Onlayn ictimai-siyasi qəzet
“Hadisələrin pərdəarxası məlumdur. Ermənistanı silahlandırmağa çalışan Qərb dairələri bölgədə yeni müharibənin törədilməsində maraqlıdırlar. Bu, həm də o kontekstdə baş verir ki, Qərb hazırda 2 istiqamətdə - Ukrayna cəbhəsində və Yaxın Şərqdə müharibə aparmaqdadır. Qərb 3-cü bir cəbhəni də dövlətçiliyi demək olar ki, tərəddüd edən və özündə olmayan Ermənistanda törətməyə çalışır”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, “Ekodünya” Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyinin sədri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyətinin sabitsizliyi münbit şərait yaradır:
“Bu mənada bu, bir yeni müharibə çağırışıdır. Şübhə yoxdur ki, Ermənistana son 2 ay ərzində külli miqdarda yeni silahlar vermiş Qərb dairələri yeni bir savaşın törədilməsində də maraqlıdır. İkincisi, Azərbaycan tərəfinə həm də qlobal təzyiqlər edən missiyalar, o cümlədən “binokl missiyası” mövcuddur. Bu proseslər onların gözü qarşısında baş verir. Ermənistan Azərbaycanla sərhədin elə bir nöqtəsində hadisələri körükləyir ki, bura Azərbaycanın sinirlərinə toxuna biləcək bir xətdir, mərkəzdir. Söhbət Zəngilandan gedir – bir istiqamət İrandır, bir istiqamət Ermənistandır, bir istiqamət Azərbaycandır, bir istiqamət Naxçıvandır, Türkiyəyə yaxınlığı var. Bu proseslər geosiyasi baxımdan Azərbaycan ərazisinin ən həssas zonasında baş verir. Məsələnin birinci hissəsi belədir – yəni məsələyə Qərbin müharibə istəyinin Paşinyan tərəfindən reallaşdırılması addımı kimi baxmaq lazımdır. İkincisi, Azərbaycan tərəfi dərhal “Qisas əməliyyatı” keçirdi. Bu, 2 mənada vacibdir. 1 - Azərbaycan onun əsgərinə, ərazisinə qəsdə dərhal cavab verəcək. İkincisi, 2 aydır Ermənistanın silahlandırılmasını həyata keçirən ölkələr xüsusi silahlarla təchiz olunmuş bir erməni ordusundan ağızdolusu danışırlar. Bu, bir növ onların ağızdolusu haqqında danışdıqları silahlarla ilk sınaq idi. Silahlanan erməni ordusu ciddi itkilərə məruz qalıb. Məğlub olub, bunun özü də çox vacib bir addım idi. İkincisi, bu prosesin arxasında ABŞ, Fransa, müəyyən qədər Hindistan və İran durur, bunları unutmaq olmaz. Avropa İttifaqının missiyası bu məsələlərə dərhal reaksiya verməli idi, demək ki, verə bilmədi”.
Aytən Novruz
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ