İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə mühüm müzakirələr

Avropaya etiraz edildi, sərt cəzalarla bağlı qanun layihəsi təsdiqləndi

Oktyabrın 22-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, bugünlərdə Moldovada seçkilər keçirildi və orada hətta referendumun nəticələrini xaricdə yaşayan moldovanların verdiyi səs dəyişdi: “Azərbaycan vətəndaşlarının da əhəmiyyətli bir hissəsi xarici ölkələrdə işləyir, yaşayırlar. Onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur. Ona görə də onlar bu imkanlardan məhrum olurlar. Bir çox ölkələrin də təcrübəsi var. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər heç olmasa pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxaq. Bunu icra hakimiyyəti orqanları ilə də müzakirə edə bilərik. Onlar özlərinin PİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilsinlər”.

Deputat Tural Gəncəliyev bildirdi ki, Avropa Parlamenti Azərbaycanla bağlı guya “ermənilərin hüquqların pozulması, Azərbaycanda insan azadlıqlarının vəziyyəti” adlı dinləmələr keçirir. Bunu qəbulolunmaz sayan T.Gəncəliyev bildirdi ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı təşəbbüs qrupunun yaradılması təqdirəlayiq haldır. Deputat qeyd etdi ki, əslində qərbi azərbaycanlıların hüquqları məsələsi müzakirə mövzusu olmalıdır. “Məhz Avropa Parlamenti Ermənistandan tələb etməlidir ki, Azərbaycana vurulmuş zərəri ödəməyin vaxtıdır”, - deyən T.Gəncəliyev  vurğuladı ki, vaxtilə Almaniyanın qarşısında vurduğu ziyanın ödənilməsi barədə tələb qoyulmuşdu.

Deputat Sahib Alıyev bildirib ki, Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən sənədin   mətni neçə gün öncə Parisdə yazılıb: “Bu kağız parçasının həmin parlamentin yeni tərkibində də  korrupsiyada suçlu bilinərək tutulan  keçmiş sədrlərinin,  xristian təəssübkeşliyi adı altında elə  həmin Qərbin təsir agentlərinin  Makron kimi səriştəsiz liderin əmrində olduqlarını  göstərməkdən başqa heç bir anlam daşımır. Bu qətnamənin məhz Kazanda BRİCS sammitinin keçirildiyi gündə qəbulunun nəzərdə tutulması da çox şeydən xəbər verir. İlk növbədə ondan xəbər verir Qərbdəki bəlli çevrələr qarşılarında necə bir səddin çəkilməyə  başlandığını, Azərbaycanla Türkiyə prezidentlərinin ora niyə qatıldıqlarını yaxşı anlayırlar. Yaxşı anlayırlar ki, bu, 1878-ci ildə keçirilən Berlin Konqresindən qalma  siyasətlərini davam etdirmələrindən, türkə qarşı düşmənçiliklərindən qaynaqlanır”.

Komitə sədri Fazil Mustafa bildirib ki, 23 ildir mövcud olan “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib. Deputat sözügedən məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif etdi. Bildirib ki, çünki “Wikipedia”nın əsas tələbi məqalələrin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır: “Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni "Wikipedia"çılara bu məsələdə də qalib gələ bilərik".

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər üçüncü oxunuşda parlamentin müzakirəsinə çıxarılaraq qəbul edildi. Sözügedən dəyişiklikləri məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə cərimələrin artırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər 4 min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.

“Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev bildirdi ki, layihəni müdafiə edib, bu dəyişikliklər siyasi partiyaların fəaliyyətində hüquqi boşluqların doldurulmasına kömək edəcək. R.Nurullayev əlavə etdi ki, bu gün siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün hüquqi baza var: “Bununla bərabər, siyasi partiyaların daha da güclənməsi də lazımdır ki, bütün siyasi müzakirələr və məsələlər siyasi partiyalar müstəvisində olsun. Vətəndaşlar da bilsin ki, onlar üçün siyasi fəaliyyət və müzakirə siyasi partiya müstəvisində olan zaman fayda verir. Onlar da gedib şübhəli hərəkatlara, qurumlara və birliklərə qoşulmasın. Siyasi partiyalar demokratiyanın tərkib hissəsidir. Siyasi partiyalar yoxsa, demokratiyanın ölçüsü də yoxdur. Bu baxımdan onların ölçü göstərə biləcək səviyyədə inkişafı vacibdir. Bu həm də onun üçün lazımdır ki, onlar beynəlxalq birliklərdə öz maddi-texniki bazaları ilə sərbəst şəkildə iştirak edə, Azərbaycan adına işlər görə və ölkəmizi layiqincə təmsil edə bilsinlər. Siyasi partiyaların maddi-texniki bazası elə olmalıdır ki, onlar həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda xalqa və dövlətə xidmət etməkdə sıxıntı ilə üzləşməsin”.

Deputat Aydın Mirzəzadə isə həmkarlarının ayrı-ayrı partiyaların rəhbərləri barədə səsləndirdiyi fikirlərə reaksiya verdi. YAP-çı deputat həmin partiyaların sədrlərinin adlarının plenar iclaslarda çəkilməsinə etirazını bildirdi:  “Seçicinin qarşısına çıxa bilməyən partiya rəhbərinin adını vaxtaşırı burada səsləndirməyə nə ehtiyac var? O şəxslər heç bir qüvvəyə malik deyillər”. A.Mirzəzadənin sözlərinə görə, o qüvvələrdən, o şəxslərdən danışmaq lazımdır ki, onlar doğrudan da real qüvvədir: “Açığını deyim ki, heç bir ehtiyac olmadan kimlərinsə adının parlamentdə səslənməsinin səbəbini başa düşə bilmirəm”.

Komitə sədri Siyavuş Novruzov siyasi partiyalarla bağlı qanunvericiliyə təklif edilən dəyişikliklərdən bəhs etdi. Bildirdi ki, partiyaların faəliyyətində şəffaflığın təmin olunması olduqca zəruridir. S.Novruzovun sözlərinə görə, qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır. Komitə sədri dedi ki, bu gün o partiyalar qarayaxmalarla məşğuldur, xarici kəşfiyyatla işləyirlər: “Azərbaycan Ordusu, Azərbaycandakı tikinti-quruculuq işləri, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması haqqında qarayaxmalar aparırlar. Odur ki, biz öz sözümüzü deməliyik, mövqeyimizi bildirməliyik ki, bunlar şər-böhtandır”.

 

Spiker Sahibə Qafarova bildirdi ki, sosial şəbəkələrdə daha fəal olmaq gərəkdir: “Bu iddialar harada yayılırsa, elə orada da cavablarını vermək lazımdır”.

Deputat Azay Quliyev dedi ki, bu dəyişikliklər qanunvericilikdə mövcud boşluqların aradan qaldırılmasını, siyasi sistemin daha da təkmilləşdirilməsini və siyasi partiyaların fəaliyyətinin şəffaf və qanuni əsaslarla tənzimlənməsini nəzərdə tutur. Deputat dedi ki, "Siyasi partiyalar haqqında" Qanuna əsasən gələn ildən etibarən ilk dəfə olaraq yalnız parlamentdə mandat əldə edən 11 partiya deyil, parlament seçkilərində iştirak edən bütün partiyalar da namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcək: “Bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir. Beləliklə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i büdcədən maliyyə alacaq. Hesab edirəm ki, dövlətin bu addımı həm siyasi partiyaların maliyyə müstəqilliyinə töhfə verəcək, həm də hakimiyyətin dialoq siyasətinin nəticələrindən biri kimi siyasi institutlara öz missiyalarını yerinə yetirmək və təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq”.

İclasda “Minatəmizləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olundu və qəbul edildi.

Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında dedi ki, belə həlledici məqamda - 2022-ci il dekabrın 24-də cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına gəlişi və oradakı tarixi çıxışı soydaşlarımızın Qərbi Azərbaycana qayıdış mübarizəsində yeni səhifə açmış oldu: “Cənab Prezidentin diqqət və qayğısı, ələlxüsus bu məsələni ən mötəbər beynəlxalq formatlarda qaldırması Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə siyasi və insan hüquqları kontekstində ciddi şəkildə qəbul olunmasını təmin edib. Bu ümummilli məsələdə Milli Məclisin fəaliyyəti də diqqətçəkəndir. Təkcə onu xatırlatmaq kifayətdir ki, keçən il Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə dinləmə keçirilib, qayıdışımızın müxtəlif aspektləri geniş müzakirə olunub. Deputatlarımız dəfələrlə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı çıxışlar ediblər”.

Ə.Ələkbərli dedi ki, Milli Məclisin sədri, hörmətli Sahibə Qafarova Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılması barədə sərəncam imzalayıb: “Mən icmamız adından hörmətli xanım sədrə təşəkkür edirəm, möhtərəm Prezidentimizi, xanım sədri və bütün Azərbaycan xalqını əmin edirəm ki, bu qrup ümummilli maraqlar naminə qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq”.

Sahibə Qafarova çıxışa reaksiyasında bildirdi ki, bütün təşəkkürlər Prezidentə ünvanlanmalıdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR