İnsanlara hürriyət, millətlərə istiqlal!

Milad bayramı yoxsa Yeni il?

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bir neçə gün sonra 2025-ci ili qarşılamağa hazırlaşacağıq. Dünyanın hər yerində bu bayram müxtəlif adət-ənənələrlə qeyd olunur. Ancaq hələ də Milad bayramı ilə Yeni ilin bir-biri ilə eyniləşdirilməsi kimi yanlış təsəvvürlər mövcuddur. Bəs əslində bunlar eyni bayramdırmı?

Xristian dünyasında iki əsas dini bayram – Milad və Pasxa bayramları qeyd olunur. Milad bayramı İsa Məsihin dünyaya gəlməsinin anım günü kimi qəbul edilir və əsasən 25 dekabrda qeyd olunur. Bununla yanaşı, bəzi pravoslav ölkələrində Milad 7 yanvar tarixində qeyd edilir. Milad dini xarakter daşıdığı halda, Yeni il isə daha çox dünyəvi bayram kimi qəbul olunur və 31 dekabr gecəsi köhnə ilə vida edilib, yeni ilə keçid qeyd edilir. Bu səbəbdən Milad və Yeni il bir-birindən fərqlənən bayramlardır.

Yeni ilin tarixi

Yeni ilin qeyd edilməsi qədim dövrlərə gedib çıxır. Tarixi mənbələrə görə, ilin dəyişməsini bayram etmək ən azı 25 əsr əvvəl qədim Mesopotamiyada meydana gəlib. Həmin dövrdə insanlar ilin dəyişməsini 12 gün ərzində müxtəlif mərasimlərlə qeyd edirdilər. Bu adət sonralar Yunanıstana və Avropanın digər hissələrinə yayılıb.

Zaman keçdikcə hər bir xalq öz mədəniyyətinə və inanclarına uyğun olaraq bu bayramı fərqli formalarda qeyd etməyə başlayıb. Maraqlıdır ki, Yeni il dünyanın müxtəlif ölkələrində fərqli adət-ənənələrlə qarşılanır.

Dünya ölkələrinin Yeni il adətləri

Fransa

Fransızlar Yeni ili hədiyyələrlə qarşılayırlar. Şaxta baba – Per Noel (Noel ata) uşaqların başmaqlarına hədiyyələr qoyur. Lakin Fransada hədiyyə seçimi çox diqqətlə edilir. Məsələn, qadınlara ərindən başqa birindən ətir hədiyyə almaq uyğun sayılmır.

İsveçrə

İsveçrədə dostluğun və xoşbəxtliyin rəmzi olaraq bir-birinə şam hədiyyə edilir. Ailənin başçısı bayram axşamı zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yul Tomten – Şaxta baba obrazında geri qayıdaraq uşaqlara hədiyyələr paylayır.

İtaliya

İtaliyada uşaqlara hədiyyə gətirən Befan nənə adlanan personajdır. Burada Yeni il gecəsi insanlar bərkdən qışqırmaq və səs-küy salmaqla köhnə ildən ayrılırlar. Bundan əlavə, italyanlar köhnə əşyalarını pəncərədən ataraq yeni ilə təmiz və uğurlu başlanğıc etməyə inanırlar.

Böyük Britaniya

Britaniyada Yeni il gecəsi evlər təmizlənir və bütün qapılar açılır. Daha sonra qapılar bağlanır və ilk qonağın kim olacağı həyəcanla gözlənilir. İnanca görə, gələn qonağın görkəmi ilin necə keçəcəyini müəyyən edir. Məsələn, kürən kişilər uğurlu sayılır, çatmaqaş adamlar isə pis əlamət hesab edilir.

Almaniya

Almanlar yeni ili bolluq və bərəkətlə qarşılamaq üçün ovucda metal pul sıxaraq tullanan adətə sahibdirlər. Bu, gələn ilin daha varlı və uğurlu olacağına işarədir.

Finlandiya

Finlər Yeni il süfrəsini gavalı kiseli və düyü sıyığı ilə bəzəyir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta babası – Youlupukki hesab olunur.

İspaniya

İspanlar Yeni il gecəsi 12 üzüm dənəsi yemək adətinə malikdirlər. Hər üzüm salxımı ilin bir ayını simvolizə edir və onların hamısını yemək ilin uğurlu keçəcəyinə inanılır.

Argentina

Argentinada Yeni il günü lazımsız sənədlər, qəzetlər və təqvimlər pəncərədən atılır. Bu adət insanların köhnə problemlərdən qurtularaq yeni ilə daha müsbət başlamaq istədiklərini göstərir.

Ekvador

Burada insanlar böyük kuklalar hazırlayır və onları yandırırlar. Bu, köhnə ildən təmizlənməyi və yeni ilə yeni başlanğıc etməyi simvolizə edir.

Kuba

Kubalılar qabları su ilə dolduraraq, saat 12-də pəncərədən çölə tökürlər. Bu, yeni ilin su kimi axar və uğurlu olacağına işarədir. Həmçinin bayram gecəsi 12 üzüm dənəsi yemək adətinə malikdirlər.

Yaponiya

Yaponiyada Kadomaçu adlanan ağac yeni ilin simvoludur. Təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Bu, insandakı mənfi xüsusiyyətlərin aradan qalxmasını simvolizə edir. Yaponlar evlərini şam və bambuk budaqları ilə bəzəyir və avar şəklində hədiyyələr verirlər. İxtisas seçimi ilə bağlı isə insanlar istəklərinin rəsmini çəkib yastıqlarının altına qoyurlar.

İsveç

Soyuq skandinaviya xalqı olan isveçlilər Yeni il gecəsi qonşularının qapıları önündə qab-qacaq sındırmaqla bayramı qeyd edirlər. Bu, pis ruhlardan təmizlənmə və uğur arzulamağın simvoludur.

Yeni il – Dünyəvi bayram

Beləliklə, Yeni il bütün dünya xalqları üçün yeni başlanğıc, arzular və ümidlər bayramıdır. Fərqli mədəniyyətlər və inanclar bu günü müxtəlif formalarda qeyd etsə də, onun əsas mahiyyəti yenilənmə və xoşbəxtlik arzusudur.

Bu bayramın özünəməxsus rəngarəngliyi insanları birləşdirir və hər kəs üçün yeni ümidlər yaradır. İstər dini, istərsə də dünyəvi baxımdan Yeni il həm fərdi, həm də sosial səviyyədə müsbət dəyişikliklərin simvoludur.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR