Onlayn ictimai-siyasi qəzet
OPEC+ ölkələri aprel ayından neft hasilatının artırılmasını nəzərdə tutan planı icra etmək qərarına gəliblər.
Musavat.com xəbər verir ki, məlumat OPEK-in yaydığı açıqlamada əksini tapıb.
Açıqlamadan aydın olur ki, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi qrup aprel ayında hasilatın gündə 138 min barel artırılmasını nəzərdə tutan plana sadiq qalacaq. Nümayəndələrin dediyinə görə, bu, iki ildən çox müddətə azaldılmış hasilatı yenidən əvvəlki həcmlərə çatdırmaq üçün aylıq artımlar seriyasından birincisi olacaq. 2026-cı ilə qədər gündəlik hasilat ümumilikdə 2,2 milyon barel bərpa olunacaq.
OPEK+-dan bildirildiyinə görə, bazarda təklif və qiymət səviyyəsindən asılı olaraq yenidən hasilatın azaldılması qərarına qayıda bilərlər.
Qeyd edək ki, qərar neft bazarı üçün gözlənilməz olub. Belə ki, xam neft treyderləri ötən ilin iyunundan bəri OPEC+-ın hasilatı artırmaq planının təxirə salınmasına dair 3 qərardan sonra bu dəfə də eyni addım atılacağını gözləyirdilər. Hazırda neft qiymətləri Səudiyyəlilər və bir çox digər üzvlər üçün hökumət xərclərini ödəyə bilməyəcək qədər aşağıdır və dünya bazarları bu ilin sonunda tədarük bolluğuna doğru gedir.
OPEK+-un qərarı onsuz da aşağı olan neft qiymətlərini bir qədər də ucuzlaşdırıb. Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin may ayı fyuçerslərinin qiyməti 2 dollara yaxın 23 dekabr 2024-cü ildən bəri ilk dəfə bir barel üçün 72 dollardan aşağı düşüb.
Nyu-York NYMEX birjasında WTI neftinin aprel fyuçersləri isə 2,12 faiz ucuzlaşaraq bir barel üçün 68,28 dollara düşüb.
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ