mövqeyinə sayğısız yanaşmaqdan qorxurdu. Elə bu səbəbdən də "Qarabağ Ermənistandır və nöqtə" deyib bir tərəfdən vəziyyəti  qızışdırır, digər tərəfdən erməni toplumuna bu məsələni erməni xalqının xeyrinə həll etməyə çalışdığı görüntüsünü yaradırdı.

Lakin  Paşinyan üçün qarşıda hələ çox uzun və ermənilərin düçar olacağı ağır məğlubiyyətlə müşahidə olunan müharibə yolu var idi. O, bu yolu da keçdi, müharibəni biabırçı bir şəkildə uduzdu və bununla da erməni toplumuna sanki “müharibə istəyirdiniz, bu da müharibə, indi oturun yerinizdə” dedi.

Paşinyanın Avropada və ABŞ-da Azərbaycanın ərazi bütövlüyünü tanıması münaqişənin həllində ciddi bir dönüş yaratdı. O, bu addımı ilə xarici siyasətinin mayası xalqlar arasında nifaq salıb, öz istəklərini reallaşdırmaqla yoğrulmuş Rusiyanın üzünə tərs bir sillə vurmuş oldu. Onun bu bəyanatlarından sonra Putin başda olmaqla, Rusiya rəsmiləri şok yaşadıqlarını heç kimdən gizlətmirdilər. Bu gün Paşinyanı sağdan sola, soldan sağa nə qədər yıxıb sürüsək də onun Qarabağ probleminin çözülməsindəki pozitiv mövqeyini dəyərləndirməliyik. Yadımıza salaq, sərhədlərimizdə hər gün atışma olsa da, 19 sentyabrda keçirdiyimiz bir sutkalıq antiterror əməliyyatları zamanı Ermənistan sərhədlərindən Azərbaycana tərəfə bir dənə də olsun atəş açılmadı. Bu, Paşinyan hakimiyyətinin Qarabağ məsələsinin həllinə münasibətinin ifadəsi idi. Antiterror əməliyyatlarından sonra Rusiyanın Qarabağdakı sülhmərəmlılarla bağlı Ermənistanla danışıqlar aparmaq istəyinə isə Ermənistan rəhbərinin “bu, artıq Azərbaycanın daxili işidir, gedin bu məsələni Azərbaycanla müzakirə edin” deməsi Rusiya hökumətinin üzünə vurulan növbəti sillə oldu. Prezident İlham Əliyev də Paşinyan hakimiyyətinin bu hərəkətlərinin pozitiv addımlar olduğunu dəyərləndirdi. Paşinyan da bilirdi ki, Qarabağ münaqişəsi həll olmadıqca Ermənistanın bir dövlət kimi varlığı təhlükə altında qalacaq. İndi təsəvvür edə bilərikmi, bu müddət ərzində Ermənistan hakimiyyətinin başında Rusiyanın kuklası rolunda olmuş Sərkisyan və Köçəryan kimi biri olsaydı, nələr baş verərdi? Paşinyan atdığı addımlarla Ermənistanın bir dövlət kimi yaşaya bilməsi üçün öz xalqı qarşısında çox iş görmüş oldu.

Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanda hakimiyyətə kimin gəlməsi heç nəyi dəyişə bilməz. Biz artıq ərazi bütövlüyümüzü təmin etdik və məcburi köçkünlərimizi işğaldan azad olmuş torpaqlarımıza qaytarırıq. Bu işi də yaxın bir neçə ildə tam başa çatdırmağı hədəfləyirik".

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı: “Onun işi hələ başa çatmayıb”

Siyasi analitik Asif Nərimanlı yaxın vaxtlarda erməni baş nazirin devrilmə ehtimallarının çox az olduğunu söylədi: “Paşinyanın devrilməsi ilə Azərbaycana qarşı revanşizmin praktiki təhlükə yaradacağı ehtimalı azdır. Birincisi, Ermənistanın bu gücü qalmayıb, ikincisi, bölgədəki reallıqlar, xüsusilə Rusiya və Türkiyənin regionla bağlı ortaq maraqları sülh perspektivindən yanadır. Təbii ki, Paşinyanı əvəz edəcək revanşistlər Azərbaycana qarşı Qarabağla bağlı nəsə etməyə çalışa bilərlər, çünki onların əsas proqramında bu yer alır və iqtidara gələcəkləri təqdirdə nəsə vədlər verməlidirlər. Məhz bu amil Paşinyanın yaxın perspektivdə devrilməsi gözləntisini azaldır. Bizim üçün, elə regionda əsas oyunçu olan Rusiya və Türkiyə üçün də Paşinyan hələ lazımdır. Kommunikasiyanın açılması, sərhədin delimitasiyası, sülh sazişinin imzalanması işi qalıb və bunu Paşinyan etməlidir. O, üzərinə müəyyən öhdəliklər də götürüb. Onu əvəz edəcək qüvvələr bu öhdəliyini yerinə yetirməkdən boyun qaçıra bilərlər. Fikrimcə, Paşinyanın işi hələ başa çatmayıb”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR