Onlayn ictimai-siyasi qəzet
Hökumət qarşısında duran əsas çağırışları açıqladı
Azərbaycan hökuməti ərzaq təhlükəsizliyi məsələsini gündəminin başlıca vəzifəsi olaraq saxlayır. Bu, Azərabycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2024-cü ildəki fəaliyyət hesabatında əksini tapıb. Baş nazir Əli Əsədovun parlamentdə hesabatı təqdim edərkən dediyinə görə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi hökumət qarşısında duran mühüm çağırışlardan biridir: “Təbii olaraq kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi hökumət qarşısında duran digər mühüm çağırışlardan biridir. Əsas vəzifələrdən olan ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması (özünütəminetmə səviyyəsinin yüksəldilməsi) və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib”.
Baş nazir həmçinin qeyd edib ki, ərzaq təhlükəsizliyinin təminatında başlıca rol oynayan su ehtiyatlarından səmərəli istifadə də diqqət mərkəzindədir: “Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üzrə tədbirlərin maliyyə təminatı üçün 540 milyon manat məbləğində vəsait yönəldilib. Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb”.
Qeyd edək ki, Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qaldığı ölkələrdən biridir. Rəsmi məlumata əsasən 2020-ci ildə 68.6 min ha, 2021-ci ildə 42.2 min ha, 2022-ci ildə 101.4 min ha və 2023-cü ildə 178.3 min ha sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub. Bu isə müasir və qənaətli suvarma sistemlərinin tətbiqini son dərəcə aktuallaşdırır.
Buna görə də dövlət müasir və qənaətli suvarma sistemlərinin tətbiqini genişləndirmək üçün bir sıra stimullaşdırıcı addımlar atıb. Məsələn, Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Eyni zamanda müasir suvarma sistemlərindən istifadə olunan əkinlər üzrə subsidiya məbləğləri belə sistemlərin olmadığı əkinlərlə müqayisədə daha yüksəkdir. Dövlət müasir suvarma sistemlərinin idxalında da subsidiya mexanizmindən istifadə edir.
Lakin bu sahədə böyük irəliləyişin əldə olundğunu söyləmək qeyri-mümkündür. Belə ki, ölkə üzrə 1,7 milyon hektardan yuxarı olan əkin sahələrinin 10 faizi belə müasir suvarma sistemləri ilə təchiz olunmayıb. Buna görə də ölkə üzrə toplanan su ehtiyatlarının mühüm hissəsi itkiyə gedir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun dediyinə görə, 2023-cü ildə Azərbaycanda içməli suyun 39 faizi, suvarma suyunun isə 50 faizindən çoxu itkiyə gedib: “Son 4 ildə içməli su itkisini 44 faizdən 39 faizə endirmişik. Amma 39 faiz qürur duyacaq bir rəqəm deyil. İçməli su ssitemləri üzrə dünyada ideal rəqəm 10 faizdən az sayılır. Yaxın 10 ildə içməli suda itkini 20 faizə salmağı, 2050-ci ilə qədər isə 10 faizdən aşağıya endirməyi hədəfləyirik. Qonşu Türkiyədə suvarma sistemlərində itki 65 faiz, içməli suda 30 faizdir. Əslində bizim 35 milyard kubmetr su balansımız bizə yetərlidir. Biz sadəcə itkiləri azaltsaq, suyun səmərisiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burda şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”.
Bülə şərtlər fonunda ölkə üzrə payızlıq əkinlərin azalması diqqəti cəlb edir. Belə ki, rəsmi statistikaya əsasən Azərbaycanda 2025-ci ilin məhsulu üçün cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, səpin aparılmış sahənin 99,0 faizini və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faiz azalıb, arpanın səpin sahəsi 2,3 faiz artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə 2024-cü ilin məhsulu üçün 1 milyon 25,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdi. Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 1 milyon 15,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdi. Onun 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 0,2 min hektarı isə çovdar əkinləri olub. Beləliklə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9,9 faiz azalıb, arpanın səpin sahəsi 4,3 faiz artmışdı.
Hökumət bu azalmanı dəmyə əkinlərində dincə qoyulma təcrübəsinin genişlənməsi ilə izah edir.
Yazını hazırladı: Dünya SAKİT
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ