Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağında humanitar böhranın miqyası günü-gündən artmaqdadır. İsrailin Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində ən azı 46 nəfər ölüb, 160-dan çox insan yaralanıb. Şənbə gecəsindən dünən səhər saatlarına qədər Xan Yunus şəhəri, Qəzza şəhərinin Zeytun məhəlləsi, Rəfah və Beyt Lahiya hava zərbələrinə məruz qalıb. Təxminən bir aya yaxındır ki, humanitar yardım ala bilməyən fələstinli mülki əhali davamlı bombardmanlar və məcburi təxliyə əmrləri altında sağ qalmaq üçün mübarizə aparır.
Musavat.com xəbər verir ki, Qətərdə fəaliyyət göstərən “Əl-Cəzirə” telekanalının Qəzza zolağındakı müxbiri Hind Khoudarinin sözlərinə görə, bölgədəki fəlakət getdikcə daha da boğucu olur.
"İsrailin martın 2-dən humanitar yardımların ölkəyə girişinə qadağa qoyduğu bölgədə, demək olar ki, ərzaq, yanacaq, dərman və çadır yoxdur. Qəzzanı su ilə təmin edən İsrail şirkəti Merkoto zolağa gələn suyun 70 faizini kəsib. Qəzzalılar bir neçə litr təmiz su əldə etmək üçün bütün günü növbə gözləyirlər. Eyni şey yemək üçün də keçərlidir. Yardım təşkilatları tərəfindən ərzaq paylanması zamanı az qala izdiham yaşanır. Yardım təşkilatları xəbərdarlıq edir ki, məhsul ehtiyatları tükəndiyi üçün mətbəxlər qısa müddətdə fəaliyyətini dayandıracaq" - jurnalist qeyd edib.
Həkimlərin sözlərinə görə, xəstəxanalar dolub, insanları müalicə etmək çox çətindir, çünki əsas ehtiyaclar və tibbi ləvazimatlar çatışmır.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yazılı şərhində bildirilib ki, İsrail ordusunun evakuasiya əmri və ya bombardmanı səbəbindən 18 martdan bəri Qəzzada müalicə mərkəzlərinin yüzdə 15-i bağlanıb və İsrailin tətbiq etdiyi blokadaya görə 350 uşağın həyatı ciddi risk altındadır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris də Qəzzada hamilə və körpəsinə süd verən qadınların 90 faizinin düzgün qidalanmadığını açıqlayıb.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ