İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Azərbaycan səfirinə verilən mesaj

Energetika naziri Sergey Tsivilev Rəhman Musatafayevə: “Dostluq münasibətlərimizi yüksək qiymətləndiririk”

Azərbaycan - Rusiya gərginliyi fonunda rəsmi Moskva səfir Rəhman Mustafayevlə təmasları artırıb. Həftənin əvvəlində energetika naziri Sergey Tsivilev Azərbaycanın Rusiyadakı səfiri ilə görüşüb və yanacaq-energetika sahəsində əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub.

Musavat.com Rusiya Energetika Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər əsasən, İrana marşrutu Azərbaycan ərazisindən çəkiləcək qaz kəmərinin layihəsi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Energetika Nazirliyinin rəhbəri Rusiya-Azərbaycan əməkdaşlığının konstruktiv xarakterini qeyd edib və tərəflərin yanacaq-energetika kompleksinin bütün sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildirib. “Rusiya və Azərbaycan uzun illər ərzində əldə etdiyimiz böyük birgə təcrübəyə və ümumi tariximizə arxalanaraq, həm neft-qaz məsələlərində, həm də digər sahələrdə enerji sektorunda konstruktiv dialoq qurur. Biz Azərbaycanla dostluq münasibətlərimizi yüksək qiymətləndiririk”, - deyə Sergey Tsivilev vurğulayıb.

Qeyd edək ki, Rusiya qazının Azərbaycan üzərindən İrana tranziti layihəsi ilk dəfə yanvarın 17-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında aparılan danışıqlar zamanı açıqlanıb. Putinin sözlərinə görə, birinci mərhələdə Rusiya qazının İrana ildə iki milyard kubmetrə çatdırılması, gələcəkdə isə həcmin 55 milyard kubmetrə çatdırılması planlaşdırılır. Azərbaycan ərazisindən İrana qaz kəmərinin çəkilməsi ilə bağlı hər hansı üçtərəfli danışıqlarla bağlı heç bir məlumat verilməyib.

d9aa7ff2-8d90-4801-bc40-de5707f26a71.jpeg (97 KB)

Lakin məlumdur ki, 2024-cü ilin iyununda Rusiyanın “Qazprom” şirkəti ilə İranın Qaz Şirkəti arasında qaz tədarükü ilə bağlı memorandum imzalanıb. Razılaşmanın təfərrüatları açıqlanmayıb, lakin İranın neft naziri Cavad Ouci bildirib ki, gələcəkdə gündə 300 milyon kubmetrədək, yəni ildə təxminən 110 milyard kubmetr qazın tədarükü üçün müqavilənin imzalanması planlaşdırılır.
Bu həcm öz resursları ilə demək olar ki, tamamilə özünü təmin edən, lakin sanksiyalara görə təkrar ixracı məhdudlaşdırılan İranın bugünkü qaz istehlakının təxminən 45 faizinə bərabərdir.
Eyni zamanda, nə Rusiya, nə də İran tərəfləri bu qədər böyük həcmdə qazın nəqli marşrutunu dəqiqləşdirməyiblər.

Haqqın.az bu mövzuda öz şərhində yazır ki, nəzəri olaraq üç mümkün marşrut var:

- Qazaxıstan və Türkmənistandan keçən Mərkəzi Asiya marşrutu.

- Azərbaycan üzərindən marşrut.

- Xəzərin dibi ilə yeni qaz kəməri.

Üçüncü variant real olmadığından, seçim Azərbaycandan keçən marşrutla Mərkəzi Asiyadan tranzit arasında olmalı idi. Rusiya və İran prezidentləri arasında Moskvada keçirilən danışıqlarda Azərbaycandan keçən marşrutun seçilməsi rəsmən elan olundu.

Lakin Rusiyanın enerji dairələri qeyd edirlər ki, bu, Moskvanın Mərkəzi Asiya marşrutundan imtina etməsi demək deyil. Rusiya hər iki marşrutdan istifadə etməyi planlaşdırır. İldə qalan 55 milyard kubmetr qaz (planlaşdırılan 110 milyard kubmetrdən) Mərkəzi Asiya vasitəsilə İrana tədarük ediləcək.

Bundan əvvəl İran KİV-ləri Tehran və Moskvanın Azərbaycan və İranı birləşdirən Hacıqabul-Astara-Abadan magistral qaz kəməri (MGP), həmçinin Hacıqabul ( Qazıməhəmməd və Azərbaycan Respublikası-Şimali Qaz Kəmərləri) vasitəsilə sutkada 15 milyon kubmetr (ildə 5,5 milyard kubmetr) həcmində svop qaz tədarükü barədə razılığa gəliblər Qeyd edək ki, mövcud infrastruktur vasitəsilə milyardlarla kubmetr qazın İrana nəqli üçün onun modernləşdirilməsinə, o cümlədən nasos stansiyalarının və digər qurğuların yenilənməsinə ehtiyac olacaq. Və tədarükü ildə 55 milyard kubmetrə çatdırmaq üçün yeni boru kəməri çəkmək lazımdır.

Rusiya Avropa bazarının böyük hissəsini itirdikdən sonra onun İrana irimiqyaslı qaz ixracı planları məntiqli görünür. Eyni zamanda, Tehran Rusiya qazının bir hissəsini ölkənin şimalında istifadə edə, qalan həcmi isə Türkiyəyə yönəldə bilər. Rusiyalı ekspertlər hesab edirlər ki, nəzəri cəhətdən “Qazprom” Vahid Qaz Təchizatı Sisteminin ehtiyatlarından istifadə etməklə Azərbaycan vasitəsilə İrana hər il 10 milyard kubmetrə qədər qaz tədarük edə bilər. Bununla belə, tədarük həcminin ildə 50-70 milyard kubmetrə qədər artması ilə ən azı minimal gəlirliliyi təmin etmək üçün logistika və istehsal mənbələrinin genişmiqyaslı optimallaşdırılması tələb olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR