Onlayn ictimai-siyasi qəzet
Agentliyə görə, biznes və ev təsərrüfatlarından kreditlərə tələbat artmaqda davam edəcək
Beynəlxalq reytinq agentliyi Moody’s 2025-2026-cı illərdə Azərbaycanda bankların aktivlərinin yüksək keyfiyyətdə, eyni qalacağını proqnozlaşdırır. Agentliyə görə, yaxın 12-18 ay ərzində əhalinin gəlirlərinin artması və bank fəaliyyətinin mühüm hissəsini təşkil edən qeyri-neft sektorunun genişlənməsi ilə əlaqədar Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yüksək səviyyədə qalacaq. Nəticədə biznes və ev təsərrüfatlarından kreditlərə tələbat artmaqda davam edəcək.
Moody’s qeyd edir ki, Azərbaycanda problemli kreditlərin (QPLs) payı 2024-cü ilin sonunda ümumi kreditlərin 2,4 faizi olaraq tarixi minimum səviyyədə qalır - (2023-cü ildəki 2,6 faizə və 2022-ci ildə 3,8 faizə qarşı). Üstəlik, problemli kreditlərin ehtiyatlarla qapadılması səviyyəsi 200 faizi ötür: “Manatın məzənnəsinin sabitliyi və istehlak kreditləri ilə bağlı sərt tənzimləmə tələbləri riskləri azaltmağa kömək edir. Xarici valyutada kreditlərin payı 2024-cü ilin sonuna (2020-ci ildə 30 faizlə müqayisədə) 16 faizə düşüb. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı (AMB) kreditləşmənin artımının sürətlənməsinə cavab olaraq 0,5 faizlik (1 mart 2025-ci il tarixindən qüvvəyə minib) əks-siklik bufer tətbiq edir”.
Moody’s hesab edir ki, Azərbaycanın bank sektoru tənzimləyicinin yeni tələblərinə tez uyğunlaşa biləcək.
Qeyd edək ki, digər agentliklərin Azərbaycanın bank sektoruna dair proqnozları da diqqəti cəlb edir. Belə ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bankların kredit portfelinin 2025-ci ildə təxminən 15 faiz artacağını proqnozlaşdırıb. Agentlik ekspertləri qeyd edirlər ki, Azərbaycanda kreditlərin artımı neft qiymətləri ilə əlaqəlidir. 2021-2024-cü illərdə kreditlər 18 faiz artıb. Kredit portfelinin ümumi artımı əsasən istehlak kreditlərinin yüksək artım tempi hesabına baş verib: “Azərbaycanda özəl sektorun borc yükü region ölkələr arasında ən aşağı səviyyədə qalır, burada ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14 faiz, korporativ borcun ÜDM-ə nisbəti isə 10 faizdir. 2025-ci il martın 1-dən etibarən, Mərkəzi Bank əlavə 0.5 faiz əks-tsiklik kapital buferi tələb edəcək, çünki kredit boşluğu göstəricisi (kreditin ÜDM-ə nisbətinin uzunmüddətli trenddən fərqi) 2 faizdən çoxdur”.
Həmçinin “S&P Global Ratings” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) yaxşılaşdırıb. Agentlik Azərbaycan bank sektoru üçün sənaye risk qiymətləndiriməsini “sabit”dən “müsbət”ə dəyişdirib: “Müsbət sənaye risk tendensiyası 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində son iki il ərzində ölkədə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin müasirləşdirilməsi təşəbbüslərini əhatə edir. Bu təşəbbüslər səmərəli həyata keçirilərsə, düşünürük ki, Azərbaycanda banklar üçün tənzimləmə və nəzarət daha da gücləndirilə bilər. Bununla belə, biz ölkədəki tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq standartlardan daha zəif hesab etməyə davam edirik”.
Qeyd edək ki, BICRA (Banking Industry Country Risk Assessments) “S&P Global Ratings” agentliyinin bank sənayesi ölkə risk qiymətləndirməsidir. Qiymətləndirmə üzrə ən yüksək bal 1, ən aşağı bal isə 10-dur. S&P sonuncu dəfə 2023-cü ilin dekabr ayında Azərbaycanın bank sektoru ilə bağlı risklərin qiymətləndirilməsini “9"dan ”8"ə yaxşılaşdırıb.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutinin APA-ya dediyinə görə, Azərbaycan bank sektorunda 2025-2026-cı illər üzrə izlənilməli olan iki əsas göstərici var və bunlardan birincisi neft qiymətlərinin dinamikasıdır: “Azərbaycanın iqtisadi artımı hələ də əsasən neft və qaz ixracından asılıdır. Bu isə o deməkdir ki, bu sektorun göstəriciləri yerli bankların biznes imkanlarına birbaşa təsir edə bilər”.
Maksim Maliutin hesab edir ki, ikinci göstərici pərakəndə kreditləşmənin davamlı artımıdır. Belə ki, kreditləşmə səviyyəsinin hələ də nisbətən aşağı olması gələcək iki il ərzində artım üçün müəyyən potensial yaradır. Bununla belə, əhalinin artan borc yükü orta müddətli perspektivdə yerli banklar üçün kredit riskini artıra bilər və bu da qeyri-işlək kreditlərin (NPL) yüksəlməsinə səbəb ola bilər: “Bununla belə, biz inanırıq ki, bu potensial pisləşmə idarəolunan olacaq və Azərbaycan Mərkəzi Bankı pərakəndə kreditləşmə sektorunun fəaliyyətini nəzarətdə saxlayacaq, eləcə də həddindən artıq artımın qarşısını almaq üçün effektiv tədbirlər görəcək. Azərbaycan bank sektoru üzrə proqnozumuz neytraldır. Yəni biz gözləyirik ki, əsas maliyyə göstəriciləri bu il stabil qalacaq”.
O bildirib ki, son illərdə Azərbaycan bank sektorunun maliyyə profili əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, 2024-cü ilin oktyabrında yerli fəaliyyət mühitinin reytinqinin “B+”dan “BB-”a dəyişməsi ilə təsdiqlənib. Bu dəyişikliyin əsas səbəbi əvvəllər bank sektoruna mənfi təsir edən köhnə aktiv keyfiyyəti risklərinin azalmasıdır: “2019-cu ildən etibarən hökumət zəif bankları bazardan təmizləmək üçün addımlar atıb. Bununla yanaşı, Azərbaycanın biznes mühiti güclənib, yerli banklar isə uzunmüddətli və böyük korporativ kreditlərə olan marağını azaldıb. Bunun əvəzinə, onlar daha çox pərakəndə kreditləşməyə üstünlük verirlər. Bu isə daha az riskli və istehlakın aşağı olmasına görə daha gəlirlidir. 2024-cü ilin sonuna pərakəndə kreditlərin sektordakı payı 60 faizə çatıb. Müqayisə üçün, 2018-ci ilin sonunda bu göstərici cəmi 40 faiz idi. Beləliklə, son bir neçə ildə bu sahədə əhəmiyyətli artım baş verib”.
Direktor müavini qeyd edib ki, bank sektorunun əsas kapital adekvatlığı göstəricisi 2020-ci ildən bəri bir qədər azalıb. Bunun əsas səbəbi pərakəndə kreditlərin artmasıdır, çünki bu növ kreditlər üçün risk çəki dərəcəsi daha yüksəkdir. Buna baxmayaraq, göstərici hələ də 5 faizlik minimum tənzimləyici həddən xeyli yuxarıdır və 2025-ci ildə də stabil qalacağı gözlənilir: “Likvidlik baxımından, sektor sabit vəziyyətdədir. 2024-cü ilin sonuna sektorun kredit portfeli və aktivləri arasında balanslı nisbət qorunub. Yenidən maliyyələşdirmə riskləri isə əsasən müştəri depozitlərinə (xüsusilə cari hesablara) əsaslanan maliyyələşdirmə strukturu ilə azaldılır”.
Mərkəzi Bankın statistikasından aydın olur ki, Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 71 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz azdır. Ay ərzində bankların əməliyyat gəlirləri 543,8 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 17,5 faiz çox), əməliyyat xərcləri 395,5 milyon manat (26,9 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 53,7 milyon manat (83,3 faiz çox), mənfəət vergisi ödəmələri isə 23,7 milyon manat (8,2 faiz çox) təşkil edib.
Fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard 90,7 milyon manat təşkil edib. Bu, ötən il fevralın 1-i ilə müqayisədə 7,7 % çoxdur. Bankların aktivlərinin 27 milyard 514,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 23,9 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 45 faizdən 51,8 faizə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,55 faiz artaraq 46 milyard 402,3 milyon manata, o cümlədən depozit portfeli 5,7 faiz artaraq 36 milyard 961 milyon manata çatıb. Bunun 14 milyard 385,4 milyon manatı fiziki, 22 milyard 575,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,1 faiz, şirkətlərin banklardakı vəsaitləri isə 1,9 faiz artıb.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, beynəlxalq agentliklər ötən ilin müsbət yekunları əsasında proqnozlaşdırma aparıblar: “Həmişə ilin əvvəlində proqnozlar əvvəlki ilin nəticələri əsasında tərtib olunur. Ötən il bank sektorunda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər, müəyyən olunmuş strategiya çərçivəsində nəzərdə tutulmuş tədbirlər bank sektorunun güclənməsi üçün müəyyən əsaslar formalaşdırır. Qeyd etmək lazımdır ki, həqiqətən də son ilyarım ərzində bank sektorunda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi, prudensial tələblərin diferensiallaşdırılması, şaxələndirilməsi, hesabatlığın strukturu ilə bağlı tələblərin təkmilləşdirilməsi, 2023-cü ildə bank sektorunda olan zəif bəndlərin sistemdən kənarlaşdırılması bank sektorunun göstəricilərini müsbətə doğru ciddi şəkildə dəyişib. Bu həm toksik aktivlərin həcmində, həm izafi likvidliyin bank sektoru arasında paylanmasında, həmçinin ehtiyat normalarının səviyyəsində özünü göstərir. Artıq hesabatlıqla bağlı pozitivlik də müşahidə olunmaqdadır. Mərkəzi Bank müxtəlif mənbələrdən istifadə etməklə bank sektorundakı bu və ya digər risk yaradan amilləri vaxtında aşkarlaya və oların aradan qaldırılması üçün addımlar ata bilir”.
Ekspertə görə, xarici öhdəliklərin azalması, eyni zamanda dollarlaşma meyillərinin zəifləməsi də bank sektorunda riskləri neytrallaşdıran amildir: “Təbii ki, neft amili iqtisadiyyatın bütün sahələrində olduğu kimi, bank sektorunda da ciddi təsirini saxlayır. Lakin hazırda və bundan sonrakı dövrdə geosiyasi amillərin təsiri məsələsi önə çıxmaqdadır. Hələlik beynəlxalq agentliklərin qiymətləndirmələrinə geosiyasi risklər, ticarət müharibələrinin qlobal iqtisadiyyata, xammal bazarlarına nüfuzu kimi amillərin təsirləri daxil edilməyib. Azərbaycan iqtisadiyyatı üçün burada təhlükə iki istiqamətlidir: Birincisi, idxal məhsullarının bahalaşması nəticəsində Azərbaycanda qiymətlərin bahalaşması. İkincisi, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumların daxildə inflyasiyanı artırmasını önləmək üçün neft qiymətlərini ucuzlaşdırmaq siyasəti. Bu siyasət Azərbaycanın gəlirlərini kəskin azaltmaqla fiskal daralmaya gətirib çıxara bilər. Daxili iqtisadiyyatın inkişaf meylləri daha çox büdcə xərcləmələrinin dinamikasına bağlıdır: neft gəlirlərinin azalması fonunda azad olunan ərazilərdəki bərpa prosesinə ayrılan vəsaitlər azalarsa, bu, bir sıra problemlərə gətirib çıxara bilər. Problem bütün sektorları, o cümlədən bank sektorunda əks olunacaq. Lakin düşünürəm ki, bank sektoru belə vəziyyətə 2015-2016-cı ildəkindən daha yaxşı hazırlıqlıdır”.
Dünya SAKİT,
“Yeni Müsavat”
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ