İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəmmalı QƏZA – ordu generalının sifarişli ölümündə müdafiə nazirinin də adı hallanıb

Sovet dövründə ittifaq miqyaslı yüksək vəzifələrə təyinat bəzi hallarda təkcə baş katibin iradəsindən asılı olmayıb. Xüsusilə də ali rütbəli hərbçilərin vəzifəyə təyin olunmasında müdafiə nazirləri Mərkəzi Komitədə öz fikirlərini açıq şəkildə bildirməkdən çəkinməyiblər. 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olan Andrey Qreçko isə kadr məsələlərinə daha həssaslıqla yanaşıb, o, Siyasi Büroda təyinat müzakirələrində öz iştirakını vacib sayıb. Ötkəm marşalın belə müzakirələrdə iştirakı isə heç də həmişə sakitliklə ötüşməyib.

1972-ci ildə marşal Qreçko kadr məsələsi ilə bağlı növbəti dəfə qalmaqal yaradıb. SSRİ müdafiə nazirinin kadrlar üzrə müavini vəzifəsinə təyinat müzakirəsində marşal Siyasi Büro üzvləri ilə razılaşmayıb.

Nazir müavininin kim olacağı əvvəlcə qeyri-rəsmi şəraitdə, birincilərin ov mərasimində müzakirə edilib. Leonid Brejnev süfrə arxasında öz təklifini verib:

- Mən təklif edirəm ki, biz kadrlar üzrə müavin vəzifəsinə İvan Şkadovu təyin edək. Kadr məsələsi məsuliyyətli işdir və olduqca mühüm postdur. Şkadov bu işin öhdəsindən layiqincə gələcək.

 BREJİ SON.jpg (122 KB)

Brejnev sözünü bitirən kimi Qreçko baş katibin fikirlərinə sərt reaksiya verib:

- Leonid İliç, siz dediyiniz kimi kadrlar üzrə müavin olduqca mühüm bir postdur. Bu vəzifəni Şkadova həvalə etmək olmaz. Mən onu yaxşı tanıyıram. Şkadov mənim tabeleyimdə işləyir. Onun iş məhsuldarlığına yaxşı bələdəm.

Qreçkonun məsələyə bu cür münasibəti Brejnevi pərt etsə də, o, marşalın cavabını verib:

- Siz onu bir neçə ildir onu tanıyırsınız. Amma mən Şkadovu müharibə illərindən tanıyıram. O, peşəkar hərbçidir.

Qreçko Brejnevin bu cür təqdimatını istehza ilə qarşılayıb:

- Siz müharibə illərinin əsl zabitlərini tanıya bilmərsiniz, siz müharibənin o qədər də dərinliyinə getməmisiniz ki, kimin kim olduğunu biləsiniz.

Brejnev mübahisə etməyin mənasız olduğunu anlayaraq müzakirəyə son qoyub:

- Mən öz təklifimdə qalıram, məsələni Siyasi Büroda müzakirə edərik.

Siyasi Büroda Brejnevin tərəfdarları baş katibin təklifini dəstəkləyərək Şkadovun müdafiə nazirinin müavini təyin olunmasına razılıqlarını bildiriblər.

Beləliklə, İvan Şkadov 1972-ci ildə Müdafiə Nazirliyində baş kadrlar idarəsinin rəisi, eyni zamanda nazirin kadrlar üzrə müavini vəzifəsinə təyin olunub. Qreçko ilə işləmək çətin olsa da, Şkadov zaman-zaman öz bacarığını, iş məhsuldarlığını, peşəkarlığını nazirə sübut edə bilib.

SKAD.jpg (56 KB)

Qeyd edək ki, 1913-cü ildə Kaluqada anadan olan Şkadov bir müddət komsomol orqanlarında işlədikdən sonra Xarkov Zirehli Texnikalar Ali Hərbi Məktəbində təhsil alıb.

Sovet-alman müharibəsi başlananda baş leytenant rütbəsində olan Şkadov cəbhə bölgəsinə göndərilib, 216-cı tank alayının qərargah rəisi köməkçisi vəzifəsində xidmət edib. Müharibənin sonuna qədər onun döyüş yolları Stalinqraddan Berlinə qədər keçib. Müharibədən polkovnik rütbəsi ilə qayıdan Şkadov xidmətini Kubada və Polşada davam etdirib. Kuba silahlı qüvvələrinin formalaşmasında onun böyük xidmətləri olub.

1969-cu ildə Müdafiə Nazirliyinin hərbi-tədris idarəsinə rəis təyin olunan Şkadovun ilk gündən müdafiə naziri Qreçko ilə xidməti münasibətləri normal alınmayıb. Ötkəm nazir hərbi tədris müəssisələrində rejimin daha sərt olmasının tərəfdarı olduğundan idarə rəisi ilə aralarında fikir ayrılığı yaranıb. Elə bu fikir ayrılığı da yuxarıda qeyd etdiyimiz kimi, Şkadovun nazir müavini təyinatında mübahisəyə səbəb olub.

SKAD YENİ.jpg (83 KB)

Leonid Brejnev Şkadova böyük hörmətlə yanaşıb, onun peşəkarlığını yüksək qiymətləndirib və bunu dəfələrlə müşavirələrdə xüsusilə qeyd edib. Hətta arada belə söhbətlər də dolaşıb ki, baş katib Şkadovu nazir vəzifəsinə hazırlayır. Amma baş katibin ailəvi dostluq etdiyi Dmitri Ustinov Qreçkonun vəfatından sonra 1976-cı ildə nazir vəzifəsinə təyinat alanda bu söhbətlərə son qoyulub.

Qreçko Şkadova Sovet İttifaqı qəhrəmanı adının verilməsinə imkan verməsə də, Ustinov nazir təyin olunandan sonra onun təqdimatını Brejnevə şəxsən özü təqdim edib. 1978-ci ildə İvan Şkadova Kremldə təntənəli şəkildə Qızıl Ulduzz təqdim edilib.

Şkadov 1987-ci ilə qədər ordu generalı rütbəsində nazir müavini vəzifəsində xidmət edib. Həmin il Dmitri Yazov müdafiə naziri təyin ediləndə onu vəzifəsindən uzaqlaşdırıb və ordu generalı xidmətini Müdafiə Nazirliyinin generallardan ibarət inspektorlar qrupunda davam etdirib. Yazovun Şkadovu vəzifəsindən uzaqlaşdırması isə səbəbsiz olmayıb. Belə ki, vaxtilə Yazov Şkadovun tabeliyində xidmət edib və Şkadov onun hansı səviyyədə hərbçi olduğunu yaxşı bilib, bu haqda hərbi elita arasında fikirlərini də bölüşüb. Elə bu səbəbdən də Yazov Şkadovu öz yanında görmək istəməyib.

1991-ci ilin fevralın 15-də Şkadovla Yazovun sonuncu görüşü olub. Ordu generalı nazirin qəbuluna gələrək müəyyən sənədlər üzərində iki saatlıq müzakirələr aparıblar. Həmin gün Şkadovu yolda maşın vurub və o, qəza nəticəsində ölüb. 90-cı illərdə bu qəzanı ciddi araşdırmağa heç kim maraq və həvəs göstərməyib. Bəzi versiyalara görə, qəza sifarişli olub və sifarişçilərin arasında Yazovun da adı hallanıb.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR