Onlayn ictimai-siyasi qəzet
Martın 11-də Türkiyənin 10 media orqanını təmsil edən jurnalistlər İrəvanda Ermənistan baş naziri Nikol Paşinyandan müsahibə götürüblər. Üç gün çəkən səfər çərçivəsində digər erməni rəsmi şəxslər və ekspertlərlə də görüşüblər.
Jurnalistlər iki ölkə sərhədindəki fəaliyyətə hazır olan “Maraqara” nəzarət-keçid məntəqəsinə də baş çəkiblər. “Yeni Müsavat” müsahibədə iştirak edən NTV kanalının əməkdaşı Mete Çubukçu ilə həmsöhbət olub. Türkiyəli jurnalist qəzetimizə bildirib ki, səfərdə “CNN Türk”, “Hurriyet”, “Daily News”, “T24", ”Anadolu", “İhlas”, “Sözcü”, “Mediascope” kimi media qurumlarının əməkdaşları iştirak edib. Onun sözlərinə görə, türkiyəli jurnalistlər İrəvandakı araşdırma mərkəzi tərəfindən Ermənistana dəvət edilib: “Biz Ermənistanın Baş naziri Nikol Paşinyanla, xüsusi təmsilçi Ruben Rubinyanla görüşdük və ”Marqara" nəzarət-keçid məntəqəsinə getdik. Paşinyanla söhbətimiz təxminən bir saat çəkdi. Üç gün Ermənistanda olduq. İrəvanı heyətlə gəzdik. Ermənistanın paytaxtında həyat normaldır. Qarabağdan gələn erməniləri görmədik. Çünki biz mərkəzdə idik. Sadə Ermənistan vətəndaşları ilə ünsiyyətdə olmaq şansımız olmadı".
Jurnalist Paşinyanla görüşdə hansı mövzulara toxunduqlarını açıqlayıb: “Türkiyə-Ermənistan münasibətləri müzakirə edildi. Daha sonra Zəngəzur dəhlizindən bəhs edildi. Ermənistan-Azərbaycan münasibətləri, görüşlər də söhbətin mövzusu oldu. Daha sonra ”soyqırımı" mövzusundan da söz açıldı. Ümumilikdə isə daha çox Türkiyə-Ermənistan özəl münasibətləri gündəm oldu, Paşinyan Ərdoğandan bəhs etdi. Paşinyan onu da bildirdi ki, Ermənistan Almatı Bəyannaməsinə bağlıdır. Baş nazir qeyd etdi ki, bu Bəyannamə Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyasının əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Paşinyan Türkiyə ilə münasibətləri sürətləndirmək və inkişaf etdirmək istəyir. Həssas mesajlar yolladı. Bir saatlıq söhbət ərzində neqativ fikir söyləmədi, əksinə, ağlabatan sözlər dedi".
Çubukçunun fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı hələ yaxın illərdə o qədər də sürətli irəli getməyəcək: “Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlayarsa, bəlkə, münasibətlərin inkişafı sürətlənər. Sülh müqaviləsi bağlanmasa, Türkiyə ilə münasibətlər də inkişaf etməz. Ermənistan Zəngəzur dəhlizi məsələsini qəbul etmir. Deyirlər ki, bizim nəzarətimiz olmayan heç nəyə icazə verməyəcəyik. Onların ”Sülh Qovşağı" layihəsi var. Düşünürlər ki, bu layihə daha uyğun variantdır.
Paşinyan Ermənistan və Türkiyə arasında başlayan bu dialoqun çox vacib olduğunu bildirib: “Mənə tez-tez sual verirlər ki, Ermənistan-Türkiyə münasibətlərində hansı nəticələr əldə olunub. Təbii ki, biz adətən xüsusi nümayəndələrimiz formatında aparılan danışıqlarda Ermənistanla Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı razılığın əldə olunduğunu deyirik və təbii ki, bu razılaşmanın həyata keçirilməsini gözləyirik. Bu razılaşma 2022-ci ilin yayında əldə olunub, lakin hələ də həyata keçirilmədiyi üçün çoxları bunu Ermənistan-Türkiyə münasibətlərində heç bir nəticənin olmaması kimi şərh edir”.
Türkiyəli jurnalist deyib ki, Paşinyan Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş olmadığına dair açıqlamaların olduğunu və bununla razılaşmadığını bildirib: “Bildirdi ki, Ermənistan və Türkiyənin diplomatik nümayəndələri birbaşa əlaqədədir. Yenə də deyirəm, kənardan bu, hiss olunan nəticə kimi görünməsə də, mənim üçün və dövlət idarəetmə sistemində olan insanlar üçün bu, hiss olunan nəticədir. Çünki əvvəllər bir-birimizin perspektivini aydınlaşdırmaq imkanımız belə yox idi. Ankarada insanların nə düşündüklərini adətən üçüncü ölkələr vasitəsilə öyrənirdik. Ankara da İrəvanda deyilənləri üçüncü ölkələr vasitəsilə öyrənirdi. İndi bizim nümayəndələrimiz birbaşa zəng vurub deyirlər ki, ”buna münasibətiniz necədir?" Bu, son dərəcə vacib bir inkişafdır və əminəm ki, bunun nəticəsi olacaq. Bundan əlavə, biz qarşılıqlı olaraq tərəflərin hansı çətinliklərlə üzləşdiyini, hansı məsələlərin olduğunu, hansı məsələlərin əlavə aydınlıq tələb etdiyini, hansı məsələlərə baxışlarının fərqli olduğunu daha yaxşı başa düşürük. Açıq deməliyəm ki, mən bunu çox mühüm qazanc kimi görürəm".
Müsahibimiz söyləyib ki, Paşinyan bu müddət ərzində prezident Ərdoğanla bir neçə dəfə görüşdüyünü, telefon danışıqlarının olduğunu deyib: “Xarici işlər nazirləri əlaqə saxlayıblar və əlaqə saxlamaqda davam edirlər. Regional idarəetmə və infrastruktur nazirimiz həmkarı ilə əlaqə saxladı. Bundan əlavə, təhsil, elm, mədəniyyət və idman naziri də danışıqlar aparıb. Xüsusi nümayəndələr də bir-biri ilə ünsiyyətdədirlər. Aramızda konkret əməkdaşlıq nümunələri var. Bu yaxınlarda Türkiyə tərəfindən axtarışda olan və ya ittiham olunan iki nəfəri Türkiyəyə ekstradisiya etdik. Bunlar böyük nailiyyətlər kimi görünməyə bilər, lakin əvvəlki dövrdə harada olduğumuzu nəzərə alsaq, bu, əlbəttə ki, çox mühüm irəliləyişdir. Ancaq bunun dinamik bir proses olduğunu vurğulamaq çox vacibdir və əlbəttə ki, bu dinamikanın dayanmaması və davam etməsi üçün səy göstərilməlidir. Bu, digər amillərlə yanaşı, iki ölkə liderlərinin və hökumətlərinin siyasi iradəsindən də asılıdır. Mən siyasi iradə görürəm, amma vacib olan odur ki, bu siyasi iradə qarşılıqlı şəkildə inkişaf etməyə davam edir - Paşinyan dedi”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ