Onlayn ictimai-siyasi qəzet
İran bu maliyyə ilinin sonuna qədər (2025-ci ilin martında başa çatır) neft hasilatını sutkada 3,85 milyon barrelə çatdırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı İranın neft naziri Möhsün Paknejada istinadən sənaye jurnalı “İran Petroleum” yayıb.
Hazırda ölkədə sutkada 3,4 milyon barel hasil edilir.
Nazirlik köhnə yataqların istehsal gücünü bərpa etməklə hasilatı sutkada 400 min barel artırmağı planlaşdırır. Mövcud quyuların yenidən işə salınması və yenilərinin qazılması üzrə işlər 3 milyard dollar investisiya tələb edir.
Bundan əlavə, Cənubi Azadeqan, Yadavaran, Yaran, Söhrab, Sepehr və Cofair neft yataqlarının işlənilməsi qısamüddətli hədəfə çatmağa töhfə verməlidir. Planlaşdırılan artım sutkada 56 min bareldir.
Nazirin uzunmüddətli planları (dörd il üçün, 2028-ci ilin mart ayına qədər) neft hasilatının saxlanmasına və hasilatın artırılmasına yönəlib. Bunun üçün iki variant təklif edilir: 15 milyard dollar investisiya ilə hasilatı gündə 700 min barel artırmaq və ya 25 milyard dollar əsaslı xərclərlə gündə 870 min barel artırmaq. Planda həmçinin yataqların işlənməsinə xarici tərəfdaşların cəlb edilməsi də var.
Paknejad strategiyasında neft hasilatı qurğularının və platformalarının modernləşdirilməsi, neft və neft məhsullarının ixracının həcminin artırılması, texnologiya transferi baxımından beynəlxalq əməkdaşlığa diqqət yetirir.
OPEK-in hesabatına əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında İranda orta neft hasilatı sutkada 3,24 milyon barel, oktyabrın özündə isə 3,26 milyon barel təşkil edib. 2018-ci ildə Amerika sanksiyalarının tətbiqindən əvvəl İran sutkada 3,8-3,9 milyon barel hasil edirdi.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ