Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Müsavat Partiyası mayın 4-də XI qurultayını keçirir. Artıq tədbirin keçiriləcəyi məkan da məlum olub. Bakı Şəhər İcra Hakimiyyəti Müsavata Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində qurultay keçirməyə icazə verib.
Aprelin 30-a qədər partiyanın seçkili orqanlarına namizədlərin irəli sürülməsi mərhələsi baş tutacaq. Heç şübhəsiz ki, əsas diqqətlər başqanlığa kimlərin namizəd olacağına yönəlib. Artıq iki şəxsin namizədliyi məlum olub. Bunlardan biri tanınmış vəkil, Müsavat başqanının müavini, partiyanın Divan üzvü Osman Kazımovdur.
Digər namizəd isə, Müsavat Səbail təşkilatının üzvü Natiq Ulubəydir.
Mənim yenidən namizəd olmaq səlahiyyətim yoxdur, çünki partiyanın nizamnaməsinə uyğun olaraq bir sədr üçüncü dəfə namizədliyini irəli sürə bilməz.
Bu sözləri axar.az-a Müsavat Partiyasının qurultayında sədrliyə namizədliklə bağlı gedən müzakirələr haqda danışan hazırkı başqan Arif Hacılı deyib.
“Əvvəlcə onu deyim ki, qurultayın nümayəndələri artıq seçilib. Məclis üzvlüyünə, başqanlığa, Mərkəzi Nəzarət Təftiş Komissiyasına namizədlərin irəli sürülməsi prosesi başlayıb. Hələlik 80 nəfər məclis üzvlüyünə, 6 nəfər MNTK üzvlüyünə, iki nəfər - Natiq Qulubəy və Osman Kazımov isə Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürüblər. Mənim yenidən namizəd olmaq səlahiyyətim isə yoxdur, çünki partiyanın nizamnaməsinə uyğun olaraq bir sədr iki dəfə seçildikdən sonra üçüncü dəfə namizədliyini irəli sürə bilməz. İsa Qəmbər və başqalarının namizədlik verməyə isə səlahiyyəti var və bu səlahiyyətdən istifadə etmək üçün 30 aprel tarixinə qədər vaxt hesablanıb. Proses yekunlaşdıqdan sonra isə məsələlərə münasibət bildirmək daha asan olacaq”, - deyə A.Hacılı bildirib.
Qeyd edək ki, partiya üzvləri keçmiş başqan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin namizədliyində israr edirlər. Onların əsas arqumentləri budur ki, 2014-cu ildən bu yana, yəni İ.Qəmbər başqanlıqdan getdikdən və A.Hacılı rəhbərliyə gəldiyi son 10 ildə partiyada ciddi şəkildə zəifləyib, partiyadan gedənlər olub və əgər keçmiş başqan geri dönərsə, küskünlər qayıda bilər, partiyada canlanma yaranar.
Sədrliyə namizəd olub-olmamağı ilə bağlı İsa Qəmbər qısa açıqlama verib:
“Sağlıq olsun, amma bu barədə hələki qəti qərar qəbul etməmişəm”.
Cavanşir ABBASLI
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ