İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə Rusiya ilə bağlı susanlar - ŞOK AÇIQLAMALAR

“Azərbaycanda Kremlin siyasətini dəstəkləyənlər qərar vermək hüququndan məhrum edilməlidir”.

“Yeni Müsavat” bildirir ki, bu barədə politoloq, “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Minval.az-a Azərbaycanın bir sıra sabiq məmurların Rusiyanın maraqlarından çıxış edən qruplaşmanı təmsil etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Az öncə mətbuatda rusiyayönlü qruplaşmaya Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi barədə məlumatlar yayılmışdı. Bundan başqa, hesabatlarda sabiq nazirlər Əbülfəs Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da adı çəkilir. “Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı maraqlarının əsas dəstəkçilərindən biridir. Bu haqda bilməyən yoxdur. O, vaxtilə "Azərbaycan" qəzetində Rusiya ilə strateji münasibətlərin əhəmiyyətindən bəhs edən bütöv səhifələrlə məqalələr dərc etdirib. Həmişə böyük sevinclə Rusiyaya səfər edib, Bakıda rusiyalı həmkarlarını qəbul edib. Heç kimə sirr deyil ki, adları hallanan digər məmurların da Rusiya ilə əlaqəsi olub. Mən Rusiya siyasətinin davamçıları siyahısına baş nazirin müavini Yaqub Eyyubovu və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıxovu da daxil edərdim", - politoloq bildirib.

Onun sözlərinə görə, Rusiyada biznesi olan, Kremlin siyasətinin tərəfdarı olan məmurlar və deputatlar siyasətdən uzaqlaşdırılmalı, hər hansı qərar qəbul etmək hüququndan məhrum edilməlidir: “Çünki bu, Azərbaycanın milli təhlükəsizliyi məsələsidir. Deputatlarımız arasında Rusiyanın anti-Azərbaycan siyasətinə, rusiyalı deputatların xalqımıza və dövlətimizə qarşı təhqiramiz bəyanatlarına münasibət bildirənlər var. Amma əksəriyyətinin mövqeyi qeyri-müəyyən olaraq qalır, sanki gözləmə mövqeyi tutublar”. Politoloqa görə, susanların məntiqi belədir ki, Rusiya siyasətçilərinin və diplomatlarının hücumlarına başqaları cavab versin, onların özləri isə baş verənləri sakitcə müşahidə etsinlər.

“Cəmiyyət işinin yalnız yüksək maaş almaq, xaricə səyahət etmək və hansısa ölkədə ingilis dilində çıxışlar əzbərləməkdən ibarət olduğu saya insanların səsini eşitmək istəyir. Saytlarımızda Azərbaycanda Rusiyanın “beşinci kolon”u ilə birbaşa əlaqəsi olanlar haqqında məlumatlar var. Bizim susqun deputatlarımız bu haqda nə düşünür? Bəlkə parlamentarilər arasında da “beşinci kalon” liderlərinin göstərişlərini yerinə yetirənlər var? 20 Yanvar faciəsinin səbəbkarlarından biri Yevgeni Primakovun şərəfinə ölkəmizdə inşa müsabiqəsi keçirənləri, Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması lazım olduğunu deyənləri unutmamışıq", - E.Şahinoğlu fikrini tamamlayıb. Politoloq hansı deputatlara işarə vurur? Parlament üzvləri Rusiyanın cavabını verə bilirlərmi?

ELMAN NƏSİROV.jpg (144 KB)

Elman Nəsirov: “Biz çıxışlarımızda fikirlərimizi bildiririk, parlamentin növbəti iclasında da ayrıca toxunacağıq”

Yeni Azərbaycan Partiyasından deputat Elman Nəsirov xatırlatdı ki, Moskva bəyannaməsi imzalanmasından təyyarənin vurulmasına qədər müddətdə Rusiya ilə Azərbaycanın münasibətlərində dinamika müşahidə olunurdu: “Heç bir dövlət təyyarə qəzası kimi faciəvi hadisələrdən sığortalanmayıb. Sadəcə, bu qəza baş verdikdən sonra ölkələrin özlərini necə aparması təcrübəsi var. Təbii ki, beynəlxalq hüquqa görə ölkələr üzr istəyir, sonra kompensasiya ödəyir və günahı olanları da məsuliyyətə cəlb edir. Rusiya prezidenti öz ərazisində baş verən hadisəyə görə üzrxahlıq etdi, amma davamını gətirmədi. Rusiya bunun ardınca öz hava məkanında törətdiyi cinayətə görə cavab verməliydi. Biz də şübhəsiz ki, Rusiyanın addımlar atacağını gözləyirdik”.

Deputat vurğuladı ki, Rusiyaya sanksiyalar tətbiq olunur, Azərbaycan isə bu prosesə qoşulmur, amma Moskva bizim belə münasibətimizi dəyərləndirmir: “Qərbdən Azərbaycana təzyiqlərin bir səbəbi də elə Rusiya əleyhinə sanksiyalarda iştirak etməməyimizdir”. E.Nəsirov bildirdi ki, əvvəl media səviyyəsində Azərbaycana hücum var idisə, indi Duma müstəvisində bizimlə təhdid dilində danışırlar: “Xüsusən Zatulin, Valuyev kimi deputatlar təhqiramiz ifadələrə yol verirlər. Bilirik ki, Valuyev öz beyninin məhsulunu ifadə etmir, ona verilən tapşırıqları icra edir. Azərbaycanın deputatları da bu məsələlərə cavab verirlər. Biz müxtəlif televiziyalarda, yazılı mətbuatda fikirlərimizi bildiririk, parlamentin növbəti plenar iclasında da bu məsələlərə ayrıca toxunacağıq”.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev: “İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub, yəni bütün günahı parlamentin üstünə atmaq olmaz”

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev isə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Azərbaycana olan münasibətinə hər zaman açıq reaksiya verib: “Təyyarə vurulanda hamı "quş sürüsü", “ehtiyatsızlıq” versiyaları səsləndirirdi, ilk dəfə efirdə mən dedim ki, hava gəmimiz qəsdən vurulub. Parlamentin bir üzvü olaraq də bu mövqedən açıq şəkildə çıxış etmişəm. Ümumiyyətlə, Rusiyanın bu hadisə ilə bağlı münasibəti qərəzlidir. Bu ölkənin siyasi fəlsəfəsi də bizə tanışdır. Ona görə də Rusiyanın belə davranacağı gözlənilən idi". E.Musayev qeyd etdi ki, Rusiyanın ölkəmizdə agentura şəbəkəsi və təsir dairəsi var: “Biz Rusiyanın Azərbaycana hazırkı münasibətini pisləyirik və tarix boyu da hansı siyasət yürütdüyünü çıxışlarımızda qeyd edirik. Ona görə də Kremlin son addımlarına kəskin cavab verilməlidir. Halbuki Rusiya ilə düşmənçilik niyyətimiz yoxdur, Sadəcə, gərginliyi bu vəziyyətə gətirib çıxaran qarşı tərəfdir. Rusiya göstərdi ki, Azərbaycanda istənilən təxribatı törədə bilər. Təyyarənin vurulması da birbaşa Azərbaycan dövlətçiliyinə qarşıdır. Çünki dövlət başçısının MDB sammitinə getdiyi gün sərnişin təyyarəsinin vurulması dövlətçiliyə qəsddir. Ona görə də bizi hədəf seçməkdənsə, Rusiyanı canı dildən müdafiə edənləri tənqid etsinlər. Yəni bütün günahı parlamentin üzərinə atmaq olmaz, hər kəs fərdi qaydada özünə cavabdehdir. Odur ki, biz sözümüzü açıq deməkdən çəkinmirik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR