İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milli valyutalarla ticarət Rusiya üçün çətinliklər yarada bilər” - ekspert

Rəşad Həsənov: “Rusiya Mərkəzi Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasındakı yaxın münasibətlər imkan verəcək ki...”

Avropa İttifaqı Şurası Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı maliyyə mesajlaşma xidməti olan Maliyyə Mesajlaşma Sisteminə (SPFS) qarşı sanksiyalar tətbiq edib. Musavat.com xəbər verir ki, bu, Aİ-nin açıqladığı 14-cü sanksiya paketində əksini tapıb. 

Tətbiq olunan qadağaya əsasən Rusiyadan kənarda fəaliyyət göstərən Aİ təşkilatlarının SPFS və ya oxşar maliyyə mesajlaşma xidmətlərinə qoşulması qadağan ediləcək. Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən bir sıra təşkilatlarla əməliyyatlar aparmaq qadağan ediləcək.

Həmçinin Aİ hüdudlarından kənarda maliyyə institutları və kriptovalyuta tədarükçüləri ilə əməliyyatlar, əgər bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hər hansı əməliyyatlarda iştirak edirsə, qadağandır.

Ötən həftənin sonunda "Bloomberg" SPFS-ə qarşı sanksiyaların mümkünlüyü barədə yazmışdı. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, 14-cü sanksiyalar paketi “xaricdəki kölgə bank şəbəkəsinə” qarşı yönəldiləcək.

Xatırladaq ki, iyunun 12-də ABŞ Xəzinədarlığı Moskva Birjasına, Milli Klirinq Mərkəzinə və Milli Hesablaşma Depozitarına qarşı sanksiyalar tətbiq edib. İyunun 13-də Böyük Britaniya bu sanksiyalara qoşulub. Sanksiyalardan dərhal sonra birjada dollar və avro ilə hərraclar dayandırılıb, hər iki valyutanın məsənnəsi birjadankənar əməliyyatlarla müəyyənləşdirilməyə başlanıb.

Beləliklə, Qərb Rusiyanın digər ölkələrlə maliyyə əlaqələrini hədəf alıb və artıq atılan addımların təsirləri hiss olunmaqdadır.  İyunun 22-də məlum olub ki, Çinin ən böyük bankı olan Bank of China Rusiyada Qərbin sanksiya siyahılarında adı keçən bütün fiziki və hüquqi şəxslərə, həmçinin onlara bağlı qurumlara xidməti dayandırır. Bundan əvvəl 4 iri Çin bankı da analoji addım atmışdı. Eyni zamanda Türkiyə bankları da Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina edirlər. 

Bundan əlavə, ABŞ-ın sanksiyalarından sonra bir sıra ölkələrdə Rusiyanın sürətli pulköçürmə sistemlərinin fəaliyyəti mümkünsüz hala gəlib. 

Bütün bunlar göstərir ki, Rusiyanın hərb sənayesi üçün xaricdən zəruri malları idxal etməsinin qarşısını almağa çalışan Qərbin addımları onun digər istiqamətlər üzrə ticarətində də ciddi problemlər yaradır. Məsələn, hərbi və ikili təyinatlı malların Rusiyaya çatdırılmasına qarşı addımlar bu ölkədən ərzaq məhsullarının ixracında da problemlərə səbəb olur. Rusiya Taxıl İxracatçıları İttifaqının Telegram kanalında yerləşdirilmiş şərhində bildirilir ki, sanksiyalar Rusiya ərzaq məhsullarının dollar və avro ilə tədarükünü sual altına qoyur.

Belə vəziyyət Rusiyanın yaxın qonşuluğunda yerləşən ölkələrə ciddi çətinliklər formalaşdırır: Bir neçə əsrlik iqtisadi bağların qırılması mümkün deyil, qarşılıqlı ticarətin davam etdirilməsi yolunda böyük maneələr yaranır. Azərbaycan da Rusiya ilə sıx iqtisadi-ticari əlaqələrə malik ölkələrdən biridir. Rusiya ölkəmizin xarici ticarətində 3-cü böyük paya malik ölkədir. Rəsmi statistikadan aydın olur ki, son illərdə ilk dəfə olaraq bu ilin yanvar-mayında Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarətdə azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 5 ayında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 740 102.0 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalma deməkdir - ötən ilin eyni dövründə qarşılıqlı ticarət  1 789 562.51 min dollara bərabər olmuşdu. 

Bu ilin yanvar-mayında Rusiyaya ixracımız 437 979.54 min dollar təşkil etməklə ötənilki 470 147.19 min dollarla müqayisədə 6,8 faiz azalıb, idxalımız isə 1 302 122.46 min dollara bərabər olmaqla ötənilki 1 319 415.32 min dollarla müqayisədə 1,3 faiz azalıb. Ticarətin azalmasında aprel ayında ABŞ-ın bir neçə Azərbaycan şirkətini ikincili sanksiyalara məruz qoymasının rolu olduğunu rahatlıqla söyləmək mümkündür. Belə görünür ki, Azərbaycan şirkətləri Rusiya ilə ticarətin təhlükəli nəticələrini nəzərə almalı olurlar. 

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Bakıda nəşr olunan rusdilli  “Sabah” jurnalına müsahibəsində bildirib ki, Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmaların təxminən 60 faizini milli valyutalarda - rubl və manatla aparırlar.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) baş direktoru İvan Timofeyev isə bildirib ki, tərəflər milli valyutalara keçid üzərində hələ də işləyirlər: “Rusiya və Azərbaycan qarşılıqlı ödənişlərdə milli valyutalara keçid məsələsi üzərində işləyir. ABŞ-ın Moskva birjasına qarşı son sanksiyalarından sonra hesablaşmalarda problemlər yaranıb. Hazırda Moskva və Bakı arasında milli valyutalara keçidlə bağlı danışıqlar aparılır”.

Timofeyev etiraf edib ki, Qərb sanksiyaları Rusiyaya ziyan vurub. Onun sözlərinə görə, Rusiya ABŞ dollarının inhisarını azalda biləcək daha fundamental model yaratmalıdır: “Qlobal maliyyənin strateji diversifikasiyası tələb olunur. Gec-tez biz buna gələcəyik”.

Aydın məsələdir ki, qarşılıqlı ticarətdə milli valyutalara keçid də Qərbin sanksiyalarının təsirini tam neytrallaşdırmağa imkan vermir. Azərbaycanda və digər ölkələrdə fəaliyyət göstərən maliyyə qurumları sanksiya siyahılarında olan Rusiya təşkilatları ilə hər hansı əlaqəyə görə ikincili sanksiyaların təsir dairəsinə düşmək təhlükəsi altında qalırlar. Bu vəziyyətdən çıxış yolu kimi virtual valyutalardan istifadəni daha təhlükəsiz hesab edənlər var. Rusiya kimi sanksiya altında olan İran bu yoldan istifadə etməyə başlayır. İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin Rusiya ilə ticarət əməliyyatlarında ofşor rialdan istifadəyə tezliklə başlanılacağını açıqlayıb. Fərzin qeyd edib ki, İran Mərkəzi Bankı “ölkə bankları və texnologiya şirkətləri ilə əməkdaşlıqda elektron bankçılığı inkişaf etdirməyə sadiqdir və bu alətlərdən istifadə üzrə beynəlxalq maliyyə əməkdaşlığı qurmağa ümid edir”.

Qeyd edək ki, İran iyunun 23-dən etibarən dövriyyəyə daha bir maliyyə aləti - rəqəmsal rial təqdim edib. Bu mərhələdə o, ölkənin əsas çimərlik kurortu olan Kiş adasındakı azad ticarət zonasında istifadə olunacaq. Hələlik layihədə yalnız iki İran bankı iştirak edir - Mellat və Tejarat.

Mayın 13-də İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimi qeyd edib ki, ofşor rialdan istifadə məsələsi üç ölkə ilə müzakirə olunur: Rusiya, Əfqanıstan və İraq. Onun hesablamalarına görə, “Rusiyaya gəldikdə, iş demək olar ki, başa çatıb, layihə tezliklə həyata keçiriləcək”.

İran Mərkəzi Bankının rəhbəri qonşu ölkələrlə ticarətdə istifadə etmək üçün ofşor rial yaratmaq planlarını 2023-cü ilin dekabrında açıqlayıb. Bu valyuta növü qarşılıqlı hesablaşmalarda avro və dollardan istifadə səviyyəsinin azaldılması və milli valyutanın möhkəmlənməsi məqsədilə digər ölkələrlə ticarət əməliyyatlarının aparılması üçün nəzərdə tutulub. 

Biznes kreditləri (Rəşad Həsənov) - ARB 24 (Bank vaxtı)

Milli və virtual valyutalara keçid Rusiya ilə ticarətin təhlükəsiz davamına imkan verəcəkmi? İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri əvvəlcədən proqnozlaşdırılır: “Xüsusilə maliyyə-kommunikasiya sistemləri ilə bağlı sanksiyaların orta və uzunmüddətli dövrdə təsirləri planlaşdırılır. Bu prosesi mən üç mərhələyə bölərdim: birinci mərhələ ilkin dövrdür - sanksiyalar şok effekti yaradır. Bu dövrdə artıq qısamüddətli nəticələr ortaya çıxır və az bir müddəti əhatə edir. İkinci mərhələdə qismən uyğunlaşma baş verir: sanksiyalardan yayınmaq, onun yaratdığı problemləri aradan qaldırmaq üçün yeni yollar, vasitələr tapılır. Bu mərhələdə iqtisadiyyatın gücü belə axtarışlara gedir. Üçüncü mərhələyə artıq iqtisadiyyat xeyli dərəcədə gücünü itirmiş formada daxil olur. Bu, uzun müddət davam etdikcə, sanksiyaların yaratdığı məhdudiyyətlər iqtisadiyyatı daha da zəif hala gətirir, kəskin fəsadların yaranması ilə nəticələnir. Bu baxımdan, indiki mərhələdə tətbiq olunan sanksiyalar uzunmüddətli dövrdə Rusiya iqtisadiyyatı üçün çox böyük problemlər yaradacaq”.

Ekspert bildirir ki, Rusiya ilə milli valyutalarla xarici ticarətin həyata keçirilməsi Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər: “Rusiyadan idxalın ora ixracdan daha çox olması müəyyən dövr üçün çətinliklər yarada bilər - rubl əldə olunması baxımından. Lakin Rusiya Mərkəzi Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasındakı yaxın münasibətlər imkan verəcək ki, tezliklə svop əməliyyatları vasitəsilə bu çətinlikləri aradan qaldırmaq mümkün olsun. Lakin bu prosesin bir mənfi tərəfi də var ki, rubl Azərbaycanda, eləcə də digər qonşu ölkələrdə mövqeyini möhkəmləndirə bilər. Bu isə müəyyən mənada həmin ölkələrin Rusiyadan asılılığı deməkdir. Amma düşünürəm ki, bu, uzun sürməyəcək, çünki rubl-manatla ticarət edən sahibkarlar vəsaitlərini tezliklə xarici valyutaya konvertasiya edəcəklər. Çünki manat və rubl dönər valyuta deyil. Milli valyutalarla ticarət Rusiyanın özü üçün çətinliklər formalaşdıra bilər. Müharibə üçün lazım olan texnologiyaları əldə etmək üçün Rusiyanın dönər xarici valyutaya getdikcə daha çox ehtiyacı yaranacaq. Bu isə imkan verəcək ki, Azərbaycan daha üstün şərtlərlə svop əməliyyatlarına gedə bilsin”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR