Onlayn ictimai-siyasi qəzet
Komitə sədri: “Sertifikasiyadan hələ keçməyən müəllimlərin maaşı niyə artmalıdır?”
Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası həyata keçiriləcək. Bunu mədəniyyət naziri Adil Kərimli deyib. Nazir bildirib ki, digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır.
Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir.
Bildirilib ki, son iki il ərzində Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin həm forması, həm də məzmunu üzrə geniş islahatlar həyata keçirilməyə başlanılıb. İlk dəfə olaraq ötən il şagirdlərin musiqi məktəblərinə qəbulu elektronlaşdırılıb. Müəllimlərin işə qəbulu isə iki mərhələli və tam şəffaf şəkildə təşkil edilib. 2023-cü ildə 253, 2024-cü ildə isə 237 müəllim uğur qazanıb. Yeni müəllimlərin 63 faizi ali təhsillidir. Qeyd olunub ki, bu il ilk dəfə incəsənət məktəblərinin idarəedilməsi üçün İMES rəqəmsal platforması yaradılıb. Bu sistem tədris prosesinin izlənilməsi, müəllim-şagird məlumat bazasının formalaşdırılması, elektron cədvəllərin yaradılması və analitik təhlillərin aparılmasına xidmət edəcək. Hazırda bu sistemdə çalışan müəllim heyətinin 80 faizə yaxını orta ixtisas təhsillidir. Ali təhsilli müəllimlərin sayı cəmi 17 faizi təşkil edir ki, onların da yalnız yarısı profil üzrə ixtisaslaşıb.
Attestasiya prosesi ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində başlayacaq və daha sonra digər bölgələri əhatə edəcək.
Qeyd edək ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55 min nəfər olmaqla, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10%, 17 min nəfərdən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq edilib.
Lakin hələ sertifikasiya növbəsi çatmayan müəllimlər də maaşlarının artırılması istəyi ilə tez-tez sosial şəbəkələrdə paylaşımlar edirlər. Bəs sertifikasiyadan hələ keçməyən müəllimlərin əməkhaqları artırıla bilərmi?
Musa Quliyev
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlamasında bunun düzgün addım olmadığını söyləyib: “Hər bir müəllimin bilik və bacarığının qiymətləndirilməsi üçün sertifikasiya imtahanları keçirilir. Buna uyğun olaraq da əməkhaqları artırılır. Əməkhaqqının artırılması situmullaşdırıcı tədbir kimi görülür. Əməkhaqlarının artırılması həm də keyfiyyətli xidmətə görədir. Əgər biz sertifikasiyadan keçən, yüksək bal toplayan müəllimlə sertifikasiyadan keçməyən və ya keçə bilməyən müəllimi eyni tutacağıqsa, onda bunun bir mənası qalmır. Bazar iqtisadiyyatının öz tələbləri var. Yəni tələb-təklif məsələsi var. Ona görə də məsələyə bu cür yanaşma digər müəllimlərimizi də stimmullaşdıracaq ki, sertifikasiya imtahanlarından keçsinlər”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ