İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyan kilsədən üz çevirir - Qareginlə düşmənçilik...

Baş nazir bütün ermənilərin katolikosunu ilk dəfə ad günü ilə bağlı təbrik etməyib, mediada ona embarqo qoyub; ekspert: “Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən II Qareginin kilsəyə rəhbərlik etməsinə etiraz edirdi”

Qarabağdakı 44 günlük müharibədən sonra bütün ermənilərin katolikosu II Qaregin hakimiyyəti açıq şəkildə tənqid etməyə başlayanda Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında əlaqə geri dönməz şəkildə kəsilib. “Yeni Müsavat” yazır ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr onu da məlumat verir ki, bu il Paşinyan II Qaregini avqustun 21-də qeyd olunan doğum günü münasibəti ilə təbrik etməyib.

Halbuki Paşinyan hakimiyyətə gəldikdən sonra üç il ərzində onu hərarətlə təbrik edərək, Erməni Apostol Kilsəsinin həyatında “böyük əhəmiyyətini və rolunu” vurğulamış, xalqın güvənini ifadə etmişdi.

Qəzet yazır ki, hakimiyyətin nəzarətində olan KİV-lərə və hətta Ermənistanın İctimai Televiziyasına katolikosun fəaliyyətini işıqlandırmamaq tapşırılıb. “Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır”, - qəzet qeyd edib. Sirr deyil ki, Ermənistanda kilsə hər zaman azərbaycanlılara qarşı nifrəti körükləyən, təbliğ edən əsas mərkəzlərdən biridir. Bunu Vətən müharibəsində də açıq şəkildə görmək mümkün oldu. Erməni din xadimləri hətta Qarabağa gələrək müharibə və mübarizə üçün çağırışlar edirdi. Ermənistanda sülhə qarşı hələ də ciddi müqavimət var və bunun əsas aparıcı fiqurları kilsə mənsublarıdır. Şübhə yoxdur ki, erməni lobbisinin kisəsindən asılı olan Eçmiədzin bu müqavimətin əsas təşkilatçılarındandır.

İndi dünya ermənilərinin, həmçinin erməni kilsəsinin qarşısında duran əsas məsələ İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən sarsıdılmış saxta, uydurma tarixə əsaslanan və Ermənistanın dövlət ideologiyasına çevrilmiş bir konsepsiyanı - ultra millətçiliyi, yəni erməniçiliyi dirçəltmək, erməniləri yenidən bir ideya ətrafında toplamaq və onlarda revanş hisslərini qızışdırmaqdır. Paşinyan hökuməti bir çox hallarda ziddiyyətli mövqe sərgiləsə də, regionda yaranmış yeni reallığı yaxşı başa düşür. O səbəbdən, erməni kilsəsi ilə İrəvan hakimiyyəti arasında uçurumun getdikcə daha da dərinləşəcəyi gözləniləndir.

Ümumiyyətlə, erməni kimliyinin əsas göstəricilərindən biri apostol kilsəsidir və lap yaxın tarixədək dünyanın harasında yaşamasından asılı olmayaraq, bu, erməni toplumu üçün mübahisəsiz qəbul edilən fakt olub. Erməni kilsə tarixi iddia edir ki, “Ermənistan dünyada xristianlığı dövlət dini olaraq qəbul edən” ilk ölkədir, lakin həmin “tarix” o “dövlətin” fiziki və yaxud siyasi xəritəsinin hüdudlarını göstərməyi çox vaxt “unudur”. 2018-ci ildə məxməri inqilabdan çıxan Ermənistan vətəndaşlarının əhəmiyyətli bir hissəsi kilsə rəhbəri II Qareginin istefasında təkid göstərirdi. Erməni ictimaiyyətinin nəzərəçarpacaq hissəsi hesab edirdi ki, ölkəni mövcud duruma gətirən təkcə “erməni xalqının xoş gələcəyi” üçün “çarpışan” siyasətçilər deyil, həm də Allahın və “erməni xalqının qulları” olan kilsə xidmətçiləridir. Patriarxın avtomobili dəfələrlə etirazçılar tərəfindən mühasirəyə alınmışdı, hətta katolikosun Eçmiədzindəki monastr həyətinə yaxın yaşayış binasında əlbəyaxa döyüşlər getmişdi. Bəs kilsənin sülhə qarşı davam edən bu mövqeyi Ermənistan ictimai rəyinə necə təsir edə bilər? Paşinyan erməni kilsəsinin müqavimətinə davam gətirə biləcəkmi?

Qabil Hüseynli: “Gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə  məcbur qalacaqdır ”

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyan hələ hakimiyyətə gəldiyi ilk günlərdən II Qareginin kilsəyə rəhbərlik etməsinə etiraz edirdi. “Buna səbəb kilsənin həddən artıq siyasiləşməsi, siyasi proseslərə yeri gəldi-gəlmədi müdaxilə etməsi, o cümlədən dinin dövlətdən ayrılmasına aid konstitusiya qanununu əsas gətirməsi idi. Hətta xatırlayıram ki, Paşinyan iqtidarının ilk dönəmlərində onun kadrları bir neçə mitinq keçirmişdilər, II Qaregini xoşluqla istefa verməyə çağırırdılar. Ümumiyyətlə, Ermənistan cəmiyyətində kifayət qədər nüfuza malik olan kilsənin öz ənənələri mövcuddur. Kilsə (Ermənistan dövlətinin olmadığı dövrlərdə Qriqoryan kilsəsi dövlət funksiyalarının bir qismini icra edib) mülkiyyət hüququnu təsdiq edir, bununla bağlı sənədlər verir, habelə vətəndaşlıq hüququnu təsdiqləyən sənədlər çap edir, hətta bəzi məhkəmə hüququnu belə icra edirdi. Onlar bunu kilsə ənənələri adlandırırlar. Elə ki, Ermənistan dövlətçilik qurdu, ondan sonra kilsəyə müdaxilə edildi və xalq içində kortəbii müdafiə edilən kilsə ənənələri zəiflədildi”, - deyə Q.Hüseynli şərh etdi.

Professorun fikrincə, Paşinyan isə ümumiyyətlə dinin dövlət siyasətinə qarışmamasının, kilsənin imtiyazlı hüquqlarının tərəfdarıdır: “Sadəcə, ölkədəki əhval-ruhiyyə, xüsusən də müharibə şəraiti Paşinyana bu ideyasını həyata keçirməyə imkan vermədi. Həm 44 günlük müharibə dövründə, həm də postmüharibə illərində Qriqoryan kilsəsi öz nüfuzunu bir az da artırdı. II Qaregin bu zəmin üzərində özünün müxalifətçilik mövqeyini Paşinyana qarşı daha da gücləndirdi. İndi elə bir vəziyyət yaranıb ki, Paşinyan II Qareginin yaşlı və xəstə olmasını, eyni zamanda, kilsənin siyasətə yersiz müdaxilələrini əsas gətirərək bir növ onu vəzifəsindən uzaqlaşdırmağı, əsaslı dini islahatlar həyata keçirməyi planlaşdırır. Bu mərhələdə onun sona qədər gedib-getməyəcəyi tam bəlli olmasa da, hər halda hökumət başçısı bu planı işə salıb”.

Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər  baş verməkdədir" » Newscenter.az

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, Paşinyan iqtidara gəldikdən sonra ona qarşı olan bütün qüvvələri zərərsizləşdirdi, vəzifəsindən kənarlaşdırdı: “Əvvəlcə müdafiə nazirini işdən azad etdi, sonra digər təmizləmə işlərinə başladı. Həmçinin Köçəryan, Sərkisyan, Ohanyan kimiləri sıradan çıxarmağa, cəmiyyətin gözündən salmağa nail oldu. Hətta prezident də dəyişdi və Paşinyana yaxın şəxs bu kürsüyə oturdu. İndi də kilsə ilə bağlı bu proses gedir. Təbii ki, kilsənin güclü təsir rıçaqları var və onun cəmiyyətə nüfuz imkanları böyükdür. Üstəgəl, kilsədən hökumətə qarşı həmişə tənqidlər eşitmişik. Buna səbəb keçmiş klanla, erməni diasporu ilə olan münasibətlərdir. Ona görə kilsə Paşinyana qarşı sona qədər mübarizə aparacaq. Bunu baş nazir yaxşı anlayır və II Qaregin, onun yaxın ətrafı, bu qüvvələr olduqca Paşinyan istədiklərini həyata keçirə bilməyəcək. Çünki bu güclər həm də Türkiyə ilə əlaqələrin normallaşması əleyhinədir. Üstəlik, dövlətin idarəetməsinə də maneə yaradırlar. Bu sadalanan faktorları nəzərə alsaq, Paşinyan kilsənin cəmiyyətdə təsirlərini azaltmağa məcburdur”.

Siyasi şərhçinin fikrincə, yeganə yol regionda sülhə doğru real addımlar atmaqdan keçir: “Bu da erməni lobbisi, diasporu, revanşistlər və kilsəni daha da birləşdirəcək, cəmiyyəti inandırmağa çalışacaqlar ki, Paşinyan ölkəni satır. Amma cəmiyyət özü də görür ki, kilsə və revanşistlər erməni xalqını yenə uçuruma, qana, müharibəyə səsləyir. Paşinyan kilsə rəhbərliyinin dəyişməsi istiqamətində addımlarını davam etdirməyə məcburdur. Əgər hədəflərinə nail ola bilməsə, bu gün davam edən siyasi böhran dərinləşsə, o zaman səriştəsiz bir siyasətçi kimi tarixə düşəcəyini, iqtidardan getməsini görə bilərik.  Bundan əlavə, aprelin 24-də Ermənistanda siyasi rəhbərlik və ruhanilər ayrı-ayrılıqda ”Tsitsernakaberd"i ziyarət etmişdilər. Ancaq bu, birinci hal deyildi, keçən il də bütün ermənilərin katolikosu II Qaregin və baş nazir Nikol Paşinyan öz kabineti ilə müxtəlif vaxtlarda “Tsitsernakaberd”ə qalxıblar. Erməni mətbuatı yazırdı ki, 44 günlük müharibədən sonra təkcə Tsitsernakaberddə yox, həm də Yerablurda və ya başqa yerlərdə təşkil edilən dövlət tədbirləri zamanı keçmiş hakimiyyət təcriddədir, tədbirlər ruhani sinfi və Ermənistanın keçmiş prezidentləri olmadan təşkil edilir. Yəni artıq uçurum çoxdan yaranıb və indi Paşinyan erməni xalqının dəstəyini sona qədər alaraq kilsəni də siyasətdən uzaqlaşdırmalı, hadisələrə, qərarlar təsir imkanlarını azaltmalıdır ki, öz siyasətini apara bilsin".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR