İnsanlara hürriyət, millətlərə istiqlal!

Öcalanın silahı buraxmaq çağırışı - Bakıdan reaksiyalar

Türkiyənin Ədliyyə Nazirliyi DEM Partiyasının deputatlarına PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşməsinə icazə verib.

Türkiyə mətbuatı xəbər verir ki, onlar Öcalanla üçüncü dəfə görüşmək üçün sabah İmralı adasına gedəcəklər.  DEM Partiyası bəyan edib ki, nümayəndə heyəti üçüncü səfərini cümə axşamı səhər edəcək və "görüş tamamlandıqdan sonra fevralın 28-də Ankarada keçiriləcək mətbuat konfransında görüş və onun nəticələri haqqında geniş məlumat verəcək".

Nümayəndə heyətinə DEM Partiyasının millət vəkilləri Sırrı Süreyya Öndər və Pərvin Buldan, həmçinin Mardin Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Türk, DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan, Öcalanın vəkili Faiq Özgür daxildir 

WhatsApp Image 2025-02-27 at 18.59.42.jpeg (23 KB)

DEM Partiyası rəhbərliyi Öcalanın çağırışının elan ediləcəyi toplantı üçün bütün millət vəkillərini və əyalət sədrlərini Ankaraya çağırıb.

Bəzi müşahidəçilər hesab edir ki, ABŞ razı olmadan, PKK silahı buraxmayacaq. Çünki PKK, ABŞ başda olmaqla, imperialist güclər tərəfindən qurulub və 40 ildir onların dəstəyi ilə ayaqda qalırlar. Bu gün ABŞ PKK-nın arxasından çəkilsə, Türkiyə Cümhuriyyəti dövlətinin və qəhrəman türk ordusunun qarşısında 3 gün belə dayana bilməz. Ona görə də onlara ağıl verən "hə" demədən Öcalanın çağırışı ilə terrorçuların silahı buraxacaqları real hesab edilmir.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, bu məsələdə Ərdoğan Trampı da razı salacaq: “Hazırda Türkiyə dövləti öz cənub-şərq sərhədlərini terrordan demək olar ki, təmizləmək üçün son həmləsinə fokuslanıb. Üstəlik, Şimali İraqda və Suriyada da PKK, PYD qruplaşmalarına qarşı öldürücü hücumlar gerçəkləşdirir. Son 1 ildə yüzlərlə terrorçu zərərsizləşdirib. Onlarla yaraqlı aclıq və səfalətdən qurtulmaq üçün qəhrəman türk əsgərinə təslim olub. Bütün bunlar PKK terrorçularının dalana dirəndiyini göstərir. Baş terrorçu Abdullah Öcalanın "əqidədaşlarına" silahı yerə qoymaqla bağlı çağırışları çoxdandır ki, gündəmdə idi. Görünür, Abdullah Öcalan da başqa çıxış yolu görmür. Amma PKK rəhbərliyi Öcalanın sözünə məhəl qoymayacaq. Çünki Öcalan 26 ildir ki, həbsdədir. Artıq rəhbərlikdə fərqli fiqurlar yerə alıb. Onlar Öcalanı "satılmış" adlandırırlar. Fəqət, PKK-nın yeni rəhbərliyi mövcud durumun da fərqindədir. Bilirlər ki, fəaliyyətlərinə son qoymaqdan başqa çarə yoxdur. Əks halda türk ordusu terrorçulardan sonuncu yaraqlı qalana qədər həmlələrini davam etdirəcək.  Bəli, hazırda PKK-nın əsas maşatutanı və maliyyə donoru Birləşmiş Ştatlardır.  Onun bu istiqamətdə qərarı həlledici olacaq. Düşünürəm ki, Ərdoğan Türkiyəsi Tramp ABŞ-nı razı sala biləcək. Çünki Birləşmiş Ştatlar Ukraynadakı savaşı maliyyələşdirməkdən imtina edirsə, deməli, PKK-nı da eyni aqibət gözləyə bilər. Bundan sonrakı gedişat Ərdoğanla Tramp arasındakı dialoqlarda həllini tapacaq”.

Akif Nağı seçkilərlə bağlı mövqeyini açıqladı: "Siyasi partiyalar bundan  belə..."

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı Öcalan belə asanlıqla bağışlanarsa, bunun qəbuledilməz olduğunu söylədi: “Bütövlükdə yanaşdıqda çox müsbət bir prosesdir. Öcalan uzun müddət Türkiyəyə, türk əhalisinə, diplomatlarına qarşı ən qanlı terror aktlarının başında dayanıb. Amma məsələnin bir tərəfi də var ki, belə asanlıqla bağışlanmamalıdır. Onun ardınca Öcalanın həbsdən azad olunması nəzərdə tutulursa, bu düzgün deyil. Bu məsələ ilə bağlı qardaş ölkə geri çəkilməməlidir. Doğrudur, siyasət müəyyən addımlar tələb edir. Bu, ümumi bir prosesin tərkib hissəsidir. Bunun da başlanğıcı Ərdoğanın “Kürd açılımı” deyilən proseslə başladı. Kürdlərə şərait yaradıldı ki, siyasi partiya yaratsınlar, dağlardan aşağı ensinlər, övladları təhsil alsınlar, özləri müəyyən vəzifələr tutsunlar. Bu açılım da öz nəticəsini verdi. Terrorçuların yaxud da onların aldatdıqları insanların xeyli hissəsi geriyə döndü, düzəngaha endilər. Təhsillə məşğul ola bildilər, siyasi partiyalarını da yaratdılar. O dövrdə Ərdoğanı tənqid edənlər var idi ki, bəs kürdləri bu cür şişirdirsiz, hətta partiyalarını yaratmağa icazə verirsiniz, sonunda bunlar hakimiyyət bölgüsündə iştirak edəcəklər. Amma zaman göstərdi ki, onlar nə partiya yaradırlarsa yaratsınlar, ciddi bir siyasi qüvvəyə çevrilə bilməyəcəklər. Onların içərisində istər rəhbərləri, istərsə də, digər səlahiyyətli şəxsləri olsun, terror əməlləri ilə məşğul olacaqlarsa, həmin anda həbs ediləcəklər. Bu gün heç nə edə bilmirlər. Amma unutmayaq ki, bu gün kürdlərin içərisində çox böyük proseslər gedir. Onlar da türk vətəndaşlarıdır. Geniş ərazilərdə yaşayırlar. Sayları da kifayət qədərdir. Müəyyən bölgələrdə əhali sayınca çoxdurlar. Bələdiyyə və parlament seçkilərində onlar yer qazana bilirlər.

Amma mərkəzi hakimiyyətlə hesablaşırlar. Vaxt var idi ki, Türkiyə rəhbərləri Diyabəkir və digər kürd bölgələrinə gedə bilmirdilər. Hakimiyyət təmsilçiləri prezident, baş nazir və digər yüksək vəzifə tutanlar aqressiv şəkildə qarşılanırdı. Amma indi artıq HDP-dən kənar orada digər partiyaların da tərəfdarları var. Artıq o yerlərdən AK Parti və digər partiyalar öz nümayəndələrini parlamentə, eləcə də, bələdiyyələrə keçirə bilirlər. Proseslər bu formada müsbət istiqamətdə getdi. İndi Öcalan müraciət etsə ki, silahları yerə qoyun, bunun müəyyən qədər təsiri olacaq. Mən də o fikirdəyəm ki, təkcə Amerika deyil, başqa qüvvələr də PKK-nın arxasında dayanır. Avropada da müəyyən qüvvələr var. PKK-nın Avropanın bir sıra ölkələrində ciddi maliyyə qaynaqları var. Məsələn, on minlərlə kürd Almaniyada aksiyaya çıxır. Hökumət də onların bu aksiyasına şərait yaradır. Avropanın bir sıra ölkələri onlardan alət kimi istifadə edir. Fransa kürdlərlə bağlı əl-qolunu tam aça bilməsə də, onların da əlaqələri olmamış deyil. Ən azından Türkiyəyə qarşı olduqları üçün dəstək verirlər. Deyərdim ki, kürdlərə Amerikadan daha çox Avropadan dəstək var. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, PKK-nın meydana gəlməsi Rusiya ilə bağlıdır. Ötən əsrin 60-cı illərində Türkiyə Amerika ilə həddindən artıq yaxın idi, ərazisindəki “İncirlik” hərbi bazasında Amerikanın raketləri yerləşdirilmişdi. Eyni zamanda, Türkiyə NATO üzvü idi. NATO raketləri SSRİ-nin müxtəlif nöqtələrinə tuşlanmışdı. Belə bir şəraitdə SSRİ adlanan Rusiya Türkiyəyə qarşı çox sərt mövqe tutdu və PKK-nin yaranmasına rəvac verdilər. SSRİ-nin dəstəyi ilə həmin terrorçu təşkilatlar yarandı. Bu birbaşa Türkiyəni zəiflətməyə hesablanmışdı. Rusiyada müxtəlif kürd mərkəzləri fəaliyyət göstərir. Rusiya bunlardan hərtərəfli istifadə edir. Bu, çoxvektorlu bir prosesdir. Şərqdə də PKK arxasında dayanan qüvvələr mövcuddur”.

A.Nağı bu proses başlayacağı təqdirdə nəticələrinin çox ciddi ola biləcəyini də vurğuladı: “Ərdoğan bu məsələləri bir neçə addım öncəyə düşünür. Bu, elə-belə bir təşəbbüs sayıla bilməz. Onun arxasında başqa planlar var. Böyük ehtimalla tamamilə aradan götürülməsə də, PKK qüvvələri kifayət qədər neytrallaşdırılacaq. Rəsmi Ankara qarşısına hazırda məqsəd qoyub ki, Suriyadakı terrorçu qüvvələr sıradan çıxarılmalıdır. Suriyanın da müvəqqəti rəhbərliyi bu məsələdə Türkiyəyə dəstək verir. Ona görə də, bu proseslər bir neçə istiqamətdə gedəcək. Ola bilər ki, növbəti addımlardan biri Avropada bu təşkilatların fəaliyyətinin qadağan olunması ilə bağlı olsun. Xatırlayırsınızsa, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi qalxanda Türkiyə sona qədər o məsələlərin üzərinda dayandı ki, bu ölkələrdə PKK-ya ciddi maliyyə dəstəyi verilir. Xüsusilə, İsveçlə bağlı ciddi dirəniş göstərdi. İsveç də xeyli dərəcədə mövqeyini bu istiqamətdə dəyişdi və ondan sonra üzvlüyünə Türkiyə razılıq verdi. Yəni Türkiyənin təsir imkanları qalmaqda davam edir. Öcalanın müraciətindən sonra xeyli sayda kürd qüvvələri silahlarını yerə qoyacaqlar. Amma bu müraciətə təbii ki, əməl etməyənlər də olacaq. Çünki, beyinləri yuyulan kifayət qədər qüvvələr də mövcuddur. Silahlarını yerə qoyanlarla bağlı böyük ehtimalla Ərdoğan böyük bir amnistiya verəcək. Avropada da o dövlətlərin iştirakı ilə onların fəaliyyəti yavaş-yavaş zəiflədiləcək. Əsas başlanğıcdır. Öcalanın da müraciəti başlanğıc olacaq. Amma bu hələ ki, hər şey demək deyil. Bu başlanğıcdan sonra hesab edirəm ki, digər proseslər çox sürətlə gedəcək”. 

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR