Onlayn ictimai-siyasi qəzet
Ermənistanı və Cənubi Qafqazı nələr gözləyir...
Rusiya-Ukrayna müharibəsinin şərti olaraq birinci mərhələsində (Tramp dövrünə qədər) müttəfiqlərlə onların düşmənləri arasında manevr edərək yaxşı mənfəət qazanan Ermənistan hökuməti üçün şərtlər tamamilə dəyişib. Onun siyasi, iqtisadi, hərbi dayağı hesab olunan ABŞ-Avropa İttifaqı arasında getdikcə dərinləşən uçurum yaranıb.
Bunun əksinə, Birləşmiş Ştatlar Paşinyanı hakimiyyətdən qovmağa çalışan Rusiya ilə münasibətləri sürətlə bərpa edir. Hətta münasibətlər o qədər yaxşılaşıb ki, prezident Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-a yeni səfir təyin edib.
Bu arada erməni türkoloq Ruben Safrastyan iddia edib ki, yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın ümumi təsir dairəsində qalacaq: “Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıqdır və düşünürəm ki, ABŞ da bununla razılaşacaq. Türkiyə Yaxın Şərqdə böyük bir oyuna başlayıb və o oyundan daha çox faydalanmağa çalışır, resurslarının böyük hissəsini də Yaxın Şərqə yönəldib. Buna görə də Ankara status-kvonu saxlayacaq və Cənubi Qafqazda çox fəallıq göstərməyəcək. Təbii ki, Türkiyənin son məqsədi Cənubi Qafqazı Türkiyənin təsir dairəsinə çevirməkdir, lakin indi bu, baş verməyəcək. İrana gəlincə, hazırda ciddi daxili problemləri olduğu üçün Cənubi Qafqazda aktiv olmayacaq”, - deyə Safrastyan qeyd edib.
Bəs Ermənistan bu labirintdən necə çıxacaq? ABŞ-Rusiya yaxınlaşması, Avropa İttifaqı-Rusiya qarşıdurması Ermənistana nə vəd edir? Türkiyənin qarşıdakı dövrdə Cənubi Qafqazda mövqeləri güclənəcək, yoxsa hazırkından o tərəfə keçməyəcək?
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, son iki ayda dünyada baş verən çox ciddi geopolitik dəyişikliklər Güney Qafqazdakı proseslərə də əhəmiyyətli dərəcədə təsir edir: "Son beş ildə qarşıdurma vəziyyətində olan ABŞ-la Rusiya arasında danışıqlar bərpa olunur, münasibətlər normallaşmağa doğru gedir və tərəflər artıq diplomatik münasibətləri bərpa edirlər, səfirlər təyin olunmaqdadır. Bu, yeni bir vəziyyət yaradır. 2022-ci ildən bəri ABŞ-Rusiya qarşıdurmasından faydalanmağa çalışan və buna xeyli dərəcədə nail olan Nikol Paşinyan iqtidarı hazırda komfortlu vəziyyətdə deyil. Bayden administrasiyası ilə sıx əlaqələrə malik olan Paşinyan və onun komandası seçkilər dönəmində də Demokratların namizədi Kamala Harrisə açıq dəstək verməklə özlərinin həm də yeni administrasiya ilə münasibətlərində müəyyən problemlər yaratdılar. Bundan başqa, Bayden administrasiyası ilə 14 yanvarda gedərayaq "Strateji tərəfdaşlıq xartiyası"nın imzalanması da Ermənistanı vəziyyətdən çıxarmaq üçün yetərli sayılmır. Yeni administrasiya ilə əlaqələr qurmaq cəhdi hələ ki uğurla nəticələnməyib. Keçən ay Paşinyanın dəvətsiz şəkildə Amerikaya getməsi və orada Trampla görüşə cəhd etməsinin uğursuz nəticələnməsi, vitse-prezident Venslə ayaqüstü görüş Ermənistan üçün hələlik hansısa dividentlər gətirmir. Digər tərəfdən, Amerika-Rusiya yaxınlaşmasının, Ukraynada müharibənin bitirilməsinin, şübhəsiz, Ermənistan üçün, həmçinin Cənubi Qaqfaz üçün də təsirləri olacaq, Rusiya Ukraynada istəklərinin əhəmiyyətli hissəsini əldə edəcək və bu da Rusiyanın mövqeyini gücləndirəcək. Bütün hallarda Rusiya əvvəllər də bəyan etdiyi kimi, Cənubi Qafqazdan çıxmaq niyyətində deyil. Avropa İttifaqı və Bayden hökuməti son dörd ildə Rusiyanın bölgədən çıxarılması üçün ciddi fəaliyyətlər həyata keçiriblər, Rusiyanın Ermənistanda nüfuzu xeyli zəiflədilib, amma son dövrlər biz Ermənistanda rusiyameylli qüvvələrin güclənməkdə olduğunu görürük".
Politoloq qeyd etdi ki, Ermənistanda yeni proseslərin başlanmasının da işartıları görünməkdədir. Hazırda Ermənistanın Avropa İttifaqı və Amerikadan birgə dəstək alması imkanları isə məhduddur: “Avropa İttifaqı ilə ABŞ hazırda özlərinin son 80 ildə münasibətlərinin heç də yaxşı dövrlərini yaşamırlar, tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə beynəlxalq siyasətə münasibətdə, Ukrayna müharibəsi ilə bağlı mövqelərə görə tərəflər arasında fikir ayrılıqları var. O baxımdan Ermənistanın vəziyyəti həm də buna görə mürəkəbləşir ki, Rusiyanın aktivlşməsi fonunda ABŞ tərəfindən Cənubi Qafqaza hələlik hansısa ciddi maraq hiss olunmur. Çünki Tramp administrasiyasının bu gün əsas üç prioritet istiqaməti var. Birincisi, Rusiya-Ukrayna savaşının dayandırılması, ikincisi isə Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi, İranla danışıqlar məsələsi və Çinlə münasibətlərdir. Güney Qafqaz hələlik Tramp hökumətinin maraq dairəsində deyil, amma o demək deyil ki, hər zaman belə olacaq. Şübhəsiz ki, nə zamansa o qeyd etdiyimiz məsələlər yoluna qoyulandan sonra Cənubi Qafqaza da bir baxış olacaq. Çünki Güney Qafqazda da qlobal güclərin maraqlarının kəsişməsi baş verməkdədir. Xüsusilə Orta dəhliz məsələsi ilə bağlı Qərb və Şərq bloku müxtəlif maraqlara malikdir. Bu baxımdan xüsusilə kommunikasiya ilə bağlı məsələlər, o cümlədən Mərkəzi Asiya ilə əlaqələr məsələsi Tramp administrasiyasını nə qədər maraqlandıracaq, yaxud bu məsələlərdə İsrailin mövqeyi necə olacaq kimi suallar var ki, bunları da nəzərə almalıyıq”.
O.Qasımov hesab edir ki, Tramp administrasiyasında erməni lobbisi ilə bu və ya digər münasibətləri olan şəxslər olduğuna görə Ermənistan dalandan çıxması üçün bundan faydalanmağa çalışacaq.
Türkiyənin Cənubi Qafqaz bölgəsində roluna gəlincə, politoloq deyir ki, qardaş ölkənin bölgədə önəmli rolu var və olacaq: “Əsas faktorlardan biri Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsidir. Suriyada məsələlər həllini tapandan və daxildəki proseslər normal məcraya düşəndən sonra Türkiyənin Cənubi Qafqaza diqqəti bir az da artacaq. Hazırda Cənubi Qafqazdakı proseslər müəyyən qədər axarında getdiyi üçün Türkiyə proseslərə aktiv qoşulmur. Hesab edirəm ki, Türkiyənin gələcəkdə Cənubi Qafqazda da rolu artacaq. Bu, həm də dövrün tələbidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ