İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mişanı xilas edin!”-Avropada Saakaşviliyə dəstək aksiyaları keçirilir

Gürcüstanın Tbilisi, Kutaisi və digər şəhərlərində, eləcə də Avropa ölkələrində Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə həmrəylik aksiyaları keçirilib.

“Mişanı xilas edin!” şüarı altında müxalifətin təşkil etdiyi nümayişlərin iştirakçıları siyasətçinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar xaricə müalicəyə buraxılmasına çağırıblar.

Musavat.com “Euronews”a istinadən bildirir ki, “Vahid Milli Hərəkat”ından Akaki Minaşvili mitinqin ukraynalı dostlar tərəfindən elan edildiyini və müxtəlif yerlərdə nümayişlər keçirildiyini qeyd edib. “Əsas mesaj Mixail Saakaşvilini xilas etməkdir”, - deyə o, bildirib.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan qayıdandan dərhal sonra saxlanılıb və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Gürcüstan həbsxanasında cəza çəkir. Onun tərəfdarları məhkəmənin qərarlarını siyasi motivli hesab edirlər. Bir neçə həftəlik aclıq aksiyasından sonra onun səhhəti pisləşməyə başlayıb.

Xarici və yerli ekspertlər Mixail Saakaşvilinin sürətlə irəliləyən demensiya xəstəliyindən əziyyət çəkdiyini bildirirlər. Onların bəziləri hesab edir ki, bu, onun guya ağır metaldan zəhərlənməsi ilə bağlı ola bilər. Gürcüstan hakimiyyəti eks-prezidentin səhhətinin kritik vəziyyəti ilə bağlı bəyanatları bölüşmür.

Onlar deyirlər ki, Saakaşvili azadlığa çıxması üçün özünü şikəst edir, dezinformasiya kampaniyasının məqsədi isə hakimiyyəti gözdən salmaq, cəmiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaqdır.

“Euronews” Gürcüstan bürosundan Mariam Kuxilava qeyd edib ki, Gürcüstan prezidenti Salome Zurabişviliyə təzyiqlər güclənib: “Artıq bir neçə həftədir ki, prezident administrasiyası qarşısında vətəndaşların, indiki və keçmiş diplomatların, siyasətçilərin və gürcü həkimlərin iştirakı ilə nümayişlər keçirilir. Gürcüstan prezidenti həbsdə olan Mixail Saakaşvilini əfv edib və ölkənin üçüncü prezidentinin səhhətinin hər gün pisləşdiyini və bunun ölümcül nəticələrə səbəb ola biləcəyini bəyan edib”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR