Onlayn ictimai-siyasi qəzet
Bu söhbət vaxtaşırı qabarır və hər dəfə də bir sıra adamların ürəyindən tikan çıxarır, bir xeyli adamın ürəyinə isə tikan batırır.
Bu dəfə “dövlət nəyə görə jurnalistlərə ev verməlidir” ritorik sualını başqa, amma eyni səpkili sual əvəz edib: “Dövlət nəyə görə yazıçılara ev verməlidir?”
Sabah mədəniyyət və incəsənət işçilərinə, məsələn, baletmeysterlərə, aktyorlara, xor kapellasının üzvlərinə ev verilsə, eyni sual qoyulacaq və bu, həmin kateqoriyadan olmayan insanlara xoş gələcək. “Doğrudan da, dövlət niyə bizə yox, onlara ev verir?”
Bəs dövlət nəyə lazımdır? Adı üstündədir – dövlət. O, bu xalqın təsis etdiyi ümumi mülkdür, böyük bir EV-dir, AİLƏ-dir, demək, öz övladlarının da hamısına əl uzatmalıdır – uşağına da, qocasına da, əlilinə də, kimsəsizinə də, əmək qabiliyyəti olmayana da, aztəminatlısına da və sair və ilaxır.
Dövlət təkcə vergi yığmaq və 18 yaşına çatmış oğulları hərbi xidmətə, düşmən çəpəri olmağa aparmaq üçün deyil. O, bu torpağın maddi sərvətlərini, xalqın ərsəyə gətirdiyi nemətləri doğru-dürüst bölüşdürmək, öz vətəndaşlarının rifahını təmin etmək üçün mövcuddur.
Qulağa xoş gəlir, deyirlər, jurnalist, yazıçı, aktyor öz qazancı ilə dolanmalıdır, məsələn, xaricdə elədir, belədir, milyonçu, milyarder olanlar var.
Qismən doğrudur, xaricdə, xüsusilə də böyük dövlətlərdə öz bədii yaradıcılığını kommersiya relsləri üzərinə keçirməyi bacaran adamlar var. Amma heç də hamı Stiven Spilberq deyil ki, hər çəkdiyi film milyardlar qazansın. Hamı Den Braun deyil ki, onlarla araşdırmaçı-köməkçisinin hesabına ərsəyə gələn yeni bir detektiv əsərə imza qoysun və bu, onların hamısını milyonçu etsin.
Ən inkişaf etmiş ölkələrdə də mədəniyyət sahəsi, incəsənətin bir sıra qolları dövlət himayəsindədir. Dövlət bu sahələri himayə etməsə, maddi-maliyyə cəhətdən dəstəkləməsə, sıradan çıxar, yox olarlar.
Əgər hər şeyə kommersiya rentabelliyi baxımından, özünüdolandırma prizmasından yanaşsaq, o zaman Opera və Balet Teatrı qısa müddətdə bağlanar, ardınca digər teatrlar, simfonik orkestrlər, rəsm qalereyaları, muzeylər, kitabxanalar gələr. Bir də baxarıq ki, bu ölkədə nə teatr var, nə muzey, nə klassik musiqi ifaçıları. Bir də ayılarıq ki, ölkədə kitab da nəşr olunmur, jurnallar buraxılmır, qəzet və saytlar da bağlanıb. Artıq nə bir şey yazan var, nə də oxuyan, eləcə, hamı mobil telefonda “mırt” videolar izləyir.
Bəyənmədiyimiz sovet dövründə dövlət mədəniyyət və incəsənətin bütün sahələrini himayə edirdi. Bu gün sevə-sevə baxdığımız filmlər var: “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Tütək səsi”, “Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Uzaq sahillərdə”, “Böyük dayaq” və onlarca başqaları. Biz bu filmlərin hamısını əzbərdən bilirik, replikalarını isə zərbül-məsəl yerinə işlədirik. Onlar bizim sonradan qazanılmış alternativ folklorumuza çevriliblər.
Bəs baxaq görək, bu filmlər zamanında kommersiya baxımından nə qədər rentabelli olublar? Hansı pulla çəkiliblər? Öz xərclərini çıxarıblarmı?
Qətiyyətlə demək olar ki, bu filmlər öz xərclərinin yalnız bir hissəsini geri gətiriblər. Ölkə əhalisi bu filmlərə əsasən televiziya ekranlarından, pulsuz baxıb – həm də azı 5 dəfə.
Əgər o zamanlar dövlət belə filmlərə, teatrlara böyük maliyyə vəsaitləri ayırmasaydı, bu gün nə olardı? Bu gün əlimizin altında bu şedevrlər, bu mədəni nailiyyətlər olmazdı və biz heç bir mədəni mirası, sərvəti olmayan bir ölkə olardıq.
Əslində isə heç bir yazısı, mədəni irsi, milli musiqisi, ədəbiyyatı, jurnalistikası, folkloru olmayan xalqın ictimai fikri də olmur, dövlətçiliyi də. O cür xalqlar onun-bunun əsarəti altında yaşamağa məhkumdur.
Qoy “dövlət filankəslərə niyə ev, ad, mükafat verməlidir” deyənlər məsələyə bir də bu prizmadan yanaşsınlar.
Keçmiş vaxtlarda dövlət evə ehtiyacı olan hər kəsə mənzil verirdi və onun öhdəliklərindən biri də bu idi. İndi bəzi patriotlar çıxıb, dövlətin boynuna əlavə öhdəliklər qoymaqdansa, onu vətəndaşa daha yaxşı, keyfiyyətli xidmətə vadar etməkdənsə, dövlətin yükünü azaltmağa çalışırlar.
Araşdıranda məlum olur ki, onların özlərinin hər şeyi var. Məsələn, bir aparıcı dövlətin bir strukturunun himayə etdiyi telekanalda yüksək maaş alaraq özünə ev də alır, maşın da tədarük edir, iş başqasına gələndə “dövlət ona niyə bunu etməlidir” sualı qoyur.
Uzun sözün kəsəsi, dövlət vətəndaşını yaşayış minimumları ilə təmin etməlidir. Yəqin ki, buna heç kəsin etirazı olmaz. Bir gənc yazıçıya birotaqlı ev verilməsi isə heç də yaşayış maksimumu deyil, elə minimumun özüdür.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ