Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici bazara 100 485.55 ton mahlıc çıxarıb ki, bundan da 151 milyon 610.42 min dollar gəlir əldə edilib
Azərbaycanın bu ilin yanvar-sentyabrında qeyri-neft ixracında artım nümayiş etdirən məhsullarından biri pambıq mahlıcıdır. Belə ki, doqquz ayda Azərbaycan xarici bazara 100 485.55 ton mahlıc çıxarıb ki, bundan da 151 milyon 610.42 min dollar gəlir əldə edilib. Ötən ilin yanvar-sentyabrında pambıq mahlıcı ixracı 48 827.29 min ton təşkil edib, bundan ölkəyə 88 milyon 702.05 min dollar daxil olub. Bu isə o deməkdir ki, pambıq mahlıcı ixracı illik ifadədə həcm baxımından 2 dəfədən çox, dəyər baxımından isə 1,8 dəfə artıb. Bu artımla yanaşı, mahlıcın orta ixrac qiyməti 1 ton üçün 300 dollardan çox azalıb. Belə ki, ötən il mahlıcın 1 tonu 1816,6 dollara, bu il isə 1509 dollara ixrac edilib.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin təqdim etdiyi dünya bazar konyukturasına dair məlumata əsasən pambığın dünya bazar qiymətində 2023-cü il ərzində qeyri-müəyyənlik müşahidə edilib. 2023-cü ilin dekabr ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 0.1 faiz azalaraq 2.0 ABŞ dolları səviyyəsində qərarlaşıb. 2024-cü ilin əvvəlindən etibarən dünya bazarında qiymətlərin yüksəlməsi müşahidə olunub. Fevral ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 7.8 faiz artaraq 2.2 ABŞ dolları səviyyəsində qərarlaşıb. Lakin aprel ayından qiymətlərin azalması müşahidə olunub, bu prtoses sentyabr ayında artımla əvəzlənib. Sentyabr ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 3.2 faiz artaraq 1.8 ABŞ dolları olub. Birinci rübdə orta qiymət 2.14 dollar, ikinci rübdə isə 1,91 dollar olub.
Dünya üzrə pambıq balansına əsasən, 2024/25-ci məhsul ilində pambıq istehsalının 2023/24-cü məhsul ili ilə müqayisədə 0.4 faiz artaraq 25.4 milyon ton olacağı proqnozlaşdırılır. Anbarlarda olan pambıq ehtiyatları ümumi istehsalın 45 faizindən yuxarıdır. Bu amilin bazarda qiymətlərə salıcı təsir göstərdiyi bildirilir.
Azərbaycan pambığı əsasən xammal kimi - mahlıc formasında, qismən də emal olunmuş formada - iplik olaraq ixrac edir. Ölkənin pambıq mahlıcı ixracı 2020-ci ildə 133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton, 2022-ci ildə 174,5 milyon dollar dəyərində 77,6 min ton, 2023-cü ildə 122 milyon 709,02 min dollar dəyərlə 70 212 min ton təşkil edib. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton, 2022-ci ildə 33,1 milyon dollar dəyərlə 8,6 min ton, 2023-cü ildə 31 milyon 285,35 min dollar dəyərlə 11 187,21 ton təşkil edib.
Azərbaycanın pambıq mahlıcı ixracının ötən il ərzində azalmasının başlıca səbəbini dünya bazar konyukturunun əlverişli olmaması ilə izah etmək mümkündür.
Onu da qeyd edək ki, ölkədə pambıq istehsalında ciddi artıma hələ ki nail olunmayıb. 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda pambıq istehsalının 2022-ci ilədək 500 min tona çatdırılması nəzərdə tutulurdu. Dövlət proqramı qəbul edilən il ölkəmizdə 207 min ton pambıq istehsal edilmişdi. 2022-ci ildə Azərbaycanda 322 min ton pambıq istehsal olunub ki, bu da vəd edilən rəqəmdən 178 min ton azdır. 2023-cü ildə pambıq istehsalı 14,4 faiz azalaraq 276,1 min tona bərabər olub.
Rəsmi statistikaya əsasən, bu il oktyabrın 1-dək tarlalardan 19,7 min ton (2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çox) pambıq yığılıb. Məhsuldarlıq 12,3 sentner olub. Ötən ilin eyni dövründə eyni sahədən 14295,5 ton pambıq yığılıb, məhsuldarlıq 8,9 sentnerə bərabər olub.
2024-cü ildə Azərbaycanın 24 rayonu üzrə ümumilikdə 103 min hektar sahədə pambıq əkilib. Ötən il isə 93 722 min hektar sahədə pambıq əkilmişdi.
Azərbaycanda pambıq istehsalı ilə məşğul olan fermerlər problem içində olduqlarını deyirlər. Onların sözlərinə görə, son 7 ildə pambıqçılığa qeyri-neft sektoru sahəsi kimi milyonlarla vəsait xərclənsə də, gəliri xərclərini qarşılamır.
Fermerlər ildən-ilə həm məhsuldar torpaq, həm iqlim, həm də keyfiyyətli toxum, pestisid problemlərindən dolayı yüksək məhsuldarlıq əldə edə bilmədiklərini deyirlər.
Pambıq əkənlər bildirirlər ki, suvarmaya görə illik 100 manat ödəyirlər. Bir kisə gübrə 30 manata, bir kiloqram toxum 5,50 manatdır. Əkindən yığıma qədər fermerlərin xeyli xərci olur ki, bunu da özləri qarşılaya bilmirlər. Zavodlarla müqaviləyə əsasən bütün xərcləri onlar çəkir və məhsul yığımında xərclər hesablanıb ödənilir. On hektara 20 min manat xərc çıxır, hər tondan 120 kiloqram isə nəmliyə görə çıxılır, 35-40 ton məhsulun yarısı şirkətə borc əvəzinə ödənir. Fermerlər deyirlər ki, ilbəil artan xərclər gəlirləri üstələdiyindən onları çətin vəziyyətdə qoyur. Son iki ildə isə yanacaq qiymətləri artsa da, subsidiyanın məbləğində dəyişiklik olunmayıb.
Dövlət tərəfindən zavodlara təhvil verilən pambığın hər kiloqramına 19 qəpik subsidiya ödənilir. Yəni tonu 190 manat hesablanır. Hazırda zavodlar tərəfindən bir ton birinci növ pambıq 800 manata, ikinci növ 780 manata, üçüncü növ 740 manata, dördüncü növ isə 700 manata alınır.
Fermerlərin problemləri fonunda ekspertlər dövlət büdcəsindən pambıqçılıq texnikası üçün ayrılan vəsaiti normadan artıq hesab edir. Son iki ildə 300 milyon manat güzəştli kredit pambıqçılıq texnikasına ayrılıb.
KTN rəsmiləri bildirirlər ki, normativ məlumatlara əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1 050 ədəd traktor yedəyi tələb olunur. Aidiyyəti qurumlardan alınmış məlumatlara əsasən 2022-ci ildə Azərbaycanda pambıq yığımında istifadə olunan pambıqyığan kombaynların sayı 447 ədəd və traktor yedəyinin sayı isə 3 085 ədəd olub.
Sabirabad rayonunda 150 hektar pambıq sahəsi olan Əfras Əsgərovun “Yeni Müsavat”a dediyinə görə, bu il pambıqçılar bir sıra problemlərlə üzləşiblər: “İl yağanlıq olduğuna görə zərərvericilər çox oldu. Sovkanın qarşısını almaqda böyük çətinlik çəkdik. Burada da əsas məsələ ölkəyə gətirilən dərmanların keyfiyyətsizliyidir. Zərərvericilərə qarşı preparatlar necə olursa AQTA-nın nəzərindən yayındırılaraq saxtaları, yaxud da tərkibi dəyişdirilənləri idxal edilir. Üzərində yazılır 1 hektara 700 qram, onu qatıb vurursan, sovkaya heç bir təsiri olmur. Biz bu il məcbur olub iki dəfə dərmanladıq. Bir dəfə üzərindəki qayda ilə vurduq, gördük təsiri yoxdur, hektara 1200 qatıb vurduq. Təcrübəsiz adamlar var ki, elə bir dəfə ilə kifayətləndilər, nəticədə, pambıq çiçək olan vaxtı qozaları sovka yedi. Yenidən qozaların əmələ gəlməsi xeyli vaxt apardı, onlar da seyrək oldu. Yəni preparatların təsirsizliyi bizim zərərvericilərə qarşı mübarizə xərclərimizi ikiqat artırdı. Bundan əlavə, toprağa vurulan gübrələr də keyfiyyətsizdir. Nəzərdə tutulan qədər vurursan, görürsən normal təsir etməyib. Biz bu məsələni dəfələrlə qaldırmışıq, lakin qarşısı alınmır. Təsəvvür edin, insanlar üçün olan dərmanların keyfiyyətinə düzgün nəzarət olunmur, ola ki, bitkilər üçün olanlar”...
Fermerin sözlərinə görə, iri təsərrüfatlar üçün mövcud xərclər gəlir əldə etməyə imkan verir: “Amma 10-15 hektar əkini olanlar çox ağır vəziyyətə düşüblər. Onlar demək olar ki, gəlir əldə edə bilmirlər. Belə getsə, gələn mövsüm pambıq əkənlərin sayı kəskin azalacaq. Son günlər yağış yağdı, yığımı dayandırdıq. İndi başlamışıq yenidən. Məhsuldarlıq ötən ilə baxanda daha yaxşıdır, amma son iki ildə nə subsidiya, nə də alış qiymətləri artırılmayıb. Halbuki yanacaq xərcləri artıb. Qarşıdan 1 noyabr Kənd Təsərrüfatı İşçiləri günü gəlir. Çox istərdik ki, pambığa görə verilən subsidiya heç olmasa 5 qəpik artırılsın”.
Bir müddət əvvəl pambıqçı fermerlərdən torpaqların analiz olunması tələb edilmişdi. Fermer deyir ki, təsərrüfatların etirazlarından sonra tələb pambıqçılara şamil edilməyib: “Bizdə subsidiya məhsula görədir. Torpağın analizi əkin sahəsinə görə subsidiya alanlar üçün əsas şərt ola bilər. Ümumiyyətlə, torpağın analizi istehsalçı üçün üstünlük verən məsələdir. Türkiyədə analizi onlarla laboratoriya həyata keçirir, qiyməti də çox ucuzdur. Bizdə yalnız bir şirkət var, qiymət də yüksəkdir. Əslində analiz məsələsinin məhsula görə subsidiya alanlara aidiyyəti olmamalıdır”.
Ə.Əsgərovun sözlərinə görə, zavodlar mahlıcı ixrac etməkdə çətinliklə üzləşirlər: “Keçən ilin məhsulu hələ zavodların anbarlarındadır. Bilmirəm indi qiymət aşağıdır, alıcı tapılmır, ya nədir, amma anbarlarda pambıq çoxdur. Ona görə də zavodlar alış qiymətini artırmaqda maraqlı deyillər”.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ