İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdən Avropanın ermənipərəstlərinə sərt etirazlar

Deputat Vahid Əhmədov: "Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsini bir sıra çevrələr həzm edə bilmirlər"

 

Oktyabrın 24-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Ceyhun Məmmədov bildirdi ki, bir neçə gündür Ermənistan rəsmiləri ard-arda Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar verirlər: “Məlum olduğu kimi, Qarabağdan çıxan ermənilər özləri dəfələrlə bəyan etdilər ki, onlara Qarabağdan çıx deyilib, ona görə onlar bu əraziləri tərk ediblər. Burada digər diqqətçəkən məsələ Qərb dövlətlərinin parlamentlərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir. Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir. Heç şübhəsiz ki, bu məsələdə birmənalı olaraq heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur”. Ermənilərin iddia etdiyi təzminata gəldikdə, deputat bildirdi ki, onu Azərbaycan yox, Ermənistan verməlidir: “10 000 kv.km ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə. Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi, azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur”. C.Məmmədov Ermənistanı himayə edən ölkələrin əsassız iddialarını da cavablandırdı: “Burada yenə belə bir haqlı sual yaranır: niyə həmin bu dövlətlər Azərbaycana qarşı eyni münasibəti sərgiləmirlər? Ermənilər işğal etdikləri rayonlarımızda bütün dini abidələri dağıdıblar. Buradakı muzeylərdə olan tarixi abidələri Ermənistana və Avropaya daşıyıblar. Şuşa xalçalarını Ermənistanda erməni xalçası kimi təqdim ediblər. Görünür, yalançı xristian təəssübkeşliyi buna imkan vermir. Ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıdıb və ya saxtlalaşdırıblar. Biz hələ 8-ci əsrdə ermənilərin albanlara qənim kəsilərək həmin dövrdə erməni keşişin ərəb xəlifəsinə alban din xadimindən şikayət etdiyini və məktub ünvanladığını yaxşı xatırlayırıq. Məhz ermənilərin təhriki ilə 1836-cı ildə sinodun qərarı ilə Alban Apostol Kilsəsi ləğv olunaraq onun bütün mədəni irsi erməni kilsəsinə verildi. Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aidiyyəti yoxdur. Ermənistanın havadarları narahat olmasınlar. Onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. Burada düşünürəm həmin Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsilərək onları dağıdıb və ya saxtalaşdırıblar.  Burada təzminatı Azərbaycan yox, Ermənistan verməlidir, həm də albanların pozulmuş hüquqlarına görə”.

Komitə sədri Siyavuş Novruzov da həmkarının fikirlərini bölüşdüyünü bildirdi və Avropa İttifaqının, həmçinin bir sıra Avropa ölkələrinin anti-Azərbaycan siyasətindən danışdı. Bildirdi ki, bu gün Avropa İttifaqına daxil olan və Avropa ölkələrinin bir qrupunun Azərbaycana qarşı ədalətsiz münasibətini müşahidə edirik: “Avropa ilə ən çox əməkdaşlıq edən Azərbaycandır, Avropanın enerji təminatında iştirak edir, çətin günlərdə bu ölkələrin yanındadır”. Deputat dedi ki, bütün bunlara baxmayaraq, həmin paytaxtlar Azərbaycana qarşı siyasət yürüdür: “Bu, bir daha onu sübut edir ki, həmin ölkələrin böyük əksəriyyəti müstəqil deyil və müstəqil siyasət yürüdə bilmirlər. Bütün bunlara baxmayaraq, biz mübarizəmizi davam etdirməliyik, həmin ölkələrlə bağlı öz mövqeyimizi ortaya qoymalı, mövqeyimizi çatdırmalıyıq. Biz ədalətli mövqedəyik. Hər kəs bilməlidir ki, biz ermənilərə qarşı hər hansı soyqırım həyata keçirməmişik, əksinə, soyqırıma məruz qalmışıq”. S.Novruzov bildirdi ki, Tehranda baş tutan 3+3 formatlı görüşlərdən sonra ölkəmizə qarşı Avropadan təzyiqlər daha da artacaq. Bütün bunlara rəğmən deputat davamlı fəaliyyətə ehtiyac olduğunu qeyd etdi: “Avropadakı deputatlarla birbaşa əlaqələrin qurulması, onların məlumatlandırılması vacib məsələlərdəndir. Milli Məclis bu istiqamətdə davamlı olaraq işlər aparır. Bu işləri davam etdirmək lazımdır. Biz hər birimiz Prezidentin apardığı siyasətin arxasındayıq, heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməklə nəyəsə nail ola bilməz”.

Deputat Vahid Əhmədov bildirdi ki, 44 günlük müharibədə və 19-20 sentyabr antiterror tədbirində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini bir sıra çevrələr həzm edə bilmirlər. V.Əhmədov Qarabağdan ermənilərin köçməsinə görə Azərbaycanın ittiham olunmasını əsassız adlandırdı və bildirdi ki, bu iddianı sübut edəcək heç bir arqument yoxdur: “Hətta bizim əlimizdə BMT kimi nüfuzlu təşkilatın rəyi var. Rəydə bildirilir ki, Azərbaycan erməniləri qovmayıb”. Deputat qeyd etdi ki, Tehranda baş tutan 3+3 formatında keçirilən görüşdə də ərazi bütövlüyü, suverenlik məsələsinə xüsusi önəm verilib, bu məsələlər yekun bəyanatda əksini tapıb. Ermənilərin yenidən Qarabağa qayıtması məsələsinə gəldikdə, V.Əhmədov bu məsələyə həssas yanaşmanın zəruri olduğunu vurğuladı: “Heç kim təminat verə bilməz ki, 20-30 ildən sonra həmin icma yenidən Azərbaycana qarşı təxribatlara əl atmayacaq. Bizim humanistliyimiz həmişə bizə qarşı problem yaradıb”.

Deputat Azay Quliyev qeyd etdi ki, bu gün Qarabağdan köç edən 100 min erməninin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və Qərb mətbuatında çox danışılır: “Ancaq biz yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında  yenə də manipulyasiyaya və təhrifə yol verir. Axı  5-6 həftə bundan öncə bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar ki, Qarabağda 120 min erməni var və onlar "blokada"dan əziyyət çəkirlər. İndi isə deyirlər ki, Qarabağdan köç edənlərin sayı 100 min, orada qalanların sayı isə 50 nəfərdir. Sual olunur, iddia etdiyiniz 120 min adamın 20 mini haradadır?  Bəs onlar hara qeyb oldular? Yoxsa başqa planetə köçdülər, xəbərimiz yoxdur? Aydındır ki, nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirmir və bu, Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyildir. Heç kimə sirr deyil ki, Paşinyan hökuməti  “köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi “humanitar böhran”ı Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir". O ki qaldı Ermənistana gedən Qarabağ ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaitə, A.Quliyev bildirdi ki, BMT bu rəqəmi 100 milyon dollar civarında olduğunu müəyyən edib: “Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdur, ona görə ki, Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da, 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür”.

Deputat başqa bir məsələdən də bəhs etdi: “Son günlər Ermənistan, o cümlədən bir sıra ölkələr və beynəlxalq təşkilatlar çağırış edirlər ki, Azərbaycan Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz Qarabağa geri qayıtmalarını təmin etməlidir. Buradakı "qeyd-şərtsiz" ifadəsi başadüşülən  və qəbuledilən deyil. Əlbəttə, Azərbaycan hökuməti Qarabağ ermənilərinin geri dönməsində maraqlıdır və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin geri dönüş Azərbaycanın vətəndaşlığını və yurisdiksiyasını qəbul edən Qarabağın əsl sakinlərinə şamil ediləcək. İşğal zamanı başqa ölkələrdən, o cümlədən Yaxın Şərqdən gətirilib torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar heç bir halda geri qayıda bilməz. Çünki işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub və hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavablandırırlar. Eyni zamanda geri dönüş bir tərəfə deyil, hər iki tərəfə olmaldır, yəni Qərbi Azərbaycandan qovulan 300 min soydaşımız da təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə və doğma torpaqlarına geri dönmək imkanı əldə etməlidirlər".

Komitə sədri Zahid Oruc çıxışında bildirdi ki, avropalı məmurların məqsədi ölkəmizə “işğalçı” ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır: “Halbuki Prezident "Zəngəzur dəhlizində hərbi planımız yoxdur" dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, De Velt nəşri, faşist təmayüllü Annelina Berbok bunları görmür".

Deputat Etibar Əliyev maraqlı girişlə başladı. Bildirdi ki, “Avropa İttifaqı belələrinə qurumun adından danışmağa rəvac verir. Erməni faşizminə dəstək göstərən belə siyasətçilərin təhtəlşüurunda faşizm cizgiləri hələ də qalır. Və belələri ifşa olunmalıdır”. Deputat davamında ikili standartlı qüvvələri ifşa məzmununda bunları bildirdi: “BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında Ararat Mirzoyanla Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalını, millətimizə  qarşı etnik təmizləmə və amansız cinayətləri pisləməkdən həmişə çəkinən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin ortasında əyləşmiş Almaniyanın xarici işlər naziri Annalena Berbok sanki onların çıxışlarını köçürmüşdü. Bunlar bilərəkdən özlərini erməni  faşizmindən xəbərsiz kimi aparır və vicdansızlıq edirlər. Günter Qrass bu məşhur romanını 2008-ci ildə yazıb. O zaman Maykl Rotun 33, Annalena Berbokun isə 23 yaşı var idi. Böyük yazıçı onlara bənzər obrazlarda  faşizmə necə yuvarlanmağı çox gözəl təsvir edib. Biz belə siyasi tiplərin mövqeyini alman xalqının mövqeyi kimi qəbul etmirik. Lakin faşizmi və barbarlığı dəstəkləyən siyasilərin addımlarını hər iki tərəf qarşılıqlı olaraq pisləməlidir. Qünter Qrassın təbirincə desək, neofaşizm hər gün lənətlənməlidir”.

Daha sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə keçildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR