İnsanlara hürriyət, millətlərə istiqlal!

Natəvanın matı yalan çıxdı

“Ey gül, üzünü bəndə kimi yad etsək, 

Zülfünlə sənin könlümüzü şad etsək,

Qəm şahmatını oynamışıq biz sənlə, 

Könlün gərək incinməyə biz mat etsək".

(Məhsəti Gəncəvi, 12-ci əsr)

1996-cı ildə bir yaxın qohum xəstələnmişdi. Dərdinə əlac tapılmırdı, həkimlər də çiyinlərini çəkirdilər. Cürbəcür türkəçarələri yoxlayırdılar, o zaman Bakı yaxınlığında, Binəqədidə Müslüm baba adlı bir ot-ələf “dərmanları” satan adam vardı, getdik onun yanına dərman almağa. Qohum üçün müəyyən otlar verdi, təbii ki, həmin otların heç bir xeyri olmadı, qohum bir neçə aydan sonra öldü. Ancaq mən Müslüm babanın qəbulunda olarkən bir detala çox təəccüblənmişdim. Loğmanımız cürbəcür otları, çiçəkləri qarşımıza töküb göstərərkən “bu da xarı bülbül gülüdür” demişdi. Mən avamcasına “Bunu yəqin işğaldan qabaq, Şuşadan gətirmisiniz” demişdim (yaddaşım məni aldatmırsa, Müslüm baba qarabağlı olmalıydı). Kişi gülümsəmişdi: “Əşşi, yox, yazda Şamaxı dağlarından yığmışam”. Beləcə, bir əfsanə mənim üçün dağılmışdı. Sonralar internet çıxanda bu gülün hətta Qara dəniz sahillərində də bitdiyini oxudum. 

Hazırda daha bir əfsanəmiz üzərinə kölgə düşməkdədir. Düşünürəm əlaqədar orqanlar təcili tədbir görməlidir. 

Söhbət tanınmış şairəmiz Xurşidbanu Natəvanın fransız yazıçısı Aleksandr Düma ilə şahmat oynaması əhvalatından gedir. Bizi neçə illərdir buna inandırıblar, hətta rəssamlar bu temada rəsmlər çəkmiş, rejissorlar qısa filmlər hazırlamışdır. Əhvalatın qısa məzmunu belədir ki, Natəvan xanım çox əla şahmat oynayırmış, 19-cu əsrdə Düma Bakıya gələndə bunların arasında blits-turnir keçirilib və şairəmiz fransız yazıçını kombinasiya ilə mat edibdir. 

İndi isə deyirlər bu əhvalat yalandır. Srağagün gördüm, internetdə film çəkiblər (Baku TV kanalı olmalıydı), alimlər, tarixçilər danışdılar, söylədilər ki, belənçik oyun-moyun olmayıbdır. Hətta bəlkə Natəvanın şahmatı bilməyi özü uydurmadır! 

Bəs kimə inanasan? Tariximizdə bu cür saxtakarlığa heç vaxt yol verilməyibdir. Hər şey olduğu kimi yazılıbdır və bu işdə tarix institutunun əski müdiri Yaqub müəllimin böyük rolu olubdur. Həmin tarix kitablarına inansaq, dünya mədəniyyətinin beşiyi bizdədir. İlk dəfə yeriməyi də qədim insanlar bizdən öyrəniblər, oxuyub-çalmağı, rəqs eləməyi, kitab yazmağı, rəsm çəkməyi və sairəni də. Zarafat eləmirəm, Leonardo da Vinçinin anasının Şəkinin Kiş kəndindən olmağını, Şotlandiyanın əsasını Ağdamın Şoltanlı kəndindən gedən soydaşlarımızın qoymağını, o cümlədən Amsterdam şəhərinin adındakı “dam” hissəciyinin bizim Ağdam sözündəki hissə ilə eyni məna daşımasını akademiyamızın elmi nəşrlərində şəxsən oxumuşam. 

Natəvanın Dümanı mat eləməsi isə hazırkı kontekstdə bizim üçün özəlliklə vacibdir. Bilirsiniz, ermənipərəst qüvvələr Fransada şairimizin  büstünü qaraladılar, məcburən parkdan götürdük. O cümlədən Fransa-Azərbaycan münasibətləri bu dəqiqə it-pişik münasibətləri kimi çox “mehribandır”. Nəticədə, ulu nənəmizin hələ 200 il qabaq bir firəngi intellektual oyunda məhv eləməyi qəlbimizə işıq saçırdı, bizi yeni qələbələrə ruhlandırırdı. 

Bu baxımdan, Natəvanın 19-cu əsrin Aynur Sofiyevası, Mayya Çiburdanidzesi, Yudit Polqarı, lap belə canım sənə desin, Şəhriyar Məmmədyarov və Maqnus Karlseni olması bizə çox sərfəli idi. Dövlət siyasəti baxımından da lazımdır. Lakin belə məqamda kimsə çıxır, deyir Natəvanın Düma ilə oynamağı əfsanədir, mifdir. Nırç, nırç... 

Tədbir görülməlidir. Qaçaq yolla dollar gətirən jurnalistlərə nisbətdə, belə kinolar qayıran jurnalistlər daha təhlükəlidir. Dollarla uzağı dönər alarsan, ideologiya isə rayon almağa yardım edir! 

Belə getsə, Nüşabənin Bərdədə makedoniyalı İsgəndərə quzu kababı verməyi, məclisdə ərazinin deputatı Zahid Orucun iştirakı da yalan çıxarılacaq. Ayrısı kino çəkəcək, deyəcək Uzun Həsənin boyu metr yarım olub. 

Xalqa şirin həqiqətlər lazımdır. Tariximizi saxtalaşdırmağa imkan verməyək! 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR