İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti stansiya ZƏNGƏZUR!

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə yeni səfəri təkcə diplomatik görüşlər və protokol tədbirləri deyil, eyni zamanda, iki qardaş ölkənin keçdiyi tarixi yolu, bu gün əldə olunan uğurları və gələcək hədəfləri ehtiva edən ismarıclarla zəngindir. Azərbaycan-Türkiyə bağları dövlətlərarası işbirliyi çərçivəsinə sığmayan, genetik bağlarla, ortaq talelərə və ülkülərə əsaslanan bir modeldir. Bu modelin formalaşması isə yüzilliklərin süzgəcindən keçib və XXI yüzildə özünün ən yüksək inkişaf mərhələsinə çatıb.

Bəli, Azərbaycan - Türkiyə bağları diplomatik müttəfiqliklə məhdudlaşmır – bu bağlar tarixdə dəfələrlə qardaş dayanışmasının örnəyini göstərib. Çar hökumətinin təqiblərinə baxmayaraq, Çanaqqalada yadellilərə qarşı savaşan azərbaycanlıların xatirəsi qardaş ölkədə həmişə uca tutulur. 1918-ci ildə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz Türk-İslam Ordusu Bakı şəhərini azad edərək, Azərbaycanın istiqlal yoluna çox önəmli imza atdı. 1990-cı illərin çətin günlərində Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət oldu və ondan sonra iki ölkə eyni cəbhədə daha güvənlə addımladı.

2020-ci ildə - Vətən müharibəsi zamanı Türkiyənin mənəvi və siyasi dəstəyi birmənalı və qəti oldu. Bu dəstək, Ermənistanın arxalandığı bütün qüvvələrdən daha təsirli olmaqla, Azərbaycanın tarixi ədaləti bərpa etməsinə çox önəmli töhfə verdi.
Türkiyədə mədən çöküncə, irimiqyaslı orman yanğınları törədilincə, görünməmiş miqyasda zəlzələ baş verincə ilk yardım uçağı əlbəttə, Bakıdan qalxdı. Tanrıya çox şükür, əslində, qardaşlığın parlaq örnəkləri o qədər çoxdur, onları bəlkə heç sıralamaq da lazım deyil. Yalnız “Şuşa Bəyannaməsi” kimi gerçəkçi və dərin ruhlu, üfüqötəli bir sənədi xatırlasaq, qardaşlıq zirvəsini göstərmiş olarıq.

Bu gün biz strateji tərəfdaşlıqdan ayrılmaz birlik modelinə keçidə tanıq oluruq.

İlham Əliyevin Ankara səfəri Azərbaycan-Türkiyə bağlarının hansı yüksək səviyyəyə çatdığını bir daha sübut edir. Bu səfər çərçivəsində gerçəkləşən görüşlər, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan ilə Türkiyənin artıq bir-birinə iqtisadi, enerji, müdafiə, daşımaçılıq və digər sahələrdə tam bağlı iki dövlət olduğunu göstərdi. Bu, sadəcə diplomatiya deyil, ortaq taleyin təcəssümüdür. Naxçıvanın Türkiyə ilə enerji bağlantısının qurulması, həmçinin Zəngəzur dəhlizi ilə bağlı gözləntilər, iki ölkənin vahid coğrafi və iqtisadi məkana çevrilməsi yolunda fövqəladə önəmli addımlardır.

Ankara görüşü həm də siyasi birliyin və uluslararası platformalarda birgə çalışmaların təsdiqi, təntənəsidir. Hər iki ölkənin lideri bölgəsəl sabitlik və inkişafın Azərbaycan-Türkiyə qardaşlığından keçdiyini aydın şəkildə vurğulamış oldu. İftar süfrəsində bir araya gələn dövlət başçılarının siyasi dialoqunun ailəvi, səmimi müstəvidə davam etməsi, bu münasibətlərin protokol çərçivəsində qalmadığını və dövlətlərarası münasibətlər üçün yeni model formalaşdırdığını göstərir.

Beləliklə, gələcək öz-özünə formalaşmır. Onu doğuran və yönləndirən hadisələr - sarsılmaz qardaşlıq və birlik zehniyyəti vardır!

Dünya dərin geosiyasi transformasiyalar dönəminə keçib. Yeni güc dəngələri formalaşır və Azərbaycan-Türkiyə birliyi də bu sürəcin içində aktiv rol oynayır. Həm ortaq evimiz Türk Dövlətləri Təşkilatında, həm də bölgəsəl və uluslararası müstəvilərdə bu birliyin möhkəmlənməsi, iki ölkənin gələcəkdə daha geniş strateji hədəflərə odaqlanacağını göstərir. Artıq Türkiyə və Azərbaycan təkcə bölgədə deyil, qlobal miqyasda da geosiyasi oyunçulara çevrilməkdədir.

Türk dünyasının inteqrasiyası, enerji və daşımaçılıq layihələrinin gücləndirilməsi, hərbi-sənaye kompleksində işbirliyinin artırılması kimi istiqamətlər gələcəyin əsas sütunlarını təşkil edəcək. Qarşıdakı dönəmdə Azərbaycan və Türkiyə öz inteqrasiyasını daha da dərinləşdirərək, dünya düzənində birgə güc mərkəzi olmağa gerçək namizəddir.

Bu səfər, bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə yalnız müttəfiq olmaqda qalmayıb, eyni ruhun, eyni taleyin və eyni hədəfin daşıyıcıları kimi, böyük gələcək üçün irəliləyir. Keçmişimizin zəfəri, indinin gücü və gələcəyimizin strateji baxışı bu birliyin bəngülüyünə zəmanət verir.

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR