İnsanlara hürriyət, millətlərə istiqlal!

O fotonun sirri açıldı: işğaldakı dörd kənd azad edilir, dörd anklav kənd isə...

Prezident ilk dəfə anklavlarla bağlı detalları açıqladı, iki ölkə arasında ekspert qrupu yaradıla bilər; Zəngəzur dəhlizi mübahisələrinə nöqtə qoyuldu 

“O ki qaldı işğal altında olan kəndlərə - bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir - orada (Qazağın kəndləri nəzərdə tutulur - red.), bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır - Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir - bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir”. 

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. “Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”, - deyə dövlət başçısı bildirib. Prezident bu mövzunu Sankt-Peterburqda erməni baş nazir Nikol Paşinyanla ayaqüstü söhbətdə də müzakirə etdiyini açıqlayıb. İşğal altında olan kəndlərə gəlincə, birinci mərhələ: anklav olmayan 4 kənd - Qazağın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri qaytarılır. Əliyev bu 4 kəndin qeyd-şərtsiz qaytarılmalı olduğunu vurğuladı. İkinci mərhələ: anklav olan - Kərki və Qazağın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur, çünki anklavların qaytarılması üçün bu kəndlərə dəhlizlər açılmalıdır. Paşinyan “barter”dən - SSRİ dövründə Ermənistana verilmiş və anklav kimi qəbul edilən Başkəndlə Kərki və Qazağın 3 anklav kəndinin dəyişdirilməsi variantına işarə edib. Hərçənd Prezident bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır. Burada əsas diqqətçəkən məqamlardan biri Prezidentin “Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir” deməsidir. Söhbət Başkənddən gedir və bu, dövlət başçısı səviyyəsində ilk dəfə dilə gətirilir. 

Ölkə başçısının toxunduğu daha bir məsələ blokadada olan nəqliyyat kommunikasiyalarının açılması idi. İ.Əliyev bu mövzuda birmənalı mövqe sərgilədi. Sitat: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər dediyim marşrut (Zəngəzur dəhlizi - E.S.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Göründüyü kimi, həm anklavlar, Qazağın 7 və Naxçıvanın Kərki kəndi, həm dəhlizin açılması Ermənistanın götürdüyü öhdəliklərdir, birmənalı şəkildə yerinə yetirilməlidir. Xüsusən də Zəngəzur koridoru ilə bağlı mesaj ünvanlı və sərt idi: “Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”. Bu, İrəvana açıq xəbərdarlıqdır - əgər dəhliz açılmasa, Ermənistanın nəinki bizimlə sərhədi açılmayacaq, onun üçün hava-su qədər vacib olan Türkiyə ilə də quru sərhədlər açılmayacaq. Paşinyan isə yaxşı dərk edir ki, Avropaya çıxış, iqtisadiyyatda canlanma Türkiyə ilə sərhədin açılmasından asılıdır. Dəhliz işə düşməsə, bu da olmayacaq. İrəvan da son günlər bu məsələdə yumşaq mövqedən çıxış etməkdədir. 

Kəsəsi, prezident Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılmasında son nöqtəni qoydu: Bu, “Azərbaycandan Azərbaycana prinsipinə” əsaslanır və Ermənistan ərazisindən keçən marşrutla Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumunun tətbiq edilməməsini şərtləndirir. Ermənistan Zəngəzur dəhlizinə qarşı çıxır və dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsini qəbul etməyən Qərb də İrəvanın mövqeyini müdafiə edir. Mirzoyanın son açıqlamaları da bu yöndədir. Hərçənd Əliyevin dediyi kimi, bu baş verməsə, itirən Ermənistan olacaq, çünki bu ölkə ilə kommunikasiya açılmasa belə, Azərbaycanın Avropa bazarına və əksinə çıxış imkanları var, eləcə də Naxçıvana İran marşrutu üzrə çıxa biləcək. Hətta İran marşrutunun baş tutmayacağı fors-major situasiya yaranacağı təqdirdə belə, Naxçıvanla əlaqənin ənənəvi qaydada davam etmək imkanları qalır.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, anklavlar mövzusunda rəsmi mövqe dilə gətirildi: “Bizim isə yanaşmamız odur ki, həmin ərazilər işğal olunub və qeyd-şərtsiz torpaqları boşaltmalıdırlar. Onların bizim ərazilərə iddiası ola bilməz.  Başkənd də Azərbaycan ərazisidir, adından da görünür. Sadəcə, ruslar erməniləri ora köçürdülər, azərbaycanlıları çıxardılar. Hesab edirik ki, Başkənd qaytarıla bilməz. Ümumiyyətlə, tərəflər problemin həllini delimitasiya çərçivəsində görürlər, amma işğal olunan ərazilərin hamısı azad edilməlidir. Yəni işğaldakı torpaqların delimitasiya prosesinə aidiyyəti yoxdur”. 

Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

Fuad Əliyev 

Prezidentliyə digər namizəd Fuad Əliyev isə Zəngəzur dəhlizi və marşrutlar mövzusunda bildirdi ki, dövlət başçısı Ermənistana aydın şəkildə xəbərdarlıq etdi. F.Əliyevin sözlərinə görə, İrəvan yollardan, logistikadan, yeni iqtisadi divident fürsətlərindən məhrum olmaq istəmirsə, 10 noyabr sənədində götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “Ölkə başçısı İlham Əliyevin müsahibəsində nəqliyyat kommunikasiyaları barədə söylədikləri ondan ibarətdir ki, Ermənistan Azərbaycanla sərhədlərin açılmasının, Rusiyaya gedən dəmiryol xəttinin işə düşməsinin üzünə həsrət qala bilər. Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndini 4 ilə yaxındır ki, icra etmir. O sənədin 4-cü bəndini də yerinə yetirmədiyi üçün 19 sentyabrda keçirilən antiterror tədbiri ilə özümüz məsələni həll etdik. Əgər 9-cu bəndin, yəni Zəngəzur dəhlizinin açılmasını da yubatmağa belə davam edərsə, onun işə düşməsi üçün siyasi-diplomatik təzyiqlərimizi gücləndirə bilərik. Mənə belə gəlir ki, müsahibədə İrəvana ötürülən mesajlar bundan ibarət idi”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR