İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə əhalisinin 10 milyon “aşırımı”

Ekspert: “Əvvəlcə artım sürəti azalacaq, daha sonra isə dayanacaq”

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəldi.

 2023-cü ilin yayında Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti də Azərbaycan əhalinin sayının artmasının vacibliyindən danışmışdı:  “Sağ olsun, Prezident İlham Əliyev xalqı ilə bu addımı atdı və nəticə əldə etdi. İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar da uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir”.

 Ölkə əhalisinin sayı ilin əvvəlindən 2 935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 227 min 824 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, təbii artımın azalması bütün dünyada yaşanan haldır. Onun sözlərinə görə, bu proses qlobal miqyasda gedir. Sosioloq deyir ki, həm SSRİ-yə qədər, həm də həmin dönəm ölkəmiz çoxuşaqlı ailələrin olması ilə seçilib: “SSRİ dağılandan sonra hər şey tamamilə dəyişdi, keçid dövrü başladı, sosial vəziyyət çətin oldu. Bu da doğumların ailələrdə sayının azalmasına səbəb oldu. İnsanlar düşündü ki, çox uşaqdansa, az uşaq olsun, amma əvəzində keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və s. Həmçinin insanların mədəni və təhsil səviyyəsinin artması da bu prosesə təsirsiz ötüşmədi. Mədəni səviyyə artdıqca çox uşağa deyil, az uşağa üstünlük verildi”.

Sosioloq deyir ki, uşaq pullarının kəsilməsi də demoqrafik siyasətə təsir etdi: “Gənc ailələr çətinliklərdən qorxdular, birdən artıq uşaq dünyaya gətirmək istəmədilər. İndi elə gənclər var ki, evliliyin ilk iki ilində uşaq istəmirlər, sonra isə boşanırlar. Bu gün ailənin məzmun və strukturunda da dəyişikliklər edilib. Gənclər sanki sosial varisliyi təmin etmək üçün deyil, hansısa bir tələbatlarını reallaşdırmaq üçün sosial sifarişlə ailə qururlar.  Ancaq ailə çox ciddi bir institutdur. Cəmiyyətin genofondu və milli təhlükəsizliyi ilə bağlı olan məsələdir”.

Ü.Şəfiyev bildirir ki, ölkədə təbii artıma təşviq siyasəti aparılmalıdır. Onun sözlərinə görə, bu baş verməsə, Avropadakı kimi Azərbaycanda da  mexaniki artım ola bilər. Yəni miqrantlar bura axın edə və əmək bazarını tuta bilərlər: “Təbii artımın düşməsinə səbəb həm də boşanmaların nikaha nisbətən saldosunun qalxmasıdır. Boşanmalar Azərbaycanda heç vaxt olmadığı qədər artıb”.

Sosioloq deyir ki, təbii artıma nail olmaq üçün gənclərin məşğulluğu  təmin edilməlidir: “Çünki onlar təhsil alıb, karyera qurandan və mənzil alandan sonra ailə qurmaq istəyirlər.  Gənclərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün güzəştli kreditlər vermək lazımdır. Bizdə güzəştli mənzil fondundan çox az gənc ailə yararlana bilir. Bu istiqamətdə Türkiyədə olduğu kimi ailə fondu yaradılmalıdır.

Bu fond yeni ailə qurmuş gənclərə faizsiz kreditlər verir. Bu kreditlər tədricən və güzəştli şərtlərlə gənc ailələr tərəfindən ödənilir.  Oxşar layihələri Azərbaycanda da tətbiq etmək olar. Müavinətlər artırılmalı, gənclərin məşğulluğu üçün tədbirlər görülməli və gənc ailələrə əlavə dəstək göstərilməlidir ki, təbii artımda maraqlı olsunlar". 

Eldəniz Əmirov - FOTOBAZA Pravda.az

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, insan cəmiyyəti inkişaf etdikcə qarşıdakı dönəmlərdə əhali artımlarında əvvəlcə artım sürəti azalacaq, daha sonra isə ümumiyyətlə, artımlar dayanacaq: “Bunu müəyyən hallarda insanların iqtisadi vəziyyəti ilə əlaqələndirirlər. Lakin bu, kökündən yanlışdır. İqtisadi vəziyyətlə bağlı olsaydı, Almaniyada əhalinin sayı artardı. Əksinə, inkişaf etmiş Avropa ölkələrində əhalinin demoqrafik göstəriciləri azalma istiqamətində daha dəhşətli vəziyyətdədir. Əhalisi yemək tapmayan Afrika ölkələrində isə inanılmaz şəkildə artım var. Bir sözlə, əhali artımını iqtisadi vəziyyətlə əlaqələndirmək doğru deyil. Artımın azalmasının əsl səbəbi şüurdadır. Cəmiyyət inkişaf etdikcə insanların həyata baxışı, yaşam fəlsəfəsi dəyişir.

Cənubi Qafqaz ölkələrinin son 20 ildəki statistik təhlilinə nəzər salaq. 1994-cü ildə Azərbaycanda 8 milyon əhali var idi. 2024-cü ildə isə bu rəqəm 10, 2 milyon oldu. Azərbaycan əhalisi 27 faiz artıb. 1994-cü ildə Ermənistanda 3,5 milyon insan yaşayırdı. Hazırkı statistika isə 2,9 milyon göstərir. Ermənistan əhalisi 19 faiz azalıb. Gürcüstanda isə əhali 32 faiz azalıb. 

Sadə bir hesablama aparsaq görərik ki, Azərbaycanda adam başına düşən sahə Ermənistanda olandan 22 , Gürcüstandan isə 121 faiz azdır. Yəni demoqrafik göstəricilər Azərbaycanda heç də qorxulu deyil. Dünyanın hansı ölkəsində qadın və kişi arasında bərabərlik uğrunda mübarizə aparılırsa, həmin ölkələrdə demoqrafik göstəricilər aşağı düşür. Cəmiyyət inkişaf etdikcə başqa dəyərlər formalaşır, hüquqi faktorlar qabarır. Elə bir məqam gəlib çıxacaq ki, təbii artım inanılmaz səviyyədə enəcək. Cəmiyyət inkişaf etdikcə, hüquqi faktorlar qalxdıqca artıq yanaşma və baxış dəyişir".          

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR