İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament nə zaman və necə buraxılacaq - RƏY

Çingiz Qənizadə: “İyun ayında parlamentin buraxılması reallaşa bilər, bunun üçün iki yol var...”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda parlament seçkiləri noyabrda keçirilməlidir, lakin daha erkən tarixə çəkilə bilər.

“Noyabrda keçiriləcək növbəti parlament seçkiləri COP29 iqlim konfransının keçirilməsi ilə eyni vaxta təsadüf edir. Bu səbəbdən seçkilərin daha erkən dövrə keçirilməsi haqqında qərar qəbul edilə bilər”, - deyə MSK sədri qeyd edib.

M.Pənahov bununla əlaqədar olaraq seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi işinə başlamaq zərurətini vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir.

Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir. Hazırda gündəmdə olan suallardan biri Milli Məclisin hansı qaydada buraxılacağıdır. Belə ki, siyasi dəhlizlərdə danışılana görə, parlament ölkə başçısının müvafiq qərarı ilə buraxıla bilər. Konstitusiyanın 98-ci maddəsində qeyd olunub ki, Prezident müstəsna səlahiyyətləri çərçivəsində parlamenti buraxa bilər. Bundan başqa, konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərin) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Prezident Milli Məclisi buraxır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a şərhində qeyd etdi ki, qanunda parlamentin buraxılması və yaxud seçkilərin təyin edilməsi ifadələri var ki, bunlar ayrı-ayrı mənaları ehtiva edir.

440083.jpg (34 KB)

Çingiz Qənizadə parlamentin buraxılması üçün iki yol olduğunu bildirdi:

“Parlament səs çoxluğu ilə özü-özünü buraxa bilər. Ötən çağırışda məhz belə olmuşdu. Parlamentin 83 nəfərdən artıq üzvü parlamentin buraxılması ilə bağlı müraciət etdi. Cənab Prezident də yeni seçkinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Digər halda isə konstitusiyanın 109-cu maddəsinin 1-ci bəndinə əsasən Prezidentin Milli Məclisə seçkiləri təyin etmək hüququ var. Prezident seçkilərin təyin edilməsi ilə bağlı müddəti özü müəyyən edə bilər. Bu gün müzakirə olunan məsələ budur ki, noyabrın 3-də seçkinin keçirilməsi konstitusiya ilə uyğundur, amma Prezidentin bu müddəti önə çəkmək səlahiyyəti var. Buna görə də avqustun sonu, sentyabrın əvvəlində parlament seçkilərinin keçirilməsi ilə bağlı müddətin təyin edilməsi hüququ saxlanılır. Parlamentin hansı qaydada buraxılacağını zaman göstərəcək. Təcrübədə parlamentin özünü buraxması institutu olub, yəni presedent var. Ola bilər ki, may ayının sonlarında, yaxud iyunun birinci hissəsində parlament yenidən işləmək üçün imza toplayacaq və iyun ayında işləyəcəklər. Çünki qanuna görə, may ayının sonunda parlamentin işi bitməlidir. Amma adətən deputatların bir qisminin müraciəti əsasında parlament iyun ayında da işləyir. Bu baxımdan iyun ayında parlamentin buraxılması reallaşa bilər. Yaxud Cənab Prezident tərəfindən seçkinin vaxtı müəyyən edilməklə avqustun sonu, sentyabrın birinci həftəsində seçkilərin keçirilməsi ilə bağlı rəsmi qərarlar qəbul edilə bilər”.

Xatırladaq ki, 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə nəticələr ləğv edilib. 116 saylı Qəbələ seçki dairəsindən deputat Fəttah Heydərov, 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva vəfat edib. 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müddətinə azadlıq məhrum edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ramin Məmmədov isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir. Beləliklə, parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR