Onlayn ictimai-siyasi qəzet
Ermənistan cəmiyyətinin və siyasi dairələrinin ciddi təlaş içərisində olduğu müşahidə edilir. Hər halda, erməni toplumunun və məntiqdən uzaq siyasi düşüncəsinin uydurduğu ümud qaynaqlarının bir-birinin ardınca iflasa uğraması Ermənistan cəmiyyətində dərin məyusluq əhval-ruhiyyəsi yaradıb. Üstəlik, Ermənistanın mövcud durumdan çıxış yolları tapmaq şansının da neqativ məzmun daşıması rəsmi İrəvanı siyasi xaosa doğru sürükləməyə başlayıb. Və belə situasiya rəsmi İrəvanın ideoloji səhvləri siyasi məkana yerləşdirməsinin real təzahürü də hesab edilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşıb, Qərbə "qaçmaq" kursunu seçərkən, ABŞ və Avropa Birliyinin Ermənistana tam təhlükəsizlik təminatı verərək, bütün maliyyə-iqtisadi ehtiyaclarını ödəyəcəyinə ümid bəsləyirdi. Ancaq Bayden administrasiyası və Brüsseldəki siyasi strateqlər rəsmi İrəvana çeşidli vədlərdən başqa heç nə vermədi. Üstəlik, Ermənistan üçün həyati əhəmiyyət daşıyan təhlükəsizlik mexanizmlərini aldı. Və qeyri-müəyyənlikdə buraxdı.
Ona görə də, rəsmi İrəvan Qərblə Rusiya arasında tərəddüdlər içərisində xaotik hərəkət etməyə məhkum olunmuş vəziyyətə düşüb. Rusiya ilə hərbi-siyasi körpüləri uçurmaq həddinə yaxınlaşan rəsmi İrəvan hələ də ABŞ və Qərbin Ermənistana "nəvaziş" göstərəcəyinə ümidlərini aktual saxlamağa çalışır. Bayden administrasiyasından gözlədiyini ala bilməyən Paşinyan hakimiyyəti indi də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mərhəmətinə siyasi-psixoloji yatırım etməyə can atır. Və bu məsələdə yenə də Ermənistanın özü kimi avantürist "bacı"sı Fransaya güvənir.
Maraqlıdır ki, Suriya və İran ətrafında yaranmış situasiyadan ciddi təlaş keçirən Ermənistan cəmiyyətində indi də baş nazir Nikol Paşinyanın Ağ Evin yeni sahibi Donald Trampla çəkdirdiyi fotoda gələcəyə yönəlik ümid qaynağı Bütün bunlar Ermənistanın, həmin fotoda baş nazir Nikol Paşinyanın təlaşlı görüntüsü qədər ağır durumda olduğunu təsdiqləyir. Və rəsmi İrəvanın Ermənistanın gələcək taleyini ciddi şəkildə dolaşığa saldığını göstərir.
Hər halda, Ermənistanın bütün maliyyə-iqtisadi qaynaqları Kremlin əlində cəmləşib. Ermənistan iqtisadiyyatı Rusiya ilə inteqrasiya olunmuş vəziyyətdədir. Yəni, Kreml Ermənistanı tam şəkildə Rusiyanın məngənəsində olan coğrafi məkana çevirməyə nail olub. Rəsmi İrəvan isə bunun paralelində ABŞ və Avropa Birliyinin təlimatları ilə Rusiya ilə siyasi qarşıdurma vəziyyəti yaradıb.
Ona görə də, Paşinyan hakimiyyəti Ermənistan iqtisadiyyatının mövcudluğunu təmin edən Avrasiya İqtisadi İttifaqının növbəti zirvə toplantısını məhz İrəvanda keçirməyə cəsarət etmir. Çünki Paşinyan hakimiyyəti Ermənistanı Qərbin geopolitik müstəmləkəsinə çevrilməklə, milli maraqlar çərçivəsində müstəqil siyasi qərarlar vermək "pəncərə"sini böyük ölçüdə qapadıb. Və indi rəsmi İrəvan bu əlverişsiz situasiyanı daha da qəlizləşdirməkdən başqa heç nəyə qadir deyil.
Məsələ ondadır ki, Rusiya-Ermənistan münasibətlərinin əhəmiyyətli dərəcədə soyumasına paralel olaraq, Paşinyan hakimiyyətinin həm də açıq-aşkar və israrla Qərbyönümlü siyasi kursa bağlı olması rəsmi İrəvan üçün növbəti dəfə ciddi geopolitik böhran yaradır. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsinin sədri Tomoko Akane ilə Haaqada keçirdiyi görüşdə rəsmi İrəvanın beynəlxalq hüquq normalarının gücləndirilməsi məqsədilə BCM ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Halbuki, 2023-cü ilin oktyabrında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Ermənistanın hələ də müttəfiqi olan Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Ona görə də, Kreml rəsmi İrəvanın Roma statunu ratifikasiya qərarını Ermənistan-Rusiya münasibətləri kontekstində yanlış hesab edib. Moskvadan gələn sərt tənqidlər və təhdidlər onu göstərir ki, Rusiya hələ də öz formal müttəfiqinin hər bir addımını diqqətlə izləyir və rəsmi İrəvanı reallığa qaytarmağa çalışır. Və bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin Avrasiya İqtisadi İttifaqının növbəti toplantısını İrəvanda keçirməyə cəsarət etməməsinin səbəbləri tamamilə aydındır.
Hər halda, Ermənistanda Roma statutu hüquqi qüvvə qazanıb. Xarici işlər naziri Ararat Mirzoyan isə BCM-nin sədri ilə görüşdə rəsmi İrəvanın beynəlxalq hüquq normalarının gücləndirilməsi üçün bu qurumla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Yəni, əgər, Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı İrəvanda keçirilsə və prezident Vladimir Putin də qatılsa, deməli, Ermənistan Kreml sahibini həbs etmək öhdəliyi götürüb. Və rəsmi İrəvan hər iki istiqamət üzrə Ermənistana fəlakət vəd edən bu təhlükəli situasiyadan yayınmaq üçün Avrasiya İqtisadi İttifaqının toplantısını elə Rusiyada keçirtməyə cəhd göstərir.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin həbsi barədə düşünməyə belə, cəsarət etməz. Ancaq indiki situasiyada Ermənistanın belə bir siyasi-hüquqi öhdəliyə malik olması Kremli ciddi şəkildə qıcıqlandırır. Kremldə Qərbə can atan Paşinyan hakimiyyətinə Ermənistanın bütün iqtisadi-ticari əlaqələrinin məhz Rusiyaya bağlı olduğunu daha tez-tez xatırlatmağa da başlayıblar. Və bu, rəsmi İrəvanın davranışlarının Kremlin səbrini tükəndirmək üzrə olduğunu göstərir.
Digər tərəfdən, yaxın gələcəkdə bütün iqtisadiyyatı Rusiyaya bağlı olan Ermənistanın Rusiyanın dəstəyinə daha çox ehtiyacı ola bilər. Belə ki, Suriyada Əsəd rejiminin çökməsi Ermənistanda əhalinin sayının artmasına səbəb olmaq üzrədir. Çünki daha təhlükəsiz həyat axtarışına çıxan suriyalı ermənilərin Ermənistana axın etməyə başladığı barədə məlumatlar mövcuddur.
Yəni, Paşinyan hakimiyyətini yeni problemlər və daha ağır yük gözləyir. Üstəlik, bu, yalnız sosial-iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. Kremlin dəstəyi olmadan, Rusiya kəşfiyyatının fəal işlədiyi etnik kontingentlərin sırasındakı suriyalı ermənilərin yaradacağı siyasi və sosial-iqtisadi problemlərin öhdəsindən gəlmək Paşinyan hakimiyyəti üçün qətiyyən asan olmayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
12 Dekabr 2024
11 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ