İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Kremlə sərfəli böhrana sürüklənir: Türkiyəyə təzyiqlər parçalanma təhlükəsi yaradır

Türkiyənin NATO-dan çıxması Rusiya və Çinin hərbi-siyasi mövqelərini gücləndirə bilər... Çünki bu halda, Türkiyənin Rusiya-Çin cütlüyü ilə hərbi-siyasi tərəfdaşlığa yönələ biləcəyi qətiyyən istisna deyil...

Ukrayna savaşı başlandıqdan sonra ABŞ və Qərb NATO-nun kənar təsirlərə tab gətirdiyini xüsusi olaraq, vurğulayırdılar. Əsas iddialar ondan ibarət idi ki, Rusiyanın Ukraynaya savaş açması NATO-nu parçalanma təhlükəsi qarşısında qoya bilərdi. Hər halda, bəzi NATO ölkələri bu hərbi-siyasi alyansın Ukrayna ordusuna silah-sursat verilməsinə tərəddüdlə yanaşırdılar.  

Ancaq NATO bu problemdən yayına bildi. Ona görə də, ABŞ və Qərb Rusiya prezidenti Vladimir Putinin NATO-nu parçalamaq niyyətinin boşa çıxdığını məmnunluqla qeyd edir. Üstəlik, Ukrayna savaşı NATO-nun daha da güclənərək, vahid hərbi-siyasi mexanizm kimi fəaliyyət göstrməsinə də münbit şərait yaratdı. Və bu baxımdan, NATO-nun olduqca taleyüklü bir mərhələdən uğurla çıxdığını düşünmək olar.

Bütün bunlara baxmayaraq, son vaxtlar NATO-nun ətrafında yeni siyasi böhranın yaranma ehtimalı ciddi görüntülər almağa başlayıb. Belə ki, NATO-nun sıralarını yeni üzvlərlə genişləndirmək cəhdləri bu hərbi-siyasi alyans daxilində müəyyən narazılıqlara yol açıb. Belə davam edərsə, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti bu qurum daxilində ziddiyyətləri dərinləşdirə bilər.

452eefa4-220d-42dc-a7b5-7624cb6245f9.jpg (252 KB)

Məsələ ondadır ki, Türkiyə NATO daxilində olduqca önəmli və uzaqgedən manevrlər etməyə üstünlük verir. Rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bloklamaq niyyəti birbaşa Türkiyənin milli təhlükəsizlik maraqlarından qaynaqlanır. Türkiyə bu məsələdə veto hüququndan istifadə etməmək üçün haqlı olaraq, bir neçə şərt irəli sürür. Rəsmi Ankara hesab edir ki, İsveç və Finlandiya “terror yuvası”na çevrilib. Ona görə də, “terror yuvası”na çevrilmiş ölkələrin NATO-ya üzvlüyü yolverilməzdir.

Ancaq rəsmi Ankara şərtləri yerinə yetiriləcəyi təqdirdə, Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmayacağını da qətiyyən gizlətmir. Həmin şərtlərin sırasında Finlandiya və İsveçin PKK terror təkilatına dəstəkdən imtina edilməsi ilə yanaşı, ABŞ və bəzi NATO ölkələrinin Türkiyəyə qarşı tətbiq etdiyi embarqoların ləğv olunması tələbi də var. Rəsmi Ankara hesab edir ki, NATO üzrə müttəfiqlərin Türkiyəyə qarşı embarqo tətbiq etməsi yolverilməz davranışdır.

Maraqlıdır ki, hazırda ABŞ və Qərb rəsmi Ankaranın şərtlərini yerinə yetirmək əvəzinə Türkiyə ilə anlaşmağa çalışır. Halbuki, rəsmi Ankara xəbərdarlıq edib ki, şərtlər yerinə yetirilərsə, problem həll edilmiş olacaq, Türkiyəni yola gətirməyə də ehtiyac qalmayacaq. Yəni, Türkiyənin rəsmi dairələri İsveç və Finlandiyanın terrorizmə dəstəkdən imtinaya razılaşdırılmasının və bütün digər şərtlərin yerinə yetirilməsinin indiki situasiyadan yeganə çıxış yolu olduğunu vurğulayır.

210208-nato-star-map.jpg (87 KB)

Ancaq buna baxmayaraq, bəzi Qərb ölkələri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün yolunu açmaq üçün Türkiyənin Avroatlantik blokdan ixrac edilməsinin vacibliyinə eyham vurmağa da başlayıblar. Halbuki Türkiyənin NATO-dan ixracı bu hərbi-siyasi alyansın intiharına bərabər addım ola bilər. Və bundan Türkiyənin NATO-dan daha çox itirəcəyinə inanmaq sadəlövhlük olardı.

Məsələ ondadır ki, Türkiyə NATO daxilində ABŞ-dan sonra ikinci ən güclü orduya sahib olan önəmli dövlətdir. Digər NATO üzvü olan dövlətlərin orduları ABŞ və Türkiyə ordularından ciddi şəkildə geri qalırlar. Bu baxımdan, Türkiyənin NATO-dan ixracı bu hərbi-siyasi alyansın ciddi şəkildə zəifləməsinə yol aça bilər. Yəni, İcveç və Finlandiyanın hesabına NATO-nu genişləndirmək istəyənlər, əgər, Türkiyəni bu qurumdan ixrac etsələr, Avroatlantik alyansa sarsıdıcı zərbə vura bilərlər. Çünki, İsveç və Finlandiyanın hərbi potensialı hətta birlikdə belə, Türkiyə ordusunun qüdrəti ilə müqayisə edilə bilməz.

Xüsusilə də, Rusiya və Çinlə düşmənçiliyin davam etdiyi bir situasiyada Türkiyənin NATO-dan çıxarılması qarşı tərəfi gücləndirər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, NATO-dan ixrac olunan Türkiyənin Rusiya və Çinlə hərbi-siyasi tərəfdaşlığa meyil edə biləcəyi də qətiyyən istisna deyil. Ona görə də, NATO sıralarında Türkiyə kimi nəhəng hərbi-siyasi güc mərkəzinin itirilməsi ilə bağlı riskə gediləcəyi o qədər də inandırıcı görünmür.

nocomment_87f0304f8a4a476354767d609b5f4a4f_novqz7xgjbs08epkl2wt-640x336.jpg (32 KB)

Bu məsələyə münasibət bildirən NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyənin önəmli hərbi-siyasi müttəfiq olduğunu və rəsmi Ankaranın milli təhlükəsizliklə bağlı narahatlıqlarının həll edilıməsinin vacibliyini vurğulaması da bunu təsdiqləyir. Əslində, vaxtilə Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasını bəhanə edən ABŞ və bəzi Qərb ölkələri Türkiyəyə embarqo tətbiq edərkən, rəsmi Ankara NATO-dan çıxa biləcəyinə eyham vurmuşdu. Ancaq ABŞ və NATO rəhbərliyi həmin dövrdə rəsmi Ankaranın könlünü almaqla, Türkiyə ilə bağlı yarana biləcək ciddi böhranın qarşısını aldı.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Türkiyənin NATO-dan ixrac edilməsi kimi böyük avantürist riskə cəsarət etməz. Ona görə də, bu barədə səsləndirilən eyhamlar rəsmi Ankaraya qarşı heç bir təsiri olmayacaq təzyiq cəhdlərindən başqa bir şey deyil. Yəni, hazırda NATO Türkiyənin bu alyansdan çıxa biləcəyindən daha çox narahat olmalıdır.

Belə anlaşılır ki, NATO daxilində ziddiyyətlərin dərinləşərək, sonradan siyasi böhrana çevrilmə ehtimalı hər halda, mövcuddur. Əgər, rəsmi Ankaraya qarşı təzyiqlər böhranlı həddə qədər artarsa, bu, ilk növbədə NATO-nun əleyhinə yönəlmiş proses olacaq. Bu baxımdan, öz mövqeyindən geri çəkilmək niyyətində olmayan Türkiyəyə Finlandiya və İsveç ucbatından təzyiqlərin gücləndirilməsi NATO-nun parçalanmasına yol aça biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR