İnsanlara hürriyət, millətlərə istiqlal!

Osmanlı diplomatiyasının ənənələri - Türkiyəmizi möhtəşəm edən dəyərlər

Ekspert: “Türkiyə köklü, ənənələri olan dövlətdir, addımları, bəyanatları daha ölçülü-biçili olur...”

“Əgər Türkiyə, onun xarici siyasəti haqqında qısaca danışsaq, bu, Ukrayna ilə hərbi-texniki sahədə, Rusiya ilə isə ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Yəni bizə cəbhədə Rusiyaya müqavimət göstərməyə kömək etməklə obyektiv olaraq Türkiyə bunu edir, Rusiyadan isə pul qazanırlar”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Qordon” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə Ukrayna ilə hərbi-texniki, Rusiya ilə isə ticarət-iqtisadi sahədə əməkdaşlıq edir.

Nazir Türkiyənin müasir siyasətini Osmanlı diplomatiyasının qədim ənənələri ilə əlaqələndirib.

Söhbət başqa hansı ənənələrdən gedir? Osmanlı diplomatiyasının ənənələri nələr idi?

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Dr. Aslanli Araz Azad

Araz Aslanlı 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, siyasi şərhçi Araz Aslanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyənin hazırkı siyasəti yeni dövrə uyğun siyasətdir: “Türkiyə Cümhuriyyətinin hazırkı siyasətində bəziləri cümhuriyyət ənənələrinə, bəziləri isə Osmanlı dövrünə istinad edirlər. Türkiyə prezidentinin, rəsmilərinin ritorikasında Osmanlı dövründəki yanaşmaların izlərini görmək olar.

Ümumilikdə sistematik yanaşma baxımdan Ukraynanın xarici işlər nazirinin çıxışındakı istinadı doğru hesab etmirəm. Yanaşma tamamilə yeni dövrün reallıqlarına uyğundur. Türkiyə Cümhuriyyəti o dövrün şərtlərinə uyğun siyasət aparmışdı. Daha sonra “soyuq müharibə”nin başlanğıc mərhələsində dünyanın qütblərindən birində təmsil olunma zərurəti hiss etdi. Soyuq müharibə başa çatmamış, 60-cı illərin sonlarından etibarən Türkiyənin siyasətində dəyişiklik oldu. Məhz o zaman Türkiyə balanslaşdırılmış siyasət yürütməyə başladı. NATO üzvü olduğu halda SSRİ ilə münasibət qurmuşdu. Məşhur “Conson məktubu”nu xatırlayaq (red: Türkiyənin Kiprə müdaxiləsinin qarşısını almaq məqsədilə ABŞ prezidenti Lindon Beyns Consonun 1964-cü ilin iyunun ayının 5-də göndərdiyi məktub nəzərdə tutulur. Məktubda Türkiyənin dəstəklənməyəcəyi yazılmışdı. Bu məktuba baş nazir İsmət İnönü “Yeni bir dünya qurular və Türkiyə bu dünyada öz yerini tutar” cümləsi ilə cavab vermişdi). O zaman da, indi də Türkiyə siyasətini bu günün tələblərinə, maraqlarına, təhlükəsizlik risklərinə uyğun qurur.

Ukrayna və Rusiya ilə hazırkı münasibətlər Osmanlı dövrü ilə bağlı deyil. Türkiyə-Suriya nümunəsində də bunu gördük. Bəzən hər hansı dəyər uğrunda mübarizə görüntüsü yaratmaq, Türkiyəni də öncül rolda təqdim etməyə çalışsalar da, əslində bu, belə deyil. Mübarizədən sonra başqa qərarlar qəbul edilir və irəlidə olan daha çox zərər görür. Odur ki, Türkiyənin Rusiya ilə iqtisadi, Ukrayna ilə hərbi əlaqələri var fikri doğru deyil. Türkiyənin Rusiya və Ukrayna ilə bir çox sahələrdə əməkdaşlığı var. Türkiyə Ukraynanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqedədir. Türkiyə Rusiya ilə münasibətləri yaxşı saxlamağına baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəlkə də yeganə ölkədir, üstəlik, Ukraynaya hərbi və humanitar yardım edir. Bir sözlə, öz maraqlarına, beynəlxalq hüquqa  uyğun olan, reallıqlara əsaslanan yanaşma ortaya qoyur. Türkiyənin daxili və xarici imkanlarının məhdud olduğunu nəzərə alsaq, buna nail olmaq asan deyil. Hələ ki bu mövqe uğurludur. Müharibə aparan ölkələr Türkiyənin mövqeyini hörmətlə qarşılayırlar. Hətta zaman-zaman tənqid edənlər tərəfindən də nəticələr ortaya çıxdıqda qəbul edilir və dəstəklənir".

Ekspert hesab edir ki, Rusiya-Ukrayna arasında gərginlik Türkiyə-Ukrayna, Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstəməyəcək: “Tərəflər arasında öhdəliklərə sadiq qalmamaq, Cənubi Qafqaz, Orta Asiya, Suriya, yaxud başqa hər hansı ərazidə regional  münaqişə, gərginlik münasibətləri poza bilər. Düşünürəm ki, Türkiyə indiki xətti qoruya biləcək. Türkiyə Ukrayna ilə münasibətləri pisləşdirməkdə maraqlı deyil. Ukrayna üçün həyati əhəmiyyət daşıyan Krım məsələsində nəticələr yaratmaq baxımından Türkiyə ən real imkanlara malik dövlətlərdən biridir. Ukrayna bunu nəzərə alır. Türkiyə də Qara dəniz ətrafında Rusiya hegemoniyasının yaranmamasında maraqlıdır. Ukrayna üçün Türkiyə ilə münasibətlər həyatidir. Türkiyə münasibətləri pozmayacaq, Ukrayna isə münasibətləri pozmamalıdır. Türkiyə köklü, ənənələri olan dövlətdir, addımları, bəyanatları daha diqqətli olur. Ukraynada isə populizm, başqa dövlətlərin təzyiqindən qaynaqlanan emosional yanaşmalar ortaya çıxa bilər”.

NİGAR HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR