Onlayn ictimai-siyasi qəzet
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Özbəkistanın Qarakalpaqıstan Muxtar Respublikasının Acıniyoz adına Nukus Dövlət Pedaqoji Universitetində açılmış Hüseyn Cavid adına Azərbaycan Ədəbiyyatı Mərkəzində Azərbaycan mədəniyyəti və ədəbiyyatı mövzusu üzrə seminarlar təşkil olunub.
Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində keçirilən seminarda Azərbaycan və Özbək mədəni və ədəbi əlaqələri, Nizami Gəncəvi, Əlişir Nəvai və Məhəmməd Füzuli arasında ədəbi əlaqələr, onların təsiri ilə Türk dünyasında əsərlər yaradan şairlər, ədəbiyyatımızda türkçülük məfkurəsi məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Nukus Dövlət Pedaqoji Universitetində Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin direktoru Feruza Salamova seminarda tələbələrə son zamanlar Özbək-Azərbaycan mədəni-ədəbi əlaqələri istiqamətində həyata keçirilmiş layihələr barədə məlumat vermişdir. O, Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatına dair hədiyyə edilən nəşrlər haqqında məruzə etmiş, bir sıra maraqlı kitabların müzakirəsi keçirilmiş, nəşrlər tələbələrə təqdim olunmuşdur.
Qeyd edək ki, Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində daim Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə dair mühazirələr, seminarlar təşkil olunur, iki xalqın ortaq dəyərlərinə həsr olunmuş açıq dərslər keçirilir. Mərkəzdə Azərbaycana dair mini kitabxana yaradılmışdır ki, burada Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi, siyasi, mədəni nailiyyətlərinə dair Azərbaycan və Özbək dillərində nəşrlər oxuculara təqdim olunur.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ