İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan komandasını təzələyir: xarici işlər naziri də gedir?

Ermənistan hakimiyyəti payız hazırlıqları içində; yeni təyinatlar Bakı ilə sülh anlaşmasını yaxınlaşdıracaqmı?

“Ermənistanın baş naziri hökumətin tərkibində dəyişikliklər hazırlayır”. “Yeni Müsavat” yazır ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, baş nazir Nikol Paşinyanın hökumətin tərkibində dəyişikliklər hazırladığına dair sübutlar var. “Paşinyanın mümkün həmkarları ”İşıqlı Ermənistan" partiyasının rəhbəri, xarici işlər naziri olmağa iddialı Edmon Marukyan, “Respublika” partiyasının rəhbəri, iqtisadiyyat naziri, baş nazir müavinliyinə iddia edən Aram Sarkisyan ola bilər. “Çiçəklənən Ermənistan” partiyası ilə də danışıqlar gedir, lakin onun lideri Qaqik Çarukyanı inandırmaq daha çətindir. Ancaq hakimiyyət sonda onun təslim olacağına ümid edir. Paşinyan mitinqlərin yenidən aktivləşməsini gözləyir". Qəzet qeyd edir ki, Paşinyan onun hakimiyyəti üçün hər hansı təhlükə yaransa, o, hökumətin bəzi üzvlərinin istefaya göndərməyə çalışacaq. “Mümkün qaynar siyasi payız ərəfəsində Paşinyan hakimiyyətini hər cür sığortalayır. Dünən hökumət sentyabrın 1-dən pensiyaların məbləğini 2000-3000 dram artırmaq qərarına gəlib”, - deyə qəzet əlavə edib.

Bəs gözlənilən dəyişikliyin Paşinyan hökumətinin azalan reytinqinə hansı müsbət təsirləri olacaq? XİN başçısının dəyişməsi Bakı ilə sülh danışıqlarını sürətləndirə bilərmi? Nəzərə alsaq ki, indiki xarici işlər naziri Ararat Mirzoyandan fərqli olaraq, Edmon Marukyan Qarabağ mövzusunda daha mötədil siyasətçi sayılır. O zaman bu təyinat Bakı ilə sülh anlaşmasını nə dərəcədə yaxınlaşdıra bilər?

Əgər erməni nəşrinin yazdıqları səhihdirsə, artıq bu qısa zamanda növbəti xarici işlər naziridir ki, vəzifədən uzaqlaşdırılır. Bundan əvvəl də Ara Ayvazyan millətçi və danışıqları pozan, qeyri-konstruktiv bir XİN başçısı kimi yadda qalmışdı, Paşinyan onunla yolları ayırdı. İndisə Mirzoyanın da çamadan ovqatında olduğu deyilir. Amma bu dəyişiklik Bakı-İrəvan danışıqlarında nəyi dəyişəcək ki?!

Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər yaradacağını  düşünmürəm”

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, “Hraparak” müxalif mediadır və bəzi məlumatları dəqiq olsa da, dezinformasiya da az deyil. Siyasi şərhçi yada salır ki, Mirzoyan ötən ilin avqustunda XİN başçısı təyin olunub: “Onun bu vəzifədə bir ili tamam olur və düşünmürəm ki, Paşinyanı qane etmir. Amma sözsüz ki, Ermənistanda bir siyasi böhran var və ondan çıxmaq üçün baş nazir tez-tez dəyişikliklərə getməyə məcbur olur. Paşinyan axtarışdadır, test edir və hakimiyyətini möhkəmləndirmək üçün bu sınaqları yoxlamaqdadır. Edmon Marukyana gəlincə, 44 günlük müharibə başa çatanda nəticənin günahını Paşinyanın üzərinə qoymuşdu. Partiya sədri demişdi ki, Pas?inyanın yürütdüyü siyasət və imza atdığı müqavilə nəticəsində belə oldu. O deyirdi ki, biz məğlub liderlə yaşaya bilmərik, getməlidir. Ona görə Paşinyanın bu mövqedə olan birini xarici işlər nazir təyin edəcəyi çox qəribə görünür. Fikrimcə, Mirzoyanla davam edəcək. Hazırda Ermənistanın müstəqil xarici siyasəti yoxdur. Bu gün Paşinyan iki stulda oturmaqdadır: gah ABŞ-ın qucağına qaçır, gah Rusiyadan mədəd diləyir”.

Ekspertin sözlərinə görə, XİN başçısı dəyişsə belə, Azərbaycanla danışıqlarda fundamental nəticə olmayacaq: “Çünki nazir rəsmi İrəvanın mövqeyini ifadə edən fiqurdur. Nazirlərin dəyişməsi sülhə doğru yaxınlaşmağa səbəb ola bilməz, əgər Paşinyan sülh sənədi istəyirsə, ərazi bütövlüyümüzü tanımalıdır. Ermənistan sülh müqaviləsindən yayınır. Biz ilyarım ərzində müsbət siqnallar ala bilmirik. İrəvan müxalifətin və revanşistlərin təsirindən uzaqlaşa bilmir. Üstəlik, Vaşinqton onu həvəsləndirir ki, Minsk Qrupu reanimasiya edilsin. Ona görə təzyiqləri artırmalıyıq, Ermənistan hakimiyyəti götürdüyü öhdəlikləri bir-bir icra etməlidir. Ola bilsin ki, Paşinyan komandasını təzələsin, müxalifət ölkədə qarışıqlıq yaratmağa çalışır, amma bizi onun öz addımları maraqlandırır. Hər halda Mirzoyan Paşinyana çox yaxındır və Manukyandan daha münasib kadrdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR