Onlayn ictimai-siyasi qəzet
Misir Mərdanov: “Hər şey deyiləndə hesablanıb, fikirləşilib deyilsə, daha yaxşı olar”; bəziləri səriştəsizlik və uğursuzluqlardan diqqəti yayındırmaq istəyirlər...
“Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib. “Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə
səbəb olacaq. Eyni zamanda sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq”, - deyə nazir əlavə edib.
“Realist olmaq lazımdır - PISA 2029 reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq. Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük”, - deyə E.Əmrullayev əlavə edib.
Nazir qeyd edib ki, cəmiyyətin də buradakı məsuliyyəti böyükdür: “Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ - hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır”.
Bəs müəllimlərin sayının azalması islahat kimi qəbul edilə bilərmi? Misir Mərdanov dövrünün təftişi və cəmiyyəti günahlandırmaq doğru yanaşmadırmı?
Qeyd edək ki, Misir Mərdanov nazirin səsləndirdiyi bu fikirlərlə bağlı Cebheinfo.az-a açıqlamasında cavab verib: “Mən nazirliyin əməkdaşıyam, işçisiyəm, nazirin sözünə qarşı bir şey deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, hər şey deyiləndə hesablanıb, fikirləşilib deyilsə, daha yaxşı olar”.
Malvina Amirova
AG Partiyanın Mərkəzi Aparatının üzvü, təhsil mütəxəssisi Malvina Amirova deyir ki, Azərbaycan təhsil sistemində problemlər onsuz da kifayət qədərdir. Amma indi Elm və Təhsil Nazirliyi yeni bir problem yaratmaq fikrinə düşüb - müəllimlərin sayını azaltmaq: “Görəsən, cənab nazir bu qərarı verərkən xalqın dolanışığını, uşaqların təhsilini və müəllimlərin çəkdiyi əziyyəti nəzərə alıbmı?! Müəllimlərin sayını azaltmaq o deməkdir ki, minlərlə insan işsiz qalacaq. Həmin müəllimlər ailələrini necə dolandıracaqlar? İş yerlərini bağlayıb sonra maaş artımını "böyük nailiyyət" kimi təqdim etmək absurddur. Siniflərdə şagird sayı artır, ancaq müəllimləri ixtisara salırlar. Müəllimlik, sadəcə, peşə deyil, missiyadır. Bu missiyanı yerinə yetirən insanları işsiz qoymaq, onların əməyini qiymətləndirməmək, sadəcə, haqsızlıqdır. Təhsilin keyfiyyətini artırmaq istəyirsinizsə, müəllimləri ixtisar etmək yox, onların sosial rifahını yaxşılaşdırmaq, peşəkar inkişafını dəstəkləmək lazımdır.
İllərdir valideynlər, müəllimlər və şagirdlər Elm və Təhsil Nazirliyinin yanlış qərarlarından şikayətlənir, amma nəticə yoxdur. Müəllimlər aşağı maaş və ağır yüklə əziyyət çəkir, şagirdlər lazımsız və həddən artıq yüklənmiş proqramların altında əzilir, valideynlər isə övladlarını oxutmaq üçün məcburi repetitor yanına göndərir. Bütün bunlar uğursuz idarəçiliyin nəticəsidir. Cəmiyyətin səsi çoxdan çıxır, amma Elm və Təhsil Nazirliyi eşitmir".
İlham Əhmədo
Dosent İlham Əhmədov də mövzu ilə bağlı fikrini açıqlayıb: “Artıq 20 ildir ki, qlobal təhsil reytinqlərində ölkə təhsili son yerlərdədir. Bu təhsil sistemi ölkə rəhbərliyinin təhsil sistemindən olan gözləntilərini təmin edə bilməz. Belə idarə edilən təhsil sistemi savadlı, kreativ düşüncəli, tərbiyəli vətəndaş, müasir insan kapitalı yetişdirə bilməz. Belə təhsillə bilik iqtisadiyyatı qurmaq da mümkün deyil.
Amma təhsil məmurları hər vəchlə səriştəsizlik və uğursuzluqlardan diqqəti yayındırmaq istəyirlər. Onlar əsl günahkarlardan, qüsurlu idarəetmədən diqqəti yayındırmaq üçün müəllimləri hədəf seçiblər. Məlum olur ki, bəzi zəif müəllimlər təhsildəki bütün problemlərin səbəbi imiş. Amma azsaylı belə müəllimlər də bu təhsil sisteminin yetişdirməsidir, onların heç biri xaricdə təhsil almayıb, ya da xaricdən saxta diplom gətirməyib. Bu yolla müəllimləri gözdən salmaq , diqqəti çökən təhsil sistemindən yayındırmağa cəhdlər aydın görünür. Bizim təhsil sistemi artıq 30 ildir ki, bu labirintin içində itib. Amma bu 30 ildə itmiş təhsil sistemindən faydalananlar da az olmadı. Kommersant düşüncəli təhsil məmuru (belələri əsasən pedaqoq yox, təhsil sisteminə kənardan, əsasən də biznesdən gələnlər olur) pul naminə tədrisin keyfiyyətini bilərəkdən zəiflədir, özləri çoxsaylı kurslar yaradır, onu şəbəkələndirir, şagirdləri ora yönləndirirlər. Bu prosesdə məqsədli şəkildə keyfiyyətsiz dərsliklərin və tədris materiallarının yaradılması, müəllimlər üçün mənasız təlimlərin keçirilməsi, əhəmiyyətsiz layihələr və qrantların verilməsi də müşahidə edilir.
Bir çox hallarda təhsil kommersantları ölkənin təhsil büdcəsini acımadan talayır, dağıdırlar. Ona görə də 5 qat artan təhsil büdcəsi təhsilin inkişafına heç nə verə bilmir. 20 ildir ki, neft kapitalı insan kapitalına çevrilə bilmir. Artıq neft də tükənir, amma insan kapitalı hələ də yaranmayıb. Repetitorluq sahəsindəki bir illik dövriyyə (kölgə iqtisadiyyatının bir sferası olaraq) 1 milyard manatdan çoxdur. Ona görə də təhsil məmurları repetitorluğa qarşı nəinki mübarizə aparmır, hətta onu 30 ildir ki, dəstəkləyir, onun inkişafında maraqlı olurlar. Repetitorluq kütləviləşəndə artıq bir çox məktəb direktorları bu proseslərdə əsas “menecer”lərdən birinə çevrilirlər. Bir çox məktəb direktoru dövlət obyektlərini icarəyə verən bir kommersant olur. Belə məktəb direktorları (onların sayı heç də az deyil) məktəbdə pis davamiyyətə nəyinsə müqabilində göz yumur, şagirdlərə saxta qiymətlərin yazılmasında təşkilatçılıq edir, keçilməyən dərslərə görə saatların yazılmasında, bu saatlara görə ayrılan maaşların “verilməsi”ndə qanunsuzluqlara da yol verirlər. Repetitorluq kütləviləşəndə artıq bir çox məktəb direktorları bu proseslərədə əsas “menecer”lərdən birinə çevrilirlər. Bir çox məktəb direktoru dövlət obyektlərini icarəyə verən bir kommersant olur. Belə məktəb direktorları məktəbdə pis davamiyyətə nəyinsə müqabilində göz yumur, şagirdlərə saxta qiymətlərin yazılmasında təşkilatçılıq edir, keçilməyən dərslərə görə saatların yazılmasında, bu saatlara görə ayrılan maaşların “verilməsi”ndə qanunsuzluqlara da yol verirlər".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ