Onlayn ictimai-siyasi qəzet
II dünya müharibəsindən sonra heç kimin ona yazığı gəlməyib. 1945-ci ildə ingilis zabiti gənc qızdan soruşub: “Atanızın Daxau həbs düşərgəsində neçə nəfəri öldürdüyünü bilirsinizmi?”. Həmin zaman Qudrunun 16 yaşı olub və dindirilmə zamanı suallara cavab vermədən səssizcə oturub. Müharibədən sonra Qudrun öz soyadı ilə fəxr edib, atası III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri Henrix Himmleri və SS veteranlarını müdafiə etməyi qarşısına məqsəd qoyub.
Daxaunu sevən uşaq
Qudrun Himmler 1929-cu ildə Münhendə anadan olub. Qudrunu “Kukla” adlandıran atası onu uşaqlıqdan hər cür hökumət tədbirlərinə özü ilə aparıb. Fürerə ən çox çiçək verən uşaq müharibənin ilk illərində çox xoşbəxt yaşayıb. Həyatında ən yaddaqalan, sevincli hadisələrdən biri atası və Adolf Hitlerlə birlikdə Daxau həbs düşərgəsinə getməsi olub. O, gündəliyindəki qeyddə yazıb:
“Bu gün biz Daxaudakı SS konsentrasiya düşərgəsinə getdik. Bizə hər şeyi göstərdilər. Armud ağaclarını, məhbusların çəkdikləri şəkilləri gördük. Hər şey heyrətamiz idi”.
Gündəlikdə krematoriyalar və qaz kameraları haqqında bir kəlmə də olmayıb. Gözəl həyat 1945-ci ildə bitib. Onun atası ingilis əsgərləri tərəfindən əsir götürülüb və o, ağzında sianid ampulası sındıraraq intihar edib. Qudrun atasının ingilislər tərəfindən soyuqqanlılıqla öldürüldüyünə inanıb və ölənə qədər onlara nifrət edib.
Qudrun və anası İsveçrəyə qaçmağa cəhd ediblər, lakin İtaliyanın şimalındakı dağlarda yaxalanıblar. Əsir düşərgəsində ingilislər onlara adlarını açıqlamamağı tövsiyə ediblər, əks halda öldürülə bilərdilər.
Nürnberq tribunalında ifadə verdikdən sonra ana və qızı sərbəst buraxılıb və Qudrun Himmler yeni həyata başlayıb. Lakin soyadına görə bir çox işlərdən qovulub. Çünki heç kim Holokosta məsul olan nasistin qızını işə götürmək istəməyib. Bununla belə, Qudrun Himmler soyadını dəyişməyib və atasını qatil hesab etməyib. Sonda Qərbdə müharibə ilə bağlı ehtiraslar səngiyəndə Qərbi Almaniyada sağ qalan nasistlər reyxsfürerin qızına kömək ediblər. 1961-ci ildə Qudrun Himmler AFR kəşfiyyat xidmətinə işə götürülüb və sonra o, sağçı partiyanın üzvü ilə evlənərək Qudrun Burvits olub. Qudrun Himmler keçmiş nasistlərin müxtəlif təşkilatlarının fəaliyyətində iştirak etməyə başlayıb. 1951-ci ildə nasistlərin müdafiəsi üçün yaradılan “Stille Hilfe” (“Səssiz kömək”) adlı təşkilata qoşulub.
SS-çilərin "şahzadə"si
Neo-nasist “şahzadə” artıq insanlığa qarşı cinayətlərə görə həbs edilmiş keçmiş SS üzvlərini dəstəkləyən və ədalətdən qaçmağa çalışan başqalarına yardım göstərən qeyri-ictimai təşkilatın əsas simalarında birinə çevrilib. Qudrun “qəssab” Lyonu və konsentrasiya düşərgəsində gözətçi olan Anton Mallotu elit qocalar evinə yerləşdirib və onlara mütəmadi olaraq baş çəkib.
Bir çox ekspert hələ də Qudrun Himmlerin 1951-ci ildə “Stille Hilfe”ın yaradıcılarından biri olduğuna inanır. Halbuki təşkilat daha əvvəl, 1949-cu ildə iki din xadimi katolik yepiskopu Yohannes Noyhausler və lüteran pastor Teofil Vorm tərəfindən yaradılıb.
Din adamları təşkilatı yaxşı niyyətlə idarə ediblər. Daxau həbs düşərgəsinin keçmiş əsiri olan yepiskop Noyhausler müsahibələrinin birində deyib ki, qurumun məqsədi müharibə əsirlərinə kömək etmək və alman cəmiyyətini barışdırmaqdır. Belə ki, qurbanlar onlara işgəncə verənləri bağışlamaqda pisliyə yaxşılıqla cavab verəcəklər.
Bununla belə, Qudrun sayəsində “Stille Hilfe” tez bir zamanda məsumlardan uzaq personajlara diqqət ayırıb. Nasizmin tarixi üzrə aparıcı ekspertlərdən biri olan britaniyalı Qay Uoltersin sözlərinə görə, “Stil Hilfe” Holokostun ideoloqu Adolf Eyxman, qaz furqonlarının inkişafında birbaşa iştirak edən standartenführer Valter Rauff və Auşvitz həbs düşərgəsində məhbuslar üzərində təcrübələr aparan doktor Yozef Mengele kimi “görkəmli” nasistlərə Latın Amerikasına köçməkdə köməklik göstərib.
Formal olaraq, “Stille Hilfe” hərbi əsirlərə və məhbuslara yardım göstərməyə davam edib. Əslində, bütün səylərin arxasında nasist cinayətkarları hakimiyyətdən gizlətmək, onları yaşayış vasitələri, mənzil və tibbi xidmətlə təmin etməyə yönəlib. Məsələn, üç il həbsdə qalan Hitler gənclərinin keçmiş lideri Artur Aksmann azadlıqda təşkilat yolu ilə özünə iş tapıb. Qudrun tərəfindən 1952-ci ildə yaradılan və açıq şəkildə neo-nasizm ideyalarını təbliğ edən “Wiking-Jugend” təşkilatı 42 il, konstitusiyaya zidd elan edilənə qədər mövcud olub. İllər ərzində Himmlerin qızı keçmiş nasistlərə açıq və ya gizli şəkildə yardım etməyə davam edib.
Təşkilatı tərk edən Qudrun Henrix Himmlerin qızı olması ilə hər zaman fəxr edib, hətta o, işindən qovulanda və mediada təhqiq ediləndə belə, heç vaxt sarsılmayıb. O, 1970-ci ildə müxbirə müsahibəsində deyib: “Fürer müharibədə qalib gəlsəydi, hamı məni tanrı hesab edərdi. Atama böhtan atdılar. Atam böyük adam olub, heç bir pis iş görməyib”. Atasının gümüş portreti ömrünün sonuna kimi onun evində asılı olub. Qudrun Himmler 88 yaşında vəfat edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ