Onlayn ictimai-siyasi qəzet
1957-ci ildə Çiçester körfəzindəki Portsmut şəhərindən bir neçə mil aralıda, sahildə Pirelli dalğıc kostyumu geyinmiş başsız və qolsuz cəsəd aşkarlanıb. Dizindəki çapıq və avadanlıq meyidin Böyük Britaniya kral donanmasının məşhur döyüşçüsü Layonel Krebbə aid olduğunu üzə çıxarıb.
İngiltərədə çox məşhur olan bu üzgüçü MI6 kəşfiyyat xidməti üçün də missiyalar yerinə yetirib. Kral donanmasının döyüşçüsü müntəzəm olaraq qəzetlərin əsas səhifəsində maraqlı açıqlamaları və fotoları ilə insanların diqqətini cəlb edib. II dünya müharibəsi zamanı Krebb hərbi dəniz qüvvələrində xidmət edib və burada düşmən dalğıclarının müttəfiq gəmilərinin gövdələrinə yerləşdirdiyi maqnit minaları təmizləyib.
Xidmətinə görə o, “Corc” medalı ilə təltif edilib və leytenant rütbəsinə yüksəlib, daha sonra Britaniya imperiyası ordeninin cəngavər komandiri olub. Tərxis olduqdan sonra Krebb batmış gəmilərin tədqiqi ilə məşğul olub və müxtəlif xilasetmə əməliyyatlarında iştirak edib.
1955-ci ilin martında keçmiş döyüşçü yaşına görə təqaüdə çıxıb, lakin bir il sonra o, MI6 tərəfindən vacib missiya üçün işə götürülüb.
“Orconikidze” kreyseri və Xruşovun səfəri
1956-cı ildə SSRİ rəhbəri Nikita Xruşşovun başçılıq etdiyi sovet nümayəndə heyətinin “Orconikidze” kreyserində Böyük Britaniyaya səfəri başlayıb. Baş katib səfərdə özü ilə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqanini, akademik İqor Kurçatovu və təyyarə konstruktoru Andrey Tupolevi də götürüb.
1956-cı il aprelin 18-də o dövrün texnoloji möcüzəsi olan “Orconikidze” kreyseri Portsmuta daxil olub və nümayəndə heyəti ingilis torpağına ayaq basıb.
Aprelin 19-da britaniyalı dalğıc gizli şəkildə kreyserə tərəf üzüb. İngilislərin fikrincə, o, yeni yüksək sürətli gəminin kəşfiyyatını aparmalı, onun daxilində və motor hissəsində nələrin olduğunu öyrənməli idi. Rusiya tərəfi isə hesab edib ki, bu sırf təxribat xarakteri daşıyıb. Çünki hədəf çox böyük olub. Gəminin göyərtəsində yüksək vəzifəli şəxslərlə yanaşı, SSRİ-nin müdafiə qalxanını birbaşa düzəldən insanlar da olub.
Xəncər zərbəsi və ya gəmi pəri
Hadisələr çoxdan baş verdiyi üçün kreyserin altında əslində nə baş verdiyi barədə danışmaq çətindir. 2007-ci ilin noyabrında BBC və “The Daily Mirror” xəbər veriblər ki, Krebb gəmini qoruyan keçmiş sovet döyüşçüsü Eduard Koltsov tərəfindən öldürülüb. Su altında döyüş vəzifəsini yerinə yetirərkən o, bir dalğıcın kreyserə maqnit minası yapışdırdığını görüb.
Koltsovun yanında silah olaraq yalnız xəncər olub. Suyun altında dava ingilisin ölümü ilə nəticələnib. Xəncər zərbələrindən biri onu suyun altına birdəfəlik qərq edib. Eduardın sözlərinə görə, o “Barrakuda” əməliyyat bölməsinin tərkibində olub. E. Koltsov Qərb mediasına müsahibəsində həmin gecə istifadə etdiyi xəncəri də göstərib. Jurnalistlərlə görüşəndə onun 74 yaşı olub və ingilis üzgüçü ilə dəqiq nə baş verdiyini danışaraq vicdanını təmizləmək istədiyini söyləyib.
Lakin məşhur yazıçı və xüsusi xidmət orqanlarının tarixçisi Gennadi Sokolov "Komsomolskaya Pravda"nın müxbirləri ilə söhbətində Koltsovun adi bir fantast olduğunu və 1956-cı ilin aprelində “Barrakuda” bölməsində olmadığını iddia edib. Onun sözlərinə görə, döyüş üzgüçüləri SSRİ-də sonralar meydana çıxıb.
Tarixçinin ehtimalına görə, Krebbin ürəyi dayanıb və ya Pirelli regenerasiya kostyumunda olan avadanlıq sıradan çıxıb və o, boğulub. Sonradan onun meyitini gəmi pəriləri bir saniyə içində parçalayıb. Bütün hallarda əgər britaniyalı üzgüçü kreyserə mina qoysaydı, hadisələrin inkişafı başqa cürə olacaqdı. Çünki SSRİ-nin yüksək vəzifəli şəxslərinə hücuma cavab olaraq Dumanlı Albion Moskvanın nüvə silahı ilə üzləşəcəkdi.
Onu da qeyd edək ki, məşhur siyasi icmalçı, jurnalist və yazıçı Valentin Zorinin bu əhvalata dair yazdığı memuarda bəzi detallar var. Sovet tərəfi gəminin altında şübhəli proseslər getdiyi barədə bir gün əvvəl MI6-ya məlumat verib, ingilislərin cavabı belə olub ki, heç bir narahatlıq doğuran hal yoxdur. Krebbin meyidi tapılanda isə onlar sovet tərəfinə iddia irəli sürməyiblər. V.Zorinin yazdığına görə, ingilis dalğıcı sovet desantı öldürüb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ