İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft-qaz sektorundan vergi gəlirləri niyə kəskin azalıb - təhlil

Əsas ümidverici amil qaz qiymətlərinin ötən illə müqayisədə baha olacağı gözləntiləridir

Azərbaycan Maliyyə Nazirliyi 2024-cü ildə dövlət büdcəsinin gəlir və xərclərinə dair ilkin məlumatları açıqlayıb. Məlumatdan aydın olur ki, ötən il büdcənin gəlirləri 36 milyard 388,0 milyon manat proqnoza qarşı 37 milyard 164,2 milyon manat təşkil edib. Bu, proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1 milyard 927,8 milyon manat çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24 milyard 383,2 milyon manat təşkil edib. 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15 milyard 808,0 milyon manatı və ya 42,5 faizi vergi və rüsumlar üzrə daxilolmaların, 12 milyard 781,0 milyon manatı və ya 34,4 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6 milyard 648,7 milyon manatı və ya 17,9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 547,9 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 250,0 milyon manatı və ya 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 37,6 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1 milyard 21,1 milyon manatı və ya 2,7 faizi sair daxilolmaların, 69,9 milyon manatı və ya 0,2 faizi məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmaların payına düşüb.

Bildirilib ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 538,0 milyon manat və ya 3,5 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 213,7 milyon manat və ya 3,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 9,6 milyon manat və ya 34,3 faiz, məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar 33,6 milyon manat və ya 1,9 dəfə, sair gəlirlər üzrə daxilolmalar isə 264,4 milyon manat və ya 34,9 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilib.

Ötən il dövlət büdcəsinin xərcləri 37 milyard 719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat (5,1 faiz) az icra edilib. Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edib. Belə ki, 2024-cü il dövlət büdcəsi xərclərinin 21 milyard 800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1 milyard 532,2 milyon manat və ya 7,6 faiz çox), 14 milyard 623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 383,5 milyon manat və ya 2,6 faiz az), 1 milyard 295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilib.

2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq iqtisadi fəaliyyət xərcləri 98 faiz və ya 9 milyard 701,2 milyon manat, səhiyyə xərcləri 97,9 faiz və ya 1 milyard 827,5 milyon manat, təhsil xərcləri 96,5 faiz və ya 4 milyard 390,1 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 96,0 faiz və ya 361,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 95,9 faiz və ya 319,5 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 94,9 faiz və ya 6 milyard 563,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 94,7 faiz və ya 4 milyard 151,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 92,8 faiz və ya 2 milyard 809,8 milyon manat, kənd təsərrüfatı xərcləri 91,6 faiz və ya 1 milyard 102,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 90,9 faiz və ya 4 milyard 115,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 90,5 faiz və ya 1 milyard 880,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 86,4 faiz və ya 497,1 milyon manat təşkil edib.

Məlumata görə, 2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4 milyard 828,5 milyon manatı, dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2 milyard 771,1 milyon manatı xərclənib.

Maliyyə Nazirliyinin açıqladığı məlumatdan o da aydın olur ki, 2024-cü ildə Azərbaycan dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat təşkil edib. Bu daxilolmaların 26,6 faizi və ya 4 milyard 780,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408,0 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

Məlumata görə, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49,0 faizi və 2 milyard 341,0 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1 milyard 774,5 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.

Beləliklə, aydın olur ki, ötən il dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında illik ifadədə 1 milyard 638,3 milyon manat və ya 25,5 faiz azalma qeydə alınıb. Xatırladaq ki, 2023-cü ildə neft-qaz sektorundan daxil olan vergi gəlirlərinin həcmi 6 milyard 418,8 milyon manat təşkil etmişdi. Bunun 1 milyard 837,8 milyon manatını SOCAR təmin edib, 3 milyard 850,3 milyon manatı “Şahdəniz”, 730,7 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” yatağında çalışan xarici şirkətlər tərəfindən ödənilmişdi.

Dövlət büdcəsinin neft-qaz sektorundan vergi gəlirlərinin azalmasında iki mühüm amil rol oynayıb. Bunlardan birincisi ixrac olunan neft həcmlərindəki azalmadır. Rəsmi gömrük statistikasından aydın olur ki, 2024-cü il ərzində Azərbaycan xarici bazarlara 14 milyard 437 milyon 355.99 min dollar dəyərində 23 milyon 596 min 132.23 ton neft ixrac edib. Bu, 2023-cü ildəkindən dəyər baxımından 1 milyard 803 milyon 473.64 min dollar və ya 11 faiz, miqdar baxımından isə 2 milyon 451 min 157.28 ton və ya 9,4 faiz azalma deməkdir.

Neft ixracının azalması ilə yanaşı, ölkənin qaz ixracından gəlirləri də kəskin azalıb. Belə ki, ötən il Azərbaycanın qaz ixracı 25 milyard 772 milyon 217.76 min kubmetrə bərabər olub ki, bundan ölkəyə 8 milyard 406 milyon 728.72 min dollar gəlir əldə edilib. Qaz ixracı miqdar baxımından əvvəlki illə müqayisədə 851 milyon 255.76 min kubmetr, dəyər baxımından isə 5 milyard 271 milyon 615.42 min dollar azalıb.

Qaz ixracından gəlirlərin azalmasının əsas səbəbi Azərbaycan qazının əsas satış bazarı olan Avropadakı qiymət enişidir. Belə ki, 2022-ci ildə Azərbaycan qazının əsas ixrac bazarı olan Avropada qazın orta qiyməti 1260,8 dollar, 2023-cü ildə 464 dollar, 2024-cü ildə isə 387 dollara bərabər olub.

Neft ixracının, həmçinin qaz qiymətlərinin azalması dövlət büdcəsi ilə yanaşı, Dövlət Neft Fondunun da gəlirlərində azalmaya səbəb olub. Açıqlanan rəsmi məlumata əsasən 2024-cü ildə fonda Azəri-Çıraq-Günəşli yatağından mənfəət olaraq 6 milyard 158,5 milyon dollar gəlir daxil olub. Bu, 6 milyard 899,2 milyon dollar gəlirin daxil olduğu 2023-cü illə müqayisədə 740,7 milyon dollar və ya 10,7 faiz azdır.

2024-cü ildə “Şahdəniz” yatağından Neft Fondu 442,085 milyon dollar gəlir əldə edib. Bu, 1 milyard 308 milyon dolların əldə olunduğu 2023-cü illə müqayisədə 865,915 milyon dollar və ya 3 dəfəyə yaxın azalma deməkdir.

Qeyd edək ki, bu il üzrə dünya neft bazarında qiymətlərin ötənilki ilə müqayisədə xeyli aşağı olacağı gözlənilir. ABŞ prezidenti Donald Trampın ölkədə neft-qaz hasilatını və ixracını artırmaq, həmçinin qiymətləri saxlamaq üçün hasilatçı ölkələrin OPEK+ razılaşmasını aradan qaldırmaq planları bazar üçün böyük neqativ təsir yaradır. Buna görə də ilin ortalarına doğru qiymətlərin kəskin ucuzlaşacağı gözlənilir.

Azərbaycan üçün bu fonda əsas ümidverici amil qaz qiymətlərinin ötən illə müqayisədə baha olacağı gözləntiləridir: Avropa Rusiyadan qaz nəqli tamam dayandığına görə anbarlardan istehlakı maksimuma çatdırıb. Artıq Avropa anbarlarında qaz ehtiyatları 55 faizdən aşağı düşüb. Bu isə yaz və yay aylarında anbarların doldurulması üçün qaza tələbatın kəskin artması fonunda qiymətlərin yüksələcəyini deməyə əsas verir. Yüksək qaz qiymətləri isə Azərbaycanın gəlirlərinin artmasına, neft ixracından yaranan itkilərin qismən də olsa, qaz hesabına kompensasiya olunmasına imkan verəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR