Onlayn ictimai-siyasi qəzet
Mehriban Zeynalova: “Düşünmürəm ki, bu, boşanmaların sayını azaldacaq, amma...”
Deputat Bəhruz Məhərrəmov mübahisəsiz boşanma prosesini tam şəkildə qeydiyyat idarələrinə həvalə etməyi təklif edib. O bildirib ki, bir çox hallarda boşanma prosesi özü zorakılığın kökündə dayanan amil olur.
“Ümumiyyətlə, biz mübahisəsiz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik? Mübahisə varsa, başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa, biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi, boşanma prosesini tam şəkildə qeydiyyat idarələrinə həvalə edə bilərik. Nikah könüllü ittifaqdır, adam istəmirsə, onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, zatən mediasiya prosesində müəyyən olunacaq”, - deputat vurğulayıb.
Bəhruz Məhərrəmov
O həmçinin nikah müqaviləsini icbari formata salmağı təklif edib: “Necə ki, nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müraciət edərkən nikah müqaviləsi də aidiyyəti icra orqanına təqdim edilməlidir... Biz bununla birincisi, yersiz məhkəmə çəkişmələrinin qarşısını ala bilərik, ikincisi isə boşanma prosesində xüsusən qadınların hüquqları üçün təhdidləri aradan qaldırmış olarıq”.
Bəs nikah müqaviləsinin icbari olması boşanmalara hansı təsiri göstərə bilər?
Sirr deyil ki, çox vaxt belə müqavilələr, ümumiyyətlə, bağlanmır. İcbari olarsa, ər və ya arvad üçün, tərəflər üçün hansısa çəkindirici rol oynaya bilərmi?
Qeyd edək ki, son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterli olur. Bu cür münaqişələrin əksəriyyəti əsasən boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur.
Təcrübədə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlik və utancverici bir hal kimi qəbul edilməsidir. Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Lakin mütəxəssislər qeyd edir ki, nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir.
Müqavilədə tərəflərin bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəa müəyyənləşdirilə bilər.
Əgər nikaha daxil olana qədər müqavilə bağlanılmayıbsa, bu o demək deyil ki, nikaha daxil olduqdan sonra bağlanıla bilməz. Ona görə də gənc ailələr qanunun verdiyi bu imkandan sonra da yararlana bilərlər.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Bu müqavilə ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
Lakin reallıqda bu müqavilə, demək olar ki, bağlanmır və nəticədə nikah pozularkən çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan məhkəmə dəhlizlərində bir-birinə qəzəb və nifrət püskürməsinə gətirib çıxarır.
Ailə qanunvericiliyinə görə, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. İstənilən vaxt dəyişdirilə və yaxud da pozula bilər.
Müqavilənin dəyişdirilməsi və yaxud da pozulması üçün bunu ər-arvadın qarşılıqlı razılığına bağlayır. Belə razılıq olduqda istənilən vaxt müqavilə dəyişdirilə və ya pozula bilər.
Razılıq olmadıqda isə tərəflərdən birinin iddiasına əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi dəyişdirilə və ya pozula bilər.
Nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz.
Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.
Mehriban Zeynalova
Mövzu ilə bağlı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb: “Hesab etmirəm ki, nikah müqaviləsinin bağlanması icbari edilərsə, bu, dərhal boşanmaların qarşısını alacaq.
Əvvəlki nikah müqaviləsi formal bir sənəd idi. Belə ki, tərəflərin özünün hansısa maddələrə əlavə etmək imkanı yox idi. Məsələn, tərəflərdən biri deyə bilməzdi ki, gələcəkdə nə vaxtsa boşansa, uşaqlarla bağlı qərarlar, qəyyumluq məsələsi onun tərəfində olsun və yaxud uşaq onda qalacaq və yaxud da ailəyə gələn gəlirin müəyyən hissəsi onun olmalıdır və sairə.
Həmçinin müəyyən stereotiplər də var idi və əksər kişilər bundan istifadə edib deyirdilər ki, “nikah müqaviləsi nəyə lazımdır, niyə bu kağızı yazırsan, indidən boşanma planı qurursan?” və sairə.
Daha bir məsələ, evlənən şəxslər və ya onların yaxınları ilk vaxtlar bir-birilərinə jest edə bilirlər, amma sonrakı prosesdə bu jestlər münaqişələr yarada bilir. Məsələn, olur ki, qızın atası yeni ev alır və evi oğlanın adına qeydiyyata aldırır, boşanma anında oğlan əmlakı öz əlinə alır və deyir ki, qıza heç nə verməyəcək. Praktikada belə hallara da rast gəlinir.
Beləliklə, hesab etmirəm ki, nikah müqaviləsinin icbari edilməsi boşanmaların sayına təsir edəcək. Əgər icbari edilərsə, mütləq şəkildə standartlar olmalı və yaxud tərəflər özləri o şərtləri qoymalıdır ki, boşanmalı olsalar bu prosesi hansı şərtlərlə etmiş olacaqlar.
Məlum olduğu kimi, ölkədə qeyri-rəsmi nikahların sayı xeyli artıb. Fikrimcə, icbari nikah müqaviləsi qeyri-rəsmi nikahların sayını daha da artırmış olar. Çünki nikah müqaviləsinin məsuliyyətini götürmək istəməyənlər əksər vaxtda nikaha girməkdən yayınacaq. Ona görə də hansısa təklifi irəli sürəndə bütün bu fəsadları nəzərə almaq lazımdır ki, insanlar nikaha girməyə və nikah müqaviləsi bağlamağa maraqlı olsun və ən əsası nikah davamlı qalsın.
Bəli, tərəfdarıyam ki, nikah müqaviləsi icbari olsun, amma bütün fəsadlar nəzərə alınaraq bu proses həyata keçirilməlidir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ